Azərbaycanda tanınmış vəkilin anası qətldə ittiham olunur
Tanınmış vəkil Elçin Sadıqovun anası Sahibə Həsənova Avropa çempionu Azad Məmmədovu haqsız yerə həbs etdirməkdə, Elsevər Əliyev adlı şəxsi isə öldürtməkdə ittiham edilir.
APA-nın məlumatına görə, sözügedən şəxslərin yaxınlarının keçirdiyi mətbuat konfransında çıxış edən E. Əliyevin atası İsmayıl Əliyev qeyd edib ki, oğlu 2005-ci ildə itkin düşüb və 10 ildir ki, tapılmır. Onun sözlərinə görə, oğlu Sahibə Həsənova ilə birlikdə kiçik ticarətlə məşğul olub: "Oğlum Sahibə Həsənova ilə qeyri-rəsmi nikahda yaşayırdı. Mənim oğlum bu qadının çirkin əməllərini bildiyinə görə, öldürülüb. Bu, planlaşdırılmış qətl olub. Sahibə Həsənova kürəkəni Vüqar Yusifovla əlbir olub oğlumu qətlə yetiriblər. Oğlumun meyiti Bərdə rayonunda tapılıb və mənə bildirdilər ki, bu, sizin oğlunuzun meyitidir. Amma meyiti yoxlamadılar, məni meyitlə üzləşdirmədilər. Məni aldatdılar ki, guya İnterpol xətti ilə axtarışa veriblər. Sahibə Həsənova izi azdırmaq üçün oğlumun pasportunu tanıdığı adamla İrana keçirib və onun sənədləri İrandan tapılıb. Hüquq-mühafizə orqanları oğlumu itkin düşmüş şəxs kimi elan etsə də, biz əminik ki, onu Sahibə Həsənova qətlə yetirib. Amma nədənsə prokurorluq orqanları bu işin açılmasında maraqlı deyillər".
S. Həsənovanın qızı Gülxar Sadıqova da öz anasını E. Əliyevin qətlində ittiham edib: "Mən yoldaşım Vüqar Yusifovdan ayrılmışam. 2014-cü ildə yoldaşımla aramızda mülkiyyət bölgüsü vardı. O, təzyiq edirdi ki, məni həbs etdirəcək. Bir dəfə əsəbi halda dedi ki, anan Elsevəri öldürdü, sən də məni öldürəcəksən. Mən təxmin edirdim ki, anam Elsevər Əliyevi yoldaşımla əlbir olaraq öldürüb. Buna görə də polisə bu barədə anonim məktub yazdım. Anam mənə tapşırdı ki, səndən nə soruşsalar, denən ki, bilmirəm. Bunu yəqin ki, Vüqar Yusifov deyirdi. Sonra anonim şikayətin müəllifi olduğumu deyəndə, məni dəli kimi qələmə verməyə çalışdılar".
G. Sadıqova qeyd edib ki, qardaşı, vəkil Elçin Sadıqov anası ilə əlbir olaraq ondan məhkəməyə şikayət edib və onun adını ləkələməyə çalışıblar.
Şikayətçi Bəsti İsmayılova də çıxışında S. Həsənovanı dələduzluqda ittiham edib. O, S. Həsənovanın ona külli miqdarda maddi ziyan vurduğunu və ona qarşı dələduzluq etdiyini qeyd edib. Şikayətçilər məsələ ilə bağlı ölkə başçısına müraciət edəcəklərini deyiblər. Vəkil Elçin Sadıqov isə APA-ya açıqlamasında bildirib ki, həmin şəxslər orada adı çəkilən Azad Məmmədov tərəfindən idarə olunurlar: “Onların danışdıqlarının heç bir əsası yoxdur. Bu mənə qarşı təşkil olunan kampaniyadır. Mən həmin cinayət işi ilə tanış olmuşam. Orada danışan adamlar 2009-cu ildə Azad Məmmədovun dələduzluq əməlləri ilə bağlı ərizə yazıblar. Bütün bunlar əlyazma şəkilindədir. Həmin sənədləri yaxın vaxtlarda sosial şəbəkədə paylaşacağam ki, hər kəs oxusun”.
E. Sadıqov bacısı Gülxar Sadıqovanın isə psixi pozğunluqları olduğunu və ondan imtina etdiklərini bildirib: “O, bir neçə ilə əvvəl yol qəzasında travma alıb. Hazırda psixoloji problemləri var. Biz ondan imtina etmişik. O, evə qayıtmaq üçün bu cür vasitələrdən istifadə edir. Lakin bu heç vaxt baş verməyəcək”.
Xatırladaq ki, Azad Məmmədov 2009-cu ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.
1114 dəfə oxundu