“İsgəndər”in atılması Rusiyanın mesajı idi? - Brayzadan şok

“İsgəndər”in atılması Rusiyanın mesajı idi? -

Moderator.az ATƏT-in Minsk Qrupunun keçmiş həmsədri, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, Atlantik Şuranın (Atlantic Council) böyük elmi işçisi Metyu Brayzanın Axar.az-a müsahibəsini təqdim edir.

– Şuşaya İsgəndər-M raketlərinin atılması ilə bağlı faktlara münasibətinizi öyrənmək istərdik...

– “İsgəndər” raketi yüksək keyfiyyətli və böyük imkanlara malik raketdir. Ermənistanın müharibə dövründə Gəncə və Bərdədə mülki insanları hədəf aldığı “Skad” və “Toçka” raketlərindən fərqli olaraq, bu raket daha ağır, buna görə daha ölümcüldür, daha dəqiqdir və daha uzun məsafəyə uça bilir. Hərbi mütəxəssislər və analitiklər “İsgəndər” raketlərindən istifadəni yeni bir döyüş fazası kimi qəbul edirlər, yəni bu silahdan istifadə edən tərəf qarşı tərəfə bütün gücü ilə hücum etdiyini göstərir. Bu vəziyyətdə sözügedən raketlər əhalinin yaşayış mərkəzlərinə atıldı. Bu, müharibənin gedişatını dəyişdirmədi, ancaq təəssüf ki, azərbaycanlı mülki insanları terrora məruz qoydu.

Unutmayaq ki, 2008-ci ilin avqust ayında Rusiya Gürcüstana hücum zamanı “İsgəndər” raketlərindən istifadə etmişdi. Yəni bu raketlərin döyüşdə istifadə olunduğunu ilk dəfə eşitmirik. Artıq Ermənistanın Azərbaycana ən azı iki “İsgəndər” atdığı yəqinləşib və bu xəbər özlüyündə sürpriz olmadı, çünki “İsgəndər”ləri atan erməni əsgərlərinin video görüntülərini görmüşdüm.

Sürpriz olan budur: hərbi ekspertlər tərəfindən Rusiya və Ermənistanın Ermənistandakı “İsgəndər”lərə birgə nəzarəti davam etdirdikləri barədə məlumat təsdiqlənib. Onda belə çıxır ki, Ermənistan tərəfi bu raketdən istifadə edibsə, Rusiyanın icazəsi olub? Və bu, ümumiyyətlə niyə baş verib? Hər iki raket müharibənin sonlarına yaxın atıldı. Bəlkə bu, Rusiyanın Azərbaycana hərbi əməliyyatları Şuşadan kənara çıxarmaması üçün mesajı idi? Bilmirəm.

Erməni generalı Akopyan (Baş Qərargah rəisi Movses Akopyanın 19 noyabr açıqlaması nəzərdə tutulur – red.) iki “İsgəndər” atıldığı faktını təsdiqlədiyi zaman onların hara atıldığını demədi, lakin raket atdıqları yerin həmin tarixdə buludlu olduğunu açıqladı. Müharibənin son günlərində Bakı səmaları buludlu idi.

Bir başqa “İsgəndər”in Bakıya doğru uçduğunu və İsrail istehsalı olan “Barak” hava hücumundan müdafiə sistemi tərəfindən vurulduğunu irəli sürən, adı açıqlanmayan başqa bir rəsmi, erməni məmur da var. Hətta bu barədə İngiltərə mediası da hərbi mənbələrə istinadla məlumat yaydı. Bunun da doğru olub-olmadığını bilmirəm. Dediyim odur ki, heyət yüksək səviyyədə hazırlanmasa, “İsgəndər”i hədəfə uğurla çatdırmaq o qədər də asan deyil. Raketlərin əslində Şuşanı hədəf alıb-almamasını araşdıran hərbi analitiklər tanıyıram ki, onların fikrincə, erməni tərəfi hədəf seçimi zamanı data səhvinə yol verib və beləcə raket Şuşaya düşüb. Və əlbəttə, əlavə etmək istərdim ki, həqiqətən də “İsgəndər”raketləri Bakını və ya başqa bir yaşayış məntəqəsini hədəf alıbsa, bu, müharibə cinayətidir.

– NATO, ATƏT kimi beynəlxalq təşkilatların bu məsələyə hələ də münasibət bildirməməsinin səbəbini nə ilə izah etmək olar?

– NATO-nun “İsgəndər” raketlərinə münasibət bildirməsi doğru olmaz, çünki nə Azərbaycan, nə də Ermənistan NATO üzvüdür və bu münaqişə NATO portfelinin bir hissəsi deyil. Zənnimcə, mülki əhalini hədəfə almaq məsələsinə ATƏT və Minsk Qrupu şərh verə bilərdi, lakin Ermənistanın ən azı iki “İsgəndər-M” raketindən istifadə etməsi artıq yeni bir xəbər deyil və adı çəkilən qurumlar bu məsələyə vaxtında münasibət bildirməli idi. ATƏT-in hələ də məsələni şərh etməməsi həm də ola bilər, rusların Ermənistana raketlərin buraxılması üçün icazə verilməsi məsələsində iştirak edib-etməməsi və əsl hədəflərin nə olduğu barədə dolğun məlumatının olmamasıdır.

– Əgər məlum olsa ki, Şuşaya İsgəndər-M raketini Ermənistan yox, məhz Rusiyanın Ermənistandakı bazasından atılıb, bu, Rusiyaya növbəti sanksiyalara səbəb ola bilərmi?

– Bu məqamda düşünmürəm ki, “İsgəndər” raketləri Gümrüdəki 102-ci Rusiya bazasından atılıb. Bu, ABŞ və Avropa Birliyinin əlavə sanksiyaları ilə nəticələnərdi. Bəli, Rusiya Ermənistanı onları işə salmağa təşviq edə bilər, ancaq heç bir insana ziyan vurmayacağından əmin olmaq şərtilə və Azərbaycana hərbi əməliyyatları dayandırmasının lazım olduğu mesajını ötürmək üçün. Bu, mənim fərziyyəmdir, bilmirəm, ehtimal ki, bu hipotetik suala cavab verməməli idim. Ancaq videokadrlardan “İsgəndər”lərin Gümrüdən deyil, başqa bir ərazidən atıldığını gördüm, mənə elə gəldi ki, onlar Qarabağ yaxınlığından atıldı...



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
886 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...