Fantastik daşıma qiymətləri - “Azərpoçt“ biznesin inkişafına necə zərbə vurur?
Azərbaycanda dövlətin iqtisadiyyatdakı rolu daha çox nəzarətedici xarakter daşıyır. Bu modelə üstünlük verən ölkələrdə dövlət özü iqtisadiyyatda iştirak etmir, iqtisadi münasibətləri tənzimləyir, ona nəzarət edir.
Ancaq bəzi hallarda bir sıra nazirlik və digər qurumların tərkibində fəaliyyət göstərən Məhdud Məsuliyyətli Cəmiyyət (MMC) statuslu dövlət şirkətləri biznesdə iştirak edir. Bu MMC-lər dövlət subsidiyaları ilə fəaliyyət göstərirlər. Onlar gəlir əldə edə bilərlər, ancaq gəlirlə işləmədikləri müddətcə dövlət büdcəsindən onlara vəsait ayrılır, hər hansı yeni bir texnologiya, yeni layihələrlə bağlı ideyalar olarsa, dövlət tərəfindən maliyyələşir. Sadə dildə desək, dövlət, biznes qurumlarından topladığı, vətəndaşlardan aldığı vergi hesabına formalaşan dövlət büdcəsi ilə belə MMC-lərə pul ayırır.
Ancaq bəzən bu MMC-lər özləri biznes qaydalarını pozur, dövlət büdcəsindən aldıqları subsidiyalar hesabına bazara dempinq etməklə məşğul olurlar. Bu baxımdan Azərpoçt MMC-nin fəaliyyəti xüsusilə diqqəti çəkir.
Belə ki, Azərbaycanda son 6 ildə populyarlaşmağa başlayan biznes sahələrindən biri də xarici ölkələrdən daşıma xidmətidir. Azərbaycanda vətəndaşların xarici ölkələrin elektron kommersiya saytlarından aldıqları məhsulun ölkəyə daşınmasını həyata keçirən 100-ə yaxın şirkət var. Bu sahədə azad rəqabət olduğu üçün həm biznesin inkişafına zəmin yaranır, həm də daşıma xidmətinin özü günü-gündən inkişaf edir. Təbii ki, bu kimi şirkətlər poçt xidmətləri sahəsinə aid olduğu üçün bu sahədə fəaliyyət göstməyə görə lisenziyanın alınması vacibdir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tərkibində fəaliyyət Azərpoçt MMC bir neçə ay öncə digər şirkətlər kimi müştərilərin "Trendyol", "Amazon", "Hepsiburada" və s. elektron ticarət saytlarından aldıqları məhsulu ölkəyə gətirməyə başladı. İlk baxışdan burda qəribə bir şey yoxdur. Bu, gəlir əldə edə bilən bir dövlət şirkətinin öz profilinə çox da yad olmayan bir sahədə fəaliyyətidir.
Ancaq son zamanlar görünür ki, Azərpoçt MMC dövlətdən aldığı subsidiyalar hesabına bazar qaydalarına süni maneələr yaradır, qiymət siyasətinə ciddi zərbələr vurur. Belə ki, bu qurum bu günə qədər görünməyən qiymətlərlə xidmət göstərir. Belə ki, Türkiyədən 1 kq ağırlığında yük üçün daşınma qiyməti 2 ABŞ dollarıdır.
Kiçik bir araşdırma etdikdə məlum olur ki, bu qiymətə Türkiyədən məhsul daşımaq gətirilən yükün həcmindən asılı olmayaraq zərərlə işləmək deməkdir. Özəl biznes qurumları bu qiymətə indiyə qədər məhsul daşımayıb. Çünki onların ayın sonunda əməkdaşlara əmək haqqı vermək, dövlətə vergi ödəmək və qazanc əldə etmək öhdəlikləri var. Ancaq görünən odur ki, Azərpoçt MMC-nin belə bir öhdəliyi yoxdur. Çünki ayın sonunda əməkdaşların əmək haqlarını dövlət büdcəsindən ödəyir. Bu qurum gəlir əldə etməsə, zərərlə işləsə belə dövlətdən subsidiya alacaq. Bununla nə özəl sektorun inkişafına şərait yaradılır, nə də özləri qazanc əldə edirlər.
Bu yaxınlarda bu formada bazara qiymət dempinqi edən, rəqabət şəraitini pozan beynəlxalq taksi aqreqatoru platforması kimi fəaliyyət göstərən “Bolt” şirkətinin Azərbaycan nümayəndəliyi külli miqdarda cərimələndi. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin yaydığı açıqlamada qeyd olunurdu ki, “Bolt Services AZ” MMC-nin onunla eyni bazarda fəaliyyət göstərən və ya həmin bazara daxil olmaq istəyən digər bazar subyektlərinin təsərrufat qərarlarının qəbuluna qanunsuz təsir göstərib və bununla da “Haqsız rəqabət haqqında” Qanunun tələblərini pozub.
Ancaq görünən odur ki, dövlət şirkəti olaraq Azərpoçt MMC-də qanunun tələblərinə əməl etmir.
Maraqlıdır, bəs nədən eyni sanksiya "Azərpoçt"a tətbiq olunmur?
Bakupost.az
433 dəfə oxundu