Rusiya "Boeing-737"-nin istismarını qadağan edir?
Dünyada ən çox yayılan "Boeing-737" laynerinin Rusiyada istismarı qadağan oluna bilər. APA-nın lenta.ru xəbər portalına istinadən verdiyi xəbərə görə, belə bir qənaətə HAK-ın Aviasiya Registrinin sədri Vladimir Bespalovun “Rosaviasiya”nın sədri Aleksandr Neradkoya və ABŞ-ın Federal Aviasiya Administrasiyasının (FAA) direktorunun müavini Marqaret Qilliqana göndərdiyi məktubdan gəlmək olar.
Məktubda qeyd edilib ki, Rusiya aviaşirkətlərinin parkında olan "Boeing-737" təyyarələrinin istismarına icazə verən sertifikat müvəqqəti olaraq qüvvədən düşür. Hələlik istismara yararsız kimi iki modifikasiya hesab olunur – "Classic" və "Next Generation". Sənəddə qeyd edilib ki, belə bir addımın atılmasına səbəb laynerin hündürlük sükanın sistemində mövcud olan problemlərdir. Bildirilir ki, Rusiya tərəfi 1 ilə yaxın bununla bağlı ABŞ tərəfi ilə yazışmalar aparıb. "ABŞ tərəfinin açıqlamasında təhlükəsizlik məsələləri ilə bağlı qəti cavab yoxdur", - deyə V. Bespalovun məktubunda yazılıb.
Məsələ ilə bağlı “Rosaviasiya” aviaşirkətlərin və HAK-ın nümayəndələrinin iştirakı ilə təcili toplantı keçirib. Qeyd edək ki, Rusiyada sərnişindaşımanın 1/5-i "Boeing-737" tipli sərnişin təyyarələrinin payına düşür. "İnterfax" agentliyi isə HAK-dakı mənbəyinə istinadən yazır ki, bu qərar Rusiyada istismar olunan bütün növ "Boeing-737"-lərə aid olunacaq.
1019 dəfə oxundu