Mübariz Qurbanlı: “Cin şüşədən buraxılmayıb..” - MÜSAHİBƏ
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mir Şahin Ağayevə müsahibə verib.
Axar.az xəbər verir ki, Mübariz Qurbanlı müsahibəsində son zamanlar cəmiyyətin diqqət mərkəzində olan bəzi məsələlərə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik.
- Mübariz müəllim eşitmişəm ki, falçılarla səlib yürüşünə başlamısız. Yəni Azərbaycan dövlətinin indi ən böyük problem falçılardır?
- Əslində, sualda cavab var idi. Xurafata qarşı mübarizə həmişə olub və bu gün də davam etməlidir. Falçılıq xurafatdır. Cinayət məcəlləsində dələduzluq maddəsi var. Falçılıq və ekstrasenslik adı altında insanların etimadını qazanıb, onları aldadanlara qarşı dələduzluq maddəsindən istifadə olunur. Ancaq bəzi ölkələrdə konkret olaraq, falçılıq, yalançı ekstrasenslik və cadukarlıq kimi əməllərə görə, bu maddə ilə həm inzibati xətalar məcəlləsində, həm də cinayət məcəllələrində müvafiq müddəalar var. Bu, əlbətdə ki, hüquqi bir sahədir. Mən isə dedim ki, maarifləndirmə yolu ilə xurafata qarşı hərtərəfli mübarizəmizi aparmalıyıq. Burada söhbət nə isə qadağadan getmir. Söhbət buna qarşı mübarizədən gedir. İnsanlarımız bir şeyi anlamalıdır ki, falçılıq, cadugərlik, saxtakar ekstrasens fəaliyyəti nə dinə, nə də ki, dünyəviliyə aiddir.
- Əlbəttə, başqa cür ola da bilməz. Aşura necə keçdi? Razı qaldız?
- Bilirsiz, Aşura Azərbaycanda ənənəvi olaraq qeyd olunur və bundan sonra da yəqin ki, ənənəvi olaraq qeyd olunacaq. Ancaq Aşura zamanı bəzən görürsən ki, bu ad altında dindən öz məqsədləri üçün istifadə etmək istəyənlər qeyri-qanunu hərəkətlərə yol verirlər. Mən sizə deyim, bu dəfədəki Aşurada monitorinq zamanı müəyyən olundu ki, bəzi yerlərdə Qafqaz Müsəlmanlar İdarəsinin fitvasına zidd olaraq, küçələrə çıxaraq, yürüş etmək istəyənlər olub. Amma əslində bu cür yürüşlərin edilməsinə ehtiyac yoxdur. Müxtəlif bayraqlar götürərək, kütləvi şəkildə bir yerdən başqa yerə getmək və s. kimi hərəkətlərə yol verilib. Əlbətdə bunlar məqsədə uyğun deyil. Çünki, Azərbaycanda bayraq haqqında, sərbəst toplaşma, azadlıq haqqında qanun var. Bu proses də qanunlara uyğun getməlidir. Aşuranın ümumi gedişinə nəzər salsaq isə görərik ki, zəncir vurmaq, qan çıxartmaq kimi hallar minumuma enib. Qanuna zidd hərəkət edənlərə qarşı isə müvafiq addımlar atılıb.
- Mübariz müəllim, Gəncədə baş verənlərə münasibətiniz necə oldu?
- Gəncədə bir qrup şəxs Şah Abbas məscidinə gələrək, buradan İmamzadəyə yürüş etmək istəyib. Əvvəlcədən isə İmamzadənin ətrafında Aşuranın qeyd olunması üçün şərait yaradılmışdı. Bu insanlar isə yürüş etmək niyyətində olublar. Bunun qanuna zidd olduğu üçün Gəncə şəhər icra başçısı həmin insanlara xüsusi avtobuslar ayırıb ki, bununla İmamzadəyə getsinlər. Bəziləri isə inanclı insanlardan sui istifadə edərək polislə qarşıdurma yaratmaq istəyib. Amma bunun qarşısı alınaraq, məsələ yoluna qoyulub. Səhəri günü isə Gəncədə Şah Abbas məscidi və İmamzadədə İmam Hüseyinlə bağlı mərasim keçirilib.
