692 bal toplayıb, müəllimliyi seçən xanım: “Çox savadsız müəllimlər işdən çıxmırlar ki, boş yerlər açılsın”

692 bal toplayıb, müəllimliyