14 yaşlı qızın qaçırılma iddiası haqda - DİN-dən açıqlama
Goranboyda 14 yaşlı qızın ailəsi övladlarının həmkəndliləri tərəfindən evlənmək məqsədilə qaçırıldığını bildirir.
Rayonun Goranlı kənd bələdiyyəsindən “Qafqazinfo”ya verilən açıqlamada bildirilib ki, 14 yaşlı Aynur (şərti) ilə 24 yaşlı Cavid (şərti) bir-birini seviblər. Bir müddət əvvəl qızın ailəsi xəbər tutub və buna qarşı çıxaraq Aynurun istifadə etdiyi telefonu ondan alıblar.
İddiaya görə, 14 yaşlı qız bundan sonra Cavidə xəbər göndərib ki, gəlib onu qaçırtsın. Lakin oğlan hələ tez olduğunu deyərək imtina edib. Bir neçə gün sonra Aynur evdən gizlicə paltarlarını götürərək Cavidgilə gedib, artıq onlarda yaşayacağını bildirib.
Hadisə ilə bağlı “Qafqazinfo”nun sorğusuna cavab olaraq DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib ki, rayonun Goranlı kəndində 14 yaşlı qızın qaçırılması barədə polisə müraciət daxil olub: “Polis əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yeniyetmə qızın yeri müəyyən edilib. Müvafiq araşdırma zamanı müəyyən edilib ki, qaçırılma hadisəsindən söz gedə bilməz. Yeniyetmə xanım öz istədiyi həmkəndlisinin evinə gələrək evlərindən qaçdığını bildirib. Polis əməkdaşları həmin qızı ailəsinə təhvil verib. Araşdırmalar davam etdirilir”.
658 dəfə oxundu