Hacıbala Abutalıbov və İlqar Abbasov bir rayonu zəbt edib - Deputatdan ittiham
"Seçildiyim Suraxanı rayonunda 20 il ərzində dərəbəylik hökm sürüb. Açıq danışacam, bu rayonda 5 il icra başçısı işləmiş Hacıbala Abutalıbov və ondan sonra 14 il bir rayonda icra başçısı olmuş İlqar Abbasov nə qədər torpaq varsa satıb, zəbt ediblər”.
GUNDEMİNFO xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.
"Bunlara qoşulanlardan biri də 30 il Suraxanı rayonu Mənzil Kommunal İstismar Təsərrüfatı Birliyinin sədri Mais Məmmədov və Hacıbala Abutalıbovun qardaşının kürəkənidir. Rayonu 4 nəfər işğal edib. 220 min əhalisi olan rayonun bir peşə məktəbi yoxdur. Lakin onlarla pub, restoran, diskoteka var. Qaraçuxur və Yeni Günəşlini Hacıbala Abutalıbov, İlqar Abbasov və Mais Məmmədov hasara alıblar. Milyonlarla manata ev tikənlərə satırlar. Bu, vəzifə səlahiyyətlərindən sui-istifadədir. Həmin torpaqların necə zəbt olunması araşdırılmalıdır. Belə hallar başqa rayonlar üçün də xarakterikdir. Belə adamların əlindən bələdiyyələr zəlil olub”, deyə Etibar Əliyev bildirib.
Qeyd edək ki, Hacıbala Abutalıbov 16 fevral 1995-ci ildən 17 yanvar 2000-ci ilədək Suraxanı İcra Hakimiyyətinin başçısı olub. 2001-2018-ci illərdə Bakı meriyasına rəhbərlik edən Hacıbala Abutalıbov 2018-ci ilin 21 aprelindən 2019-cu ilin 21 oktyabrınadək Baş nazirin müavini vəzifəsini tutub.
İlqar Abbasov isə 2005-2019-cu illərdə Suraxanı İcra Hakimiyyətinin başçısı olub. O, 2019-cu ilin 12 noyabrından Şirvan Şəhər İcra Hakimiyyətinə başçılıq edir.
476 dəfə oxundu