Vasif Talıbovun “unikal idarəetmə modeli” – İnstitutun müəllimi özünü prorektor təyin edib - FOTO+SƏNƏD

Vasif Talıbovun “unikal idarəetmə modeli” –
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefasından sonra onun muxtar respublikaya rəhbərlik etdiyi dövrdə baş verən qanunsuzluqlar ortaya çıxarılır. “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyən Vasif Talıbov Naxçıvana rəhbərlik etdiyi dövdə heç kimlə hesablaşmaq istəməyib, heç kimi eşitməyib və öz bildiyini edib. Sabiq sədrin işə bu cür yanaşması əksər hallarda ciddi qanun pozuntularına səbəb olub.

Vasif Talıbovun dövründə Naxçıvada yol verilən qanunsuzluqlar, özbaşınalıqlar barədə redaksiyamıza hər gün yeni məlumatlar daxil olur. Bu gün təqdim edəcəyimiz faktlar isə həm acınacaqlıdır, həm də gülməli. Yəqin ki, buna bənzər hadisənin dünyada analoqu olmayıb və heç olmayacaq da. Həmin hadisə Naxçıvan Müəllimlər İnstitutunda baş verib.

TNS-ə özəl mənbələrdən daxil olan məlumata görə, Naxçıvan Müəllimlər İnstitutunun müəllimi Kamal Camalov 11 iyun 2018-ci il tarixdə özünü institutun tədris və tərbiyə üzrə prorektoru vəzifəsinə təyin edib. Onun bu institutun prorektoru vəzifəsini icra etməsinə Vasif Talıbov razılıq verib, Ali Məclis sədrinin birinci müavini Azər Zeynalov isə onu kollektivə təqdim edib. Kamal Camalov bu vəzifəyə səlahiyyətli orqanın heç bir qərar, sərəncam və əmri olmadan “təyin edilib”. Rəsmi sənədlə bu vəzifəyə təyin olunmayan Kamal Camalov yeddi aydan çox müddətdə bu vəzifənin əməkhaqqını alıb, Naxçıvan Müəllimlər İnstitutuna qeyri-rəsmi şəkildə rəhbərlik edib.

Vasif Talıbovun “unikal idarəetmə modeli” –


Məlumatlara görə, əvvəlki rektor dünyasını dəyişdikdən sonra institutun möhürü heç bir akt tərtib edilmədən Kamal Camalova verilib, ali təhsil müəssisəsinə rəhbərlik etmək qeyri-qanuni şəkildə ona həvalə olunub.

Qeyd edək ki, Azərbaycan dövlət ali təhsil müəssisələrinin prorektorlarını Azərbaycan Respublikasının təhsil naziri (indiki elm və təhsil naziri) vəzifəyə təyin və vəzifədən azad edir.

“Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin” Nümunəvi Nizamnaməsinin 4.15-ci maddəsində yazılıb: “Hər bir ali təhsil müəssisəsinin sayı həmin ali təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilmiş prorektorları vardır. Prorektorları, ali təhsil müəssisəsinin təqdimatı əsasında tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə təyin edir. Rektor olmadıqda, ali təhsil müəssisəsinin fəaliyyətinə rəhbərliyi tabe olduğu dövlət orqanı (qurumu) və ya bələdiyyə tərəfindən müəyyən edilən prorektor həyata keçirir”.

Vasif Talıbovun tapşırığı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı heçə sayılaraq Naxçıvanın Nazirlər Kabineti qərar qəbul etmiş, muxtar respublikadakı ali məktəblərin prorektorlarının təyin edilməsi səlahiyyəti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə verilmişdi.
Vasif Talıbovun “unikal idarəetmə modeli” –


Maraqlıdır ki, Kamal Camalovu bu vəzifəyə heç Ali Məclisin sədri də təyin etməyib. Əgər belə olsa, ortada sərəncam olar. Kamal Camalovun Naxçıvan Müəllimlər İnstitutunun prorektoru vəzifəsinə təyin edilməsi barədə nə təhsil nazirinin əmri, nə də Ali Məclis sədrinin sərəncamı var. Göründüyü ki, Kamal Camalov aylarla qanunsuz şəkildə instituta rəhbəlik edib, əməkhaqqı alıb, qərarlar verib. Bu, çox ciddi məsuliyyət yaradan qanun pozuntusudur. Onun instituta “rəhbərlik etdiyi” dövrdə qəbul olunan qərarların heç bir hüquqi qüvvəsi yoxdur. Həmin qərarlar ləğv edilməli, qanunsuz şəkildə ödənilən vəsaitlər büdcəyə geri qaytarılmalıdır. Bu qanunsuzluğun törədilməsində iştirak edən yüksək vəzifəli şəxslər də cəzalandırılmalıdır.

Faktı Naxçıvan Müəllimlər İnstitutundan TNS-ə təsdiqləyiblər.

Mənbəmizin bildirdiyinə görə, yaxşı haldır ki, artıq Naxçıvan Müəllimlər İnstitutunda belə neqativ hallar baş vermir. İnstitut mövcud qanunlar əsasında idarə olunur, təhsilin və tədrisin keyfiyyəti yüksəldilir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
403 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...