Qondarma respublikanın qondarma yalanları - FAKTLAR
Azərbaycan ordusunun Qarabağda ardıcıl zəfərləri ermənilərin yaxşı bacardığı yalanların sayını çoxaltmasına gətirib çıxarıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın “kiçik qardaş”ı Araik Arutyunyan son günlər verdiyi açıqlamalarla heç də “böyük qardaş”ından geri qalmadığını göstərir.
Oxu.Az bu yazıda özünü bu ildən qondarma Dağlıq Qarabağ Respublikasının dördüncü prezidenti sayan Araik Arutyunyanın yalanlarından bəhs edəcək. Hansı ki həmin yalanların reallıqla heç bir bağlılığı yoxdur.
Yaralanmasını təkzib etməsi
İlk belə yalan 3 oktyabrda milli ordumuzun Ağdərə istiqamətində apardığı uğurlu əməliyyatdan sonra üzə çıxdı. Belə ki, “Caliber” “Telegram” kanalı öz mənbələrinə istinadla yaydığı xəbərdə Araik Arutyunyan və xüsusi xidmət orqanının rəhbəri Kamo Ağacanyanın bir müddət inzibati binanın altındakı bunkerdə qaldığını məlumat verdi.
Məlumatda bildirildi ki, Arutyunyan yaralanıb, onun şəxsi mühafizəçilərinin bir hissəsi və Ermənistan Silahlı Qüvvələrinin işğalçı kontingentinin bəzi üzvləri məhv edilib.
Bundan sonra Arutyunyan öz şəkillərini sosial şəbəkədə yaymaqla yaralanmadığını göstərməyə çalışdı. Ancaq tezliklə məlum oldu ki, Arutyunyanın bu şəkilləri onun yaralanmazdan əvvəl erməni əsgərlərlə çəkdirdiyi fotolardan başqa bir şey deyil.
Təbii ki, 46 yaşlı qondarma respublikanın qondarma prezidenti bununla erməni əsgərlərinin ruhdan düşməməsinə hesablanmış addım atmağa çalışdı.
Lakin ertəsi gün – oktyabrın 4-də ölkə başçımızın köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev onun bunkerdə yaralandığını rəsmi şəkildə bəyan etdi:
“Buradan ona demək istəyirəm ki, Araik Arutyunyan, sən ön xətdə deyilsən, bunkerdə gizlənmişdin. Səni Azərbaycan Silahlı Qüvvələri bunkerdən tapdılar və dəqiq endirilmiş zərbələr nəticəsində ağır yaralısan. Gəncə və Azərbaycanın digər şəhərlərinə qarşı törədilmiş bu cinayətlərə görə Araik Arutyunyan cəzasını aldı. Onun kimi digər hərbi, müharibə cinayətkarları da öz layiqli cavablarını alacaqlar”.
Gəncə hərbi aerodromunun vurulması yalanı
Oktyabrın 4-də ordumuzun hərbi sahədə uğurlu əks-hücum taktikası nəticəsində Cəbrayıl rayonu və şəhəri işğaldan azad olundu. Bu, o qədər qarşı tərəfə sərt şillə effekti verdi ki, Qarabağ ermənilərinin qondarma rəhbəri Azərbaycana dair Cenevrə Konvensiyasını pozan məsuliyyətsiz açıqlama ilə çıxış etməli oldu.
Belə ki, Arutyunyan Azərbaycanın böyük şəhərlərini vuracaqlarını açıqladı. Həmin gün cəbhədən 140 km-dən çox olan məsafədə yerləşən Gəncəyə və strateji əhəmiyyətli obyektlərin yerləşdiyi Mingəçevirə raket atılması erməni xislətini bir daha ortaya çıxardı.
Ən gülməlisi isə Arutyunyanın utanmadan Gəncədə hərbi aerodromu vurmaqları ilə fəxr edən açıqlama verməsi ilə yadda qaldı. Hətta bunu sübut etmək üçün tələm-tələsik “uniçtojen” sözünü vurub şəkil paylaşdılar. Paylaşdıqları şəkil isə Gəncə yox, Lənkəran hava limanının görüntüsü idi. Həmçinin, bu yalançı xəbərləri erməni mətbuatı da dəqiqləşdirməmiş tirajladı.
Əslində, görüntülər göstərdi ki, ermənilər Gəncə və Mingəçevirdə arzularına çata bilməyərək, mülki şəxsləri hədəfə alıb. Nəticədə, Gəncədə 33 mülki şəxs yaralandı, bir nəfər vəfat etdi. Yaralananlardan altısı azyaşlıdır. Azərbaycan Respublikası baş prokurorluğu tam haqlı olaraq bu əmri verdiyini bildirən Arutyunyana qarşı cinayət işi açdı.
Mülki əhalini vurmayacağı yalanı
“Bir çoxunuz bu mövzuda etdiyim açıqlamanı (böyük şəhərləri vuracağı barədə - S.M.) xatırlayırsınız. Əgər kiminsə qavrayışında problem varsa, təsdiqləyirəm və bu heç zarafat deyil. Bu anda yerli əhali arasında günahsız qurbanların qarşısını almaq üçün atəşi saxlamaq əmri verdim.
Düşmən bundan lazımi nəticə çıxarmazsa, düşmən ordusunu və arxa hissəsini sıradan çıxarmaq məqsədi ilə mütənasib və sarsıdıcı zərbələrlə davam edəcəyik. Hərəkətlərimizdə sona qədər qərarlıyıq”.
