Qarabağdakı ermənilər niyə silahlanır? – Harutyunyanın gizli planı...
Erməni mediasında yer alan məlumata görə, Qarabağda erməni əhalisinə silah daşımaq hüququ verilir. İndiyədək təkcə keçmiş erməni hərbçilərinə ov tüfənginə sahib olmaq hüququ verilirdisə, artıq daha çox insan silah daşıya biləcək.
Bu isə Qarabağdakı terrorçuların əhalini “özünümüdafiə” adı altında Azərbaycana qarşı silahlandırması deməkdir. Yəni növbəti antiterror əməliyyatına zərurət hər keçən gün daha da artır.
Mövzu barədə Yenisabah.az-a danışan politoloq Fikrət Sadıxov birmənalı şəkildə qondarma rejimin özbaşınalıqla məşğul olduğunu vurğulayıb:
“Onlar ordu yaradacaqları və “Artsax” respublikası haqqında danışıqların aparılacağı barədə bəyanatlar verirlər. Bunların hamısı cəfəngdir. Düşünürəm ki, separatçıların əsas məqsədi Qarabağa gələn erməni əhalisini orada saxlamaqdır. Çünki bizdə olan məlumata görə Qarabağa gələn erməni əhalisinin bir hissəsi artıq oranı tərk edir. Bunlar isə onlara yalan vəd verməklə məşğuldur. Harutyunyan və Balasanyan onlar sadəcə olaraq keçmişin qalıqlarıdır. Onların absurd bəyanatları öz əhalisinə yönəlib və heç bir məna daşımır”.
Silah məsələsinə gəldikdə isə həmsöhbətimiz qeyd edib ki, Azərbaycan bu məsələyə ciddi yanaşmalıdır:
“Əgər belə bir proses baş verirsə, biz onların bu tip fəaliyyətinə son qoymalıyıq. Vəziyyəti dərk etmirlərsə, başa salmalıyıq. Çünki dünya birliyi artıq öz mövqeyini bildirdi. Dağlıq Qarabağ Azərbaycanın tərkibində olan bir ərazidir və yaxın gələcəkdə Azərbaycanlılar da oraya qayıdacaq, sayları isə heç də az olmayacaq. Separatçı rejimin qalıqları aradan götürülməlidir. Düşünmürəm ki, onların yaxın gələcəyi “parlaq” olsun. Taleləri biz tərəfdən həll olunmalıdır”.
842 dəfə oxundu