Xədicə İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi prosesdə Xədicə İsmayılovaya hökm oxunub. Hökmə əsasən, X. İsmayılova 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Xatırladaq ki, dövlət ittihamçısı Ramazan Hadıyev Xədicə İsmayılovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumata görə, “Azadlıq Radiosu” və “Meydan" TV teleradio şirkətində müxbir vəzifəsində işləmiş Tural Mustafayevin özünü öldürməyə cəhd etməsi faktına görə Səbail Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. T. Mustafayev Baş Prokurorluğa müraciət edərək, “Azadlıq Radiosu”nun Bakı ofisində jurnalist işləyən və onunla uzun müddət yaxın münasibətlərdə olmuş İsmayılova Xədicə Rövşən qızı tərəfindən ona qarşı təzyiq və təqiblər edilməsi, mütəmadi olaraq şərəf və ləyaqətinin alçaldıldığına görə özünü öldürmə həddinə çatdırılması ilə əlaqədar barəsində müvafiq tədbirlərin görülməsini istəyib. Səbail Rayon Məhkəməsinin 5 dekabr tarixli qərarı ilə X. İsmayılova barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Həmin müddət bir neçə dəfə uzadılıb. Daha sonra Xədicə İsmayılovaya qarşı yeni ittihamlar irəli sürülüb. O, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri üzrə də təqsirləndirilir.
1302 dəfə oxundu