Məhz bu açıqlama Arutyunyana məxsusdur.
Adam bu açıqlamasında etiraf edib ki, mülki şəxsləri vurur. Hətta irəli gedərək, Azərbaycan hərbi əməliyyatları davam etdirəcəyi halda, yenidən cəbhədən aralı şəhərlərimizi atəşə tutacağını bildirir.
Dünən yenidən mülki əhalinin olduğu, hərbi əməliyyatın getmədiyi bir şəhərə - Gəncəyə raket atıldı. Görünür, aciz düşmənin gücü ordumuza yox, yalnız dinc sakinlərə çatır. Bunu dünən Bərdəyə artilleriya qurğularından atılmış zərbələr də təsdiq edir.
Bu yerdə xatırlatma yerinə düşər. İndiyədək Ermənistan rəhbərliyinin məsuliyyətsiz addımı nəticəsində Azərbaycanın 27 mülki şəxsi həlak olub, 141 mülki şəxs isə yaralanıb. Bundan əlavə, 63 mülki obyekt və 376 yaşayış evi yararsız hala düşüb.
Azərbaycan ərazilərinə atəşin Ermənistan ərazisindən atılmasını inkar etmələri
Gəncə, Mingəçevir şəhərləri, Abşeron və Xızı rayonlarına raketlər haradan atılır? Güman etmək olar ki, Qarabağ ərazisindən. Çünki Ermənistan rəhbərliyi dəfələrlə göstərməyə çalışır ki, bizimlə danışıqlarda iştirak etməli olan dövlət özlərinin qondarma respublikasıdır.
Eyni məntiqlə ermənilər Azərbaycanla hərbi vəziyyətdə olan dövlətin də həmin subyekt olduğunu isbatlamağa çalışır.
Lakin peyk texnologiyası vasitəsilə bu raketlərin atılma trayektoriyaları, onların hədəfə yetişmə istiqamətləri müəyyənləşdirilib və məlum olub ki, atışlar Ermənistan ərazisindən gəlir. Bu barədə Hikmət Hacıyev bildirib:
“Burada xüsusilə iki məntəqəni qeyd etmək lazımdır. Atəşlər Ermənistanın Vardenis və Gorus şəhərləri yaxınlığındakı hərbi bazadan həyata keçirilir. Bu da Ermənistanın Azərbaycana qarşı olan növbəti təcavüzkar siyasətidir”.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayevanın açıqlaması da bu yöndədir:
“Dəqiq faktlar göstərir ki, Azərbaycan ərazisi Ermənistanın Gorus, Sisyan, Berd, Cermuk və Vardenis şəhərlərindən atəşə tutulur. Xarici və yerli ekspertlərin iştirakı ilə bu faktlar toplanıb və beynəlxalq qurumlara göndərilib”.
Arutyunyan və Ermənistanın Müdafiə naziri David Tonoyan isə atışların Ermənistan ərazisindən yox, Qarabağ bölgəsindən həyata keçirildiyini rəsmi şəkildə bildirməyə çalışır. Qeyd etdiyimiz kimi, bununla qondarma respublikanın Azərbaycanla müharibə apardığını bildirmək niyyətləri gün kimi məlumdur.
Eyni zamanda, atışların Ermənistan ərazisindən həyata keçirilməsində düşmənin çirkin məqsədi hamıya bəllidir. Düşmən bununla Azərbaycanı öz ərazisinə hücum etməyə təhrik edir. Bununla onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağladığı müqavilənin bəndindən yararlanmaq və üçüncü tərəfi hərbi əməliyyatlara cəlb etməyə çalışır.
Cəbrayılın azad olunmaması yalanı
Düşmən işğaldan azad olunan ərazilərin gizlədilməsinə də çalışır. Məsələn, cəbhədə bəzi ərazilərdən geri çəkildiklərini düşmən rəsmi şəkildə bəyan edib. Lakin özlərinə məxsus şəkildə bunu izah etməyə çalışıblar. Paşinyanın belə bəzi hərbi məntəqələrdə çətinliklə üzləşdiyini etiraf etdiyi bir vaxtda ermənilər bunu taktiki gedişatla və hərbi güc toplamaqla əlaqələndirməyə çalışır.
Halbuki Azərbaycan tərəfi həmin ərazilərin işğaldan azad olunduğunu rəsmi şəkildə bəyan edib.
Qarşı tərəf hələ də Cəbrayılın ermənilərdə olduğunu bildirməyə çalışır. Arutyunyanın Cəbrayılda olduğunu bildirməyə çalışması da bu səpkidə yalanlardan biridir. Cəbrayılın hansısa kəndində olmaq isə bu rayonun mərkəzinin şanlı ordumuz tərəfindən azad olunmadığını inkar edə bilməz.
Bütün bu faktlar göstərir ki, Arutyunyan, onun Paşinyan kimi havadarları yalanlar içində boğulur.
Əslində, burada qeyri-adilik də yoxdur. Dağlıq Qarabağ adında yalançı, Ermənistanın özü tərəfindən belə tanınmayan qondarma respublikanın da belə yalançı rəhbəri olar. Hələ bu yalanları biz müharibə dönəmində çox görəcəyik.
669 dəfə oxundu