Ermənistan kənarda qaldığı layihələrə qarşı təxribatı - TƏHLİL
Bu gün Azərbaycan karbohidrogen ehtiyatları üçün şaxələnmiş ixrac marşrutlarına malik olmaqla Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Ancaq Ermənistan bu layihələrdən kənarda qaldığı üçün bu layihələrə qarşı provokasiya etməkdə maraqlı tərəf kimi görünür.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzindən məlumat verilib.
Məlumatda bildirilir ki, daha öncə də, yəni 2020-ci ilin iyul ayında da Ermənistan münaqişə zonasından xeyli aralıda yerləşən, nəqliyyat, enerji və logistika dəhlizinin yerləşdiyi regiona (Azərbaycanın Tovuz rayonu) hücum edib, faktiki Avropanın gələcək enerji təhlükəsizliyi təhdid altına düşüb.
Qafqaz, Mərkəzi Asiya regionu və Türkiyənin Avropa İttifaqı ilə iqtisadi, mədəni bağlılığını, inteqrativ inkişafını gücləndirən bu layihələri hədəf almaqla Ermənistan Avropanın gələcək strateji inkişaf yoluna da ləngidici təsir göstərir.
2020-ci il 6 oktyabr tarixində Bakı-Tbilisi-Ceyhan boru kəmərinin Ermənistan tərəfindən kaset bombaları ilə atəşə tutulması Avropanın enerji resursları ilə təminatında fasilə yaratmasa da, bu hadisə Dağlıq Qarabağ münaqişəsinin həssaslığını bir daha göstərərək beynəlxalq ictimaiyyətdən, xüsusi ilə də Avropa ölkələrindən regiona daha diqqətlə yanaşmağı tələb edir.
Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir.
Vurğulanıb ki, Ermənistanın Avropanın enerji təhlükəsizliyi siyasəti üçün kritik strateji əhəmiyyət daşıyan Azərbaycana bu formada hücum etməsi münaqişəni həm də Avropanın enerji təhlükəsizliyinə yönəlmiş ciddi təhdidə çevirir.
Əlbəttə ki, enerji resurslarının Avropaya nəqli Azərbaycan üçün də maraq kəsb edir, çünki ölkə bundan əlavə vəsaitlər əldə edir. Nəzərə alınmalıdır ki, Azərbaycan çox böyük çağırışlar və çətinliklərə baxmayaraq, bu layihələrin icrasından heç bir halda geri çəkilməyib.
İstənilən halda, Azərbaycan Avropa və Asiya arasında qlobal dəyər zəncirlərinin fəal iştirakçısıdır. Avropa dəyərlərinə inteqrasiyanı əsas inkişaf siyasətlərindən biri kimi müəyyən etmiş Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin mərkəzi subyekti, beynəlxalq nəqliyyat, enerji və logistika qovşağıdır. Gürcüstanın Supsa limanına qədər inşa edilən ilk kəmər Xəzər dənizi ilə Qara dənizi, ardınca realizə olunan Bakı-Tbilisi-Ceyhan neft kəməri (BTC) Aralıq dənizini birləşdirdi və nəhayət, daha sonra həmin marşrut boyu qaz kəməri inşa edildi. BTC sayəsində Avropa İttifaqının üzvü olan bəzi dövlətlərin neftə tələbatının böyük hissəsi Azərbaycan tərəfindən təmin edilir. Daşıma gücü on milyon tonlarla ölçülən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi isə Çindən Avropaya daşınma müddətini 30-35 gündən iki həftəyə qədər azaldır və Mərkəzi Asiyanın Avropa bazarına çıxış imkanını təmin edir.
Avropanın enerji təhlükəsizliyinə xidmət edən mega-layihələrin implementasiyasını təmin etməklə Azərbaycanın regionun enerji xəritəsini dəyişib.
Ermənistan isə qonşu ölkələrə qarşı ərazi iddialarından qurtulmağı bacarmalı, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə əməl etmək öhdəliyinə sadiqlik nümayiş etdirməlidir. Belə olan halda, bu ölkə də regional layihələrdə iştirak edə və Avrasiya dəyər axınlarının iştirakçısına çevrilə bilər.
595 dəfə oxundu