Amerika banklarını soydular - yüz milyonlarla dolları Azərbaycan və Kipr banklarında "yudular"

Amerika banklarını soydular -


ABŞ prokurorluğu məşhur JPMorgan bankı və Dow Jones əmtəə birjası da daxil olmaqla onlarla bankın və şirkətin hesablarından yüz milyonlarla dollar ələ keçirmiş hakerlərə rəsmi ittiham elan edib.

Söhbət tarixin ən böyük kibercinayətindən və bank soyğunundan gedir. Bu sensasion cinayət işi haqda xəbərləri Amerikanın əksər nüfuzlu KİV-ləri, o cümlədən "The Wall Street Journal" və "Bloomberg" manşetlərdən veriblər. İşin daha da sensasion tərəfi odur ki, kibercinayətkarlar oğurladıqları yüz milyonlarla dolları Azərbaycan bankları üzərindən "yuyublar".

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu iş üzrə hələlik üç nəfərə rəsmi ittiham elan edilib. Onlardan ikisi İsrail, biri ABŞ vətəndaşıdır. Onlar onlarla şirkətdən və bankdan 100 milyondan çox müştərinin şəxsi məlumatlarını, hesab nömrələrini ələ keçirməkdə, yüz milyonlarla dollar oğurlamaqda ittiham olunurlar.

Amerika banklarını soydular -


Manhetten və Atlanta federal prokurorları bildirir ki, ittiham olunan şəxslər geniş beynəlxalq şəbəkənin tərkibində fəaliyyət göstəriblər, 100 milyondan çox müştərinin şəxsi məlumatlarını ələ keçirərək bunun sayəsində yüz milyonlarla dollar qanunsuz gəlir əldə ediblər.

İş doğrudan da qlobal xarakter daşıyır. Cinayətkarlar Cənubi Afrika Respublikasının və Braziliyanın kompüter şəbəkələrindən istifadə ediblər, oğurlanan pullar Kipr üzərindən yuyulub, kredit kartları üzrə qanunsuz ödənişlər isə Azərbaycan bankları üzərindən həyata keçirilib.

Beynəlxalq cinayətkar qruplaşmanın təşkilatçısı və ilhamvericisi 31 yaşlı İsrail vətəndaşı Ceri Şalondur. Onun İsveçrə və digər ölkələrin banklarında qanunsuz yollarla əldə etdiyi 100 milyon dollara yaxın vəsaiti aşkar edilib. Həmçinin 40 yaşlı İsrail vətəndaşı Ziva Orenşteynə və 31 yaşlı ABŞ vətəndaşı Coşua Erona da ittiham elan edilib. O, Moskvada yaşayır.

Şəxsi məlumatların oğurlanması və qanunsuz yollarla əldə edilmiş pulların yuyulması ilə yanaşı cinayətkarlar bütün dünya üzrə ən azı 12 qanunsuz online-kazino da işlədiblər. İş üzrə dördüncü fiqurantın da adı məlumdur. O, bu ilin əvvəlində lisenziyasız elektron pul birjası açmaqda ittiham olunan Entoni Murxiodur. Hesab edilir ki, əslində onun online ticarət palatası Şalona məxsus idi və bu palata üzərindən oğurluq pullar yuyulurdu.

Amerika banklarını soydular -


Gözlənilir ki, şəbəkənin yüzlərlə digər üzvünə qarşı da tezliklə ittihamlar irəli sürüləcək.

Hakerlər JPMorgan bankının kompüter şəbəkəsini ötən il sındırıblar. Onlar müştərilərin adlarını, ünvanlarını, bank hesablarını və digər məlumatlarını ələ keçiriblər. Nəticədə bankın 83 milyon müştərisi zərər çəkib, onlardan 76 milyonu ev təsərrüfatı, qalanları xırda biznes nümayəndələridir. Məlum olub ki, hakerlər bankın kompüter şəbəkəsinə Misirdə yerləşən server üzərindən daxil olublar. Bu məqsədlə onlar Misirdə başqa şəxsin adına server icarə götürüblər, banka haker hücumu haqda ilk xəbər yayılan kimi icarə müqaviləsi 2014-cü ilin avqustunda ləğv edilib.

Amerika banklarını soydular -

Hakerlər və onların əlaltıları ondan çox ölkədə fəaliyyət göstəriblər. Onlar 2012-ci ildən 2015-ci ilin ortalarına qədər bank müştərilərini və brokerləri soyaraq pulları saxta adlarla açdıqları hesablara köçürüblər. Prokurorlar bildirir ki, cinayətkarlar pulları yumaq üçün dünyanın hər yerində 75 şirkətdən, bank hesablarından və broker şirkətlərindən istifadə ediblər. Cinayətkarların əməllərinə habelə qiymətli kağızlarla dələduzluq da daxildir.

Şalon və Orenşteyn bu ilin iyul ayında İsraildə həbs olunublar, Eron isə azadlıqdadır. İttiham aktının daha geniş təfərrüatları hələ məlum olmadığından yüz milyonlarla dolları ələ keçirən beynəlxalq şəbəkənin Azərbaycanda hansı bankdan istifadə etdikləri məlum deyil.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1074 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...