3 dairənin nəticələri ləğv oluna bilər
Bahar Muradova İqbal Ağazadə və Pənah Hüseynin seçki mübarizəsindən danışdı: “Hər iki şəxs kifayət qədər prinsipial, seçki məsələsinə ciddi yanaşan adamlardır”
1 noyabr parlament seçkiləri ətrafında müzakirələr davam edir. Xaricdən seçkilərlə bağlı reaksiyalar gəldiyi zamanda daxildə də seçki nəticələrindən narazı qalan iddialılar saxtakarlıq faktları ilə əlaqədar faktlarla müvafiq qurumlara təqdim edəcəklərini bildiriblər.
Ən çox qanun pozuntularının olduğu dairələr sırasında 63 saylı Sabirabad birinci, 35 saylı Xətai üçüncü və 95 saylı Tərtər seçki dairələrinin adı çəkilir. Qeyd edək ki, 63 saylı dairədən namizəd olan AXP sədri Pənah Hüseyn bəyanatında qanun pozuntularından bəhs edib elan edilmiş nəticələri tanımadığnı bəyanlayıb.
Ümid Partiyasının sədri İqbal Ağazadə mətbuata açıqlamasında hüquqi prosedurların həyata keçirildiyini deyib. “İlk şikayətimiz verilib. İki məntəqənin yenidən sayılmasını istəmişik. 18 və 26 saylı seçki məntəqələrinin. 18 və 26 saylı seçki məntəqələrinin protokollarını bizə verməyiblər. O iki məntəqə ilə də Araz Əlizadəni qalib elan ediblər. Araz Əlizadənin faktiki olaraq 900 səsi var. 1290 səs də hərbi hissədən ona verilib. Dairə sədri barədə Baş prokurorluğa şikayət edəcəyik”.
Barəsində daha çox danışılan üçüncü dairənin şanslı iddialısı Şəhriyar Məcidzadənin (Tərtər rayon İcra Hakimiyyətinin sabiq başçısı Sərdar Həmidovun oğlu ) seçki qərargahı isə bəyanatında qanun pozuntularından bəhs edib və ortaya konkret faktlar qoyub. Məlumata görə, hazırda hər üç seçki dairəsi ilə bağlı araşdırmalar gedir və sonda hakimiyyət seçkilərin nəticələrinin legitimliyini qəbul etdirmək üçün bu üç dairənin nəticələrini ləğv edəcək.
Milli Məclis sədrinin müavini Bahar Muradova isə qəzetimizə açıqlamasında Ümid Partiyasının sədri İqbal Ağazadə və AXP lideri Pənah Hüseynin ciddi qanun pozuntuları ilə üzləşməsi barədə fikirlərinə münasibət bildirib. B.Muradova deyib ki, bu barədə konkret məlumata malik deyil: “Mənim kifayət qədər imkanlarım yoxdur ki, onların arqumentlərinin nədən ibarət olduğunu araşdırım. Amma onu bilirəm ki, hər iki şəxs kifayət qədər prinsipial, seçki məsələsinə ciddi yanaşan adamlardır. Belə faktları varsa, yəqin ki, müvafiq qurumlara təqdim ediblər, yaxud təqdim edəcəklər. O da konkret halda dəyərləndirilməlidir. İstənilən halda seçki prosesində bu və ya digər tərəfin narazı qalması ehtimalı var. O mənada bu, hər kəs üçün gözləniəln ola bilər. Nəzərə alsaq ki, İqbal Ağazadənin dairəsində digər bir namizəd Araz Əlizadə mübarizə aparırdı, prosesin özündə də onların hər ikisinin narahatlığı mətbuata sızırdı. O mənada bunun belə mübahisəli olacağını təxmin etmək mümkün idi. Hər halda hesab edirəm istər İqbal Ağazadə, istərsə, Araz Əlizadə öz mövqeyini müdafiə etmək üçün sona qədər gedəcək. Araşdırılsın, baxılsın, ədalət kimin tərəfindədirsə, o da üstün gələcək. Ona görə mənimçün konret kiminsə marağını müdafiə etmək kimi bir məsələ yoxdur. Əsas odur ki, haqq-ədalət yerini tapsın. Onların hər hansı biri güzəştə gedən deyil. Obyektiv mövqe bildirmək müvafiq qurumların işidir”.
YAP-ın icra katibinin müavini Siyavuş Novruzov “Yeni Müsavat”a bildirdi ki, bu barədə məlumatsızdır: “Məlumatım yoxdur. Mənə elə gəlir ki, hər hansı problem yoxdur, seçkilər normal keçib”.
Yeri gəlmişkən, Milli Məclisin ilk iclasının keçiriləcəyi tarix hələ müəyyənləşməyib. Bunu Cebhe.info-ya Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu deyib. Onun sözlərinə görə, qanuna uyğun olaraq seçki ilə bağlı prosedur başa çatandan sonra parlamentin ilk iclası müəyyənləşəcək: “Mərkəzi Seçki Komissiyası seçilən deputatların siyahısını Konstitusiya Məhkəməsinə təqdim etməlidir. Konstitusiya Məhkəməsi isə deputatların sənədlərini təsdiqləyəndən sonra parlamentin ilk iclası müəyyənləşdiriləcək”. Xatırladaq ki, noyabrın 1-də Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələrinə görə, 776 namizəd arasından 125 mandatı qazananların siyahısı açıqlanıb. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq, parlamentin ilk iclasını ən qocaman deputat açır, yeni seçilən deputatların siyahısını oxuyur və sədr seçilənədək birinci iclası aparır. Beləliklə, Zeynəb Xanlarova V çağırış Milli Məclisin ilk iclasına sədrlik edəcək. Onun təklifi ilə Hesablayıcı Komissiya və bu barədə qərar qəbul edildikdən sonra sədr seçiləcək. Xatırladaq ki, 2005-ci ildə III çağırış Milli Məclisin ilk iclasını Murtuz Ələsgərov aparıb. 2010-cu ildə IV çağırış Milli Məclisin ilk iclasını ən yaşlı deputat Cəlal Əliyev açmalıydı, lakin o, xəstə olduğundan parlamentə gəlməmişdi. Bu səbəbdən də IV çağırış Milli Məclisin ilk iclasını parlamentin digər yaşlı deputatı Fəttah Heydərov (1938-ci il təvəllüdlü) açmışdı.
1135 dəfə oxundu