"Heç nədən qorxmadan qərar verməliyik!" - Vahid Əhmədov

"Heç nədən qorxmadan qərar verməliyik!" -
"Dünya bazarında Rusiya qazı ilə əlaqədar ciddi problem yaranıb. Hətta Türkiyə özü də Rusiya qazını almaq istəmir. Çünki Azərbaycan qazı daha sərfəlidir. Odur ki, bu kəmərləri həmişə təzyiq altında saxlamaq, bizə təzyiq etmək niyyəti var, bu, çoxdan məlum olan məsələdir".

Gundeminfo.az xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov "Yeni müsavat"a müsahibəsində bildirib. Onun sözlərinə görə, hələ vaxtilə prezidentin qaz ehtiyaları ilə əlaqədar olaraq çox ciddi iradə ortaya qoyub və bunu Gürcüstan və Türkiyə vasitəsilə xaricə çıxartmağa qərar verib: "Onda da təzyiqlər var idi və Azərbaycanda çox böyük hadisələr baş verməliydi, amma dövlət başçısı bunun qarşısını aldı. İndi artıq TANAP qaz kəməri çəkilib, TAP-ın çəkilişi də bu il qurtarmalıdır və istifadəyə veriləcək. O zaman Azərbaycan qazı birbaşa Avropaya çıxacaq və bu da kifayət qədər böyük əhəmiyyətə malik hadisədir. Həm də söhbət təkcə Azərbaycan qazından getmir. Orda Türkmənistanın, digər dövlətlərin də qazı ola bilər. Mümkündür ki, sonradan Xəzər dənizi vasitəsilə boru xətti çəkilsin və kəmərə birləşdirlsin. Yəni orada böyük işlər çoxdur. Ona görə də Rusiya bunu heç cür qəbul edə bilmir".

Vahid Əhmədov deyib ki, hakimiyyətin daxilində və kənarda olan “beşinci kolon” da bu işə maneələr yaradır: "Onlar da öz işlərini görürlər, müəyyən problemlər yaradırlar bizə. Amma bir şeyi başa düşmək lazımdır ki, Rusiya özü çökəcək. Çünki Rusiyada vəziyyət o qədər də yaxşı deyil. Fikir verdinizsə, Xabarovskda, Novosibirskdə, Sankt-Peterburqda necə yürüşlər, Putin əleyhinə çıxışlar olur. Bu problemlər var....
Amma mən çox təəssüf edirəm ki, “beşinci kolon” da sakit oturmur. İndi onların yavaş-yavaş adları açıqlanır. Hesab edirəm ki, Dövlət Təhlükəsizlik Xidməti bu işlə ciddi məşğul olmalıdır. Bunları, ümumiyyətlə, təmizləməliyik. O cümlədən orduda da məni narahat edən müəyyən məsələlər var, orda da təmizlənmələr olmalıdır. Milli qüvvələr olmalıdır ki, Azərbaycan torpaqlarını Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad etmək iqtidarında olsun".

Azərbaycan güclü dövlətə çevrildiyini, ordunun daha müasir silahlarla təmin olunduğunu deyən Vahid Əhmədov hesab edir ki, hələ bir sıra işlər də görülməlidir. Xüsusilə kadr islahatları bütün sahələri əhatə etməlidir ki, uğurlarımıza xələl gəlməsin: "Ruslarla əlaqədar olan müəyyən insanlar, hətta yüksək vəzifədə olsalar belə, onlar kənarlaşdırılmalıdır. Bu, olmasa, çətin olacaq. Biz elə məkrli düşmənlə üzbəüzük ki, o da qüdrətli bir dövlətin əlində oyuncaqdır. Fikir verdinizsə, cənab prezident də qeyd etdi ki, əgər Ermənistan istəyirsə, gəlsin, təkbətək vuruşaq! Yəni o da başa salmaq istəyir ki, Ermənistanın arxasında kimlər dayanır. Mən bu məsələ ilə əlaqədar nikbinəm. Amma hər şey bizim özümüzdən çox asılıdır. Müəyyən qərarları biz heç nədən qorxmadan verməliyik!"



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
631 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...