“Cibgir Sevda”ya 7 il iş verildi

“Cibgir Sevda”ya 7 il iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluğa və cibgirliyə görə dəfələrlə məhkum olunmuş Şirvan şəhər sakini, 1964-cü il təvəllüdlü Sevda Qənbərovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Eynulla Vəliyev sədrlik edib. Prosesdə hökm oxunub. Hökmə görə, S.Qəmbərova 7 il müddətinə azadlıqdan məhrum edilib.

İstintaqla müəyyən edilib ki, Sevda Qənbərova sonuncu dəfə törətdiyi oğurluq cinayətinə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. Cəzasının çəkilməmiş hissəsindən (7 ay 9 gün) Xətai Rayon Məhkəməsinin 5 iyun, 2014-cü il tarixli qərarına əsasən vaxtından əvvəl şərti olaraq azad edilib. Cəmisi 4 ay azadlıqda olan Sevda Qənbərova yenidən cibgirliyə əl atıb. O, 19 noyabr, 2014-cü ildə günorta saatlarında “8-ci km bazarı”nda Səbirə Dəmirovanın çantasından içərisində cəmisi 41 manat olan pul qabını oğurlayıb.

Nizami Rayon Polis İdarəsi (RPİ) 24-cü polis bölməsinin əməkdaşları tərəfindən hadisə yerində yaxalanan S.Qənbərova cinayət əməlini başa çatdıra bilməyib.

Təqsirləndirilən şəxs qismində dindirilən Sevda Qənbərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində oğurluq etdiyinə görə məhkum olunduğunu, 5 il cəza aldığını, cəzasını çəkib qurtarandan sonra azadlığa buraxıldığını göstərib: “Həmin gün avtobusla Bakıya gəldim. “Vosmoy bazarı”ndan özümə paltar almaq istəyirdim. Bazarda olarkən tanımadığım bir qadının meyvə-tərəvəz satılan piştaxtaya yaxınlaşdığını gördüm. Həmin qadına yaxınlaşıb yavaşca çantasını açdım. Onun xəbəri olmadan çantanın içərisindəki pul qabını götürdüm və dərhal oradan uzaqlaşdım. Oğurluq etdiyimi heç kim görmədi. Çünki ətrafda olan şəxslərin başı öz işinə qarışmışdı. Əgər oğurluq etdiyimi görən olsaydı, bunu heç vaxt etməzdim.

Amma 15-20 metr aralanmışdım ki, iki nəfər mülki geyimli polis əməkdaşları mənə yaxınlaşdılar, özlərini təqdim etdilər. Çantasından oğurluq etdiyim qadın da onların yanında idi. Pul qabını oğurladığımı etiraf etdim. Məni bölməyə dəvət etdilər. Bölmədə məlum oldu ki, pul qabının içərisində 41 manat 65 qəpik var imiş...”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
2312 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...