- Bakıda da bir neçə gün bundan öncə nəsə hadisə olmuşdu deyəsən?
- Bu məsələnin dinə aidiyyəti yoxdur. Əgər kimsə qanunu və asayişi pozursa və həmin şəxs məscidə gedib-gəlirsə bunu dinə aid etmək olmaz. Bir də görürsüz ki, qeydiyyatı olmayan və rəsmləşməyən bir dini təşkilat yaradılır. Belə təşkilatlara bəyanat yayamaq və söz deməyə kim icazə verir? Azərbaycanda din adından fitva vermək hüququ ancaq Qafqaz Müsəlmanlar İdarəsinə adiddir. Özündən uydurma təşkilat yaradıb, Azərbaycan İslam camiəsi adından çıxış etmək heç kəsə verilməyib.
- Radikal dini cərəyanlarla bağlı vəziyyət nə yerdədir?
- Dini radikalizmə qarşı mübarizə hər yerdə gedir. O cümlədən Azərbaycanda da. Dini radikalizm nədir? Radikalizm – “Qurani- Kərim”dən uzaqlaşmaq, əhli-sünnənin müəyyən etdiyi sünnətdən uzaqlaşmaq, Peyğəmbər (s.ə.v.s) qoyduğu yoldan uzaqlaşmaq, öz başına bu və ya digər hədisləri təhrif etmək, dini siyasiləşdirmək və mənəvi aləmdən uzaqlaşdırmaqdır. Nəticədə isə qarşıdurmaya, qan tökülməsinə və böyük faciələrə səbəb olur. Bu faciələri görmək üçün isə çox da uzağa getmək lazım deyil. Yaxın Şərqə baxmaq kifayətdir. Ağıllı insanlar başqalarının səhvindən nəticə çıxarır. Yalnız axmaqlar öz axmaqlıqlarını dəflərlə təkarar edirlər. Ona görə də Azərbaycanda dini radikal qruplara qarşı mübarizə yalnız dini komitənin işi deyil, o cümlədən medianın və bütün ziyalıların işidir.
- Düzdür, medianın da işidir. Bu birabaşa Milli Təhlükəsizlik Nazirliyinin işi idi. Belə gizli radikallarla, dini təşkilatlarla iş aparmaqla məşğul olub-olmayan qurumun rəhbərliyi bizneslə məşğul idi. Ona görə də adamların, şəxsən mənim içimdə belə bir narahatlıq var ki, milli təhlükəsizlik kimi çox həssas bir sahədəki vəziyyətdən narahat olmağa dəyər mi? Yoxsa biz rahat nəfəs sala bilərik? Belə bir söhbət var ki, cini artıq şüşədən buraxıblar və onu geri qaytarıb, salmaq mümkün deyil.
- Məncə, yanlış bir fikirdir. Cin şüşüdən buraxılmayıb və heç vaxt da buraxılmayacaq. Siz də, biz də tariximizi gözəl bilirik. Hər hansısa bir vəzifəli şəxsin işindəki nöqsanlar və vəzifədən uzaqlaşdırılması bütövlükdə o quruma aid edilə biləməz. Bu gün MTN və onun işçiləri, (hansı ki, orada bir, iki və ya on adamdan söhbət getmir) onlar dövlətə sadiqdir və fəaliyyətini davam etidirir. MTN-ə gətirilən yeni işçilər bu situasiyanı nəzarətdə saxlayır və fəaliyyətlərini də bu istiqamətdə davam etdirirlər. MTN-də terror və dini radikal qruplarla iş aparan qurumların işləri bir an belə dayanmayıb. Çünki bu bir dövlətdir və dövlət qurumlarında fasiləliyə yol verilmir.
1252 dəfə oxundu