Xalq artisti Hacıbala Abutalıbovdan İnam Kərimova şikayət etdi

Xalq artisti Hacıbala Abutalıbovdan İnam Kərimova şikayət etdi
“Mən illərdir damda yaşayıram. Bunun günahkarı Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovdur. 10 ildir ki, bu mübahisə davam edir. O vaxt Ali Məhkəmə evimlə bağlı qətnamə çıxarsa da, bu günə qədər icra etmirlər. Çünki o vaxt icra strukturları hamısı Hacıbaladan qorxurdu”.

Bu sözləri Yenisabah.az-a xalq artisti Şeyx Əbdül Mahmudbəyov deyib.

Rejissor əlində məhkəmə qətnamələri olmasına baxmayaraq, sökülən evinin əvəzini ala bilmədiyini qeyd edib. O, Ali Məhkəmənin yeni sədri İnam Kərimova müraciət edib:

“İndi Ali Məhkəmənin sədri İnam Kərimovdur. İnam müəllimi təbrik edirəm və Xalq artisti kimi ona müraciət edirəm. Azərbaycan Konstitusiyasını pozan eks icra başçısı Hacıbala Abutalıbov məhkəmənin qətnamələrini illərdir icra etmir. Qanunla bu hərəkətinə görə ona cinayət işi düşür. Bu qətnamələri icra etməməyə görə 3,5,7 il iş düşür.

Mən boyda sənətkar əlimdə məhkəmə qətnamələri ola-ola damlarda yaşamalıyam? Ya gəlsin evimi alıb versin, ya da məhkəməyə gəlsin, razılığa gəlib evimi təmir etdirsin. Əgər bunları da eləmirsə 10 ildir məhkəmə qətnamələrini icra etmədiyi üçün ona cinayət işi açılsın. Mən öz haqqımı tələb edirəm, əlimdə məhkəmə qərarları var. Məhkəmənin qərarları müzakirə olunmur, qoyulmuş müddətdə icra olunur.

İnam müəllim, mən ağsaqqal sənət adamı kimi sizdən bu məsələ ilə maraqlanmağınızı xahiş edirəm. Bu gün Hacıbala Abutalıbov özü villalarında kef edir, amma mənim haqqımı vermir. Artıq dərdimi kimə deyim bilmirəm. Mən nə edim? Gedim Hacıbala Abutalıbovu öldürüm, ya vurub qapısını sındırıb deyim ki, çıx çölə, burada mən yaşayacam?! Ağsaqqal yaşımda cinayət törədim?! Bu nədir axı?

Bu işlərə baxan yoxdurmu? Yoxdursa, ərizələrini yazıb getsinlər, desinlər ki, biz işimizi icra edə bilmirik, vətəndaşları adam yerinə qoymuruq, vəzifələri paylamışıq. Mən qanuni haqqımı tələb edirəm. Buna bir əncam çəksinlər”.

Sənətçi problemi həll edilməzsə, beynəlxalq məhkəmələrə müraciət edəcəyini də açıqlayıb:

“Əgər bu problemim Azərbaycanda həll olunmasa, artıq beynəlxalq məhkəmələrə müraciət edəcəyəm, ya da vətəndaşlıqdan çıxacağam. Hacıbalanın restoranları, obyektləri, villaları var, məni isə küçədə qoyub. 10 il məni süründürdü, sonra mənə indi yaşadığım damı müvəqqəti yaşamaq üçün verdilər, dedilər ki, qanuni evin tikiləndə qaytarılacaq. İndi də qanuni evimi tikməyə icazə vermirlər, 10 ildir mən damda qalmışam. May ayında 80 yaşım olacaq, 80 yaşlı Xalq artistini bu cür incitmək olarmı? Şəhərin mərkəzində mənim 4 otaqlı evimi dağıdıb yerində park salıblar. Mən haqqım olan yeri metrə-metrə istəyirəm! Mənim nə günahım var axı? Halal, qanuni evimdir, dağıtmısansa, başqa yerdən ver.

İnam Kərimovdan xahiş edirəm, bu işə yenidən baxılsın”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
579 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...