267 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edildi

267 əcnəbi Azərbaycan vətəndaşlığına qəbul edildi


Dövlət Miqrasiya Xidmətində Azərbaycan Respublikasının vətəndaşlığına qəbul və bərpa edilmiş şəxslərin təntənəli şəraitdə Dövlət bayrağı önündə Konstitusiyaya əl basmaqla dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə andiçmə mərasimi keçirilib. Modern.az xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə vətəndaşlığa qəbul və bərpa edilmiş şəxsləri təbrik edib.

F.Nəbiyev vətəndaşlığa qəbul və bərpa edilmiş şəxslərə müstəqil Azərbaycan dövlətilə siyasi və hüquqi əlaqələrinin möhkəm olmasını arzulayıb. F.Nəbiyev xüsusi vurğulayıb ki, qanunvericiliyə əsasən Azərbaycan Respublikasının vətəndaşı olan şəxsin ikili vətəndaşlığı olduqda həmin şəxsin xarici dövlətin vətəndaşlığına mənsubiyyəti, Azərbaycan Respublikasının beynəlxalq müqavilələrində nəzərdə tutulmuş və ya Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə müvafiq surətdə həll edilmiş hallar istisna olmaqla tanınmır. Xarici dövlətin vətəndaşlığını qəbul etmiş Azərbaycan Respublikasının vətəndaşı bir ay müddətində bu barədə Xarici İşlər Nazirliyinə və ya Dövlət Miqrasiya Xidmətinə yazılı məlumat verməlidir. Belə məlumatı verməyən şəxslər Cinayət Məcəlləsinin 318-2-ci maddəsilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Xidmət rəisi bildirib ki, ona görə də hər bir vətəndaş dövlətlə münasibətə məsuliyyətlə yanaşmalıdır.

Sonra vətəndaşlığa qəbul edilmiş 267 və bərpa edilmiş 9 şəxs təntənəli şəraitdə Azərbaycan Respublikasının Dövlət bayrağı önündə Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla Azərbaycan Respublikasının dövlət dilində Azərbaycan Respublikasına sadiq olacaqları barədə and içiblər.

Qeyd edək ki, andiçmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında Qanun”a 30 dekabr 2014-cü il tarixdə əlavə edilmiş yeni məzmunda 15-1-ci maddəyə əsasən ilk dəfə keçirilib. Xatırladaq ki, and içən Azərbaycan Respublikasının vətəndaşı andın mətnini imzalayır və bu sənəd Dövlət Miqrasiya Xidmətində saxlanılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
931 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...