“Sədərək” sahibkarları “MTN işi” ilə bağlı istintaqa çağırılmayıb - AÇIQLAMA
“Sədərək” Ticarət Mərkəzinin sahibkarlarının “MTN işi” ilə bağlı istintaqa cəlb edilməsi xəbəri yalandır”. Bunu Modern.az-a açıqlamasında “Sədərək” Ticarət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim deyib.
O qeyd edib ki, buradan heç bir sahibkar istintaqa çağırılmayıb: “Hamı öz işinin başındadır. Heç kim heç hara çağırılmayıb”. Kəmaləddin Qədim sahibkarların Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən incidilməsi hallarının da müşahidə edilmədiyini qeyd edib. “Sədərək” Ticarət Mərkəzində gərginlik yoxdur. Hansısa sahibkarın MTN əməkdaşları tərəfindən incidilməsi faktı da yoxdur.
Bəlkə ayrı-ayrı vaxtlarda nəsə olub. Amma bunun sahibkarların işlərini tərk etməsinə və mağazaların bağlanmasına səbəb olması söhbəti yalandır. “Sədərək” Ticarət Mərkəzində sahibkarların MTN işçiləri tərəfindən incidilməsi halları yaşanmayıb”. Kütləvi informasiya vasitələrində “Sədərək” Ticarət Mərkəzində çalışan 50-dən çox sahibkarın “MTN işi” ilə bağlı istintaqa çağırıldığı xəbəri yayılıb. Buna səbəb kimi MTN-dəki şəbəkənin vaxtaşırı “Sədərək” Ticarət Mərkəzindəki sahibkarları şantaj edərək onlardan xərac alması göstərilir.
Qeyd edilir ki, istintaq bu məsələnin bütün detallarını üzə çıxarmaq üçün sahibkarların dindirilməsini zəruri sayıb.
1100 dəfə oxundu