“Yeni Azərbaycan” qəzeti ətrafında qalmaqal davam edir

 “Yeni Azərbaycan” qəzeti ətrafında qalmaqal davam edir


Məhkəmə iclası 20 fevral 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək

Məlum olduğu kimi, tanınmış jurnalist Qaşqay Ziyəddinoğlu qanunsuz olaraq işdən çıxarıldığı üçün Yeni Azərbaycan Partiyasının rəsmi mətbu orqanı olan “Yeni Azərbaycan” qəzetini məhkəməyə vermişdi. 30 noyabr 2022-ci il tarixində jurnalistin “Yeni Azərbaycan” qəzetinə qarşı iddiası əsasında Nərimanov Rayon Məhkəməsinin hakimi Aytən Novruzovanın sədrliyi ilə keçirilən iclasda Qaşqay Ziyəddinoğlunun işdən azad edilməsi haqqında qərarın ləğvi, işə bərpa olunması və isburaxma dövrü üçün əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılmışdı.

Qaşqay Ziyəddinoğlunun verdiyi məlumata görə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Alqış Musayev məhkəmənin çıxardığı qətnaməni bir kənara qoyaraq və müxtəlif yollara əl ataraq yenə də onu işə bərpa etməkdən imtina edir: “Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli e-2(005)-3758/2022 saylı qətnaməsi rəsmi olaraq dekabrın 16-da mənə və cavabdeh tərəfin nümayəndəsinə təqdim edilib. 2022-ci ilin dekabrın 26-da “Yeni Azərbaycan” qəzetinin əməkdaşı mənə zəng edərək, baş redaktor Alqış Musayevin adından “Sizi işə o şərtlə bərpa edirik ki, işburaxma dövrü üçün yalnız 3–4 aylıq əməkhaqqı ödəyəcəyik” şəklində absurd təklif çatdırdı. Bu təklifin qarşılığında mən məhkəmənin qətnaməsində əks olunan qərarın tam şəkildə yerinə yetirilməsində israrlı olduğumu bildirdim. Bundan iki həftə sonra öyrəndim ki, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru tutduğu vəkili vasitəsilə Nərimanov Rayon Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli qətnaməsindən Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verib”.

Xatırladaq ki, 17 yanvar 2023-cü il tarixində icraata götürülən şikayət ərizəsi əsasında 2(103)-1586/2023 saylı iş üzrə baxış iclası 20 fevral 2023-cü ildə Bakı Apellyasiya Məhkəməsinin hakimi Məhəmməd Rüstəmlinin sədrliyi ilə keçiriləcək.

Məlumat üçün bildirək ki, tanınmış jurnalist, siyasi elmlər üzrə fəlsəfə doktoru Qaşqay Ziyəddin oğlu Ramazanov 30 ilə yaxın ölkənin müxtəlif mətbuat orqanlarında çalışmış, 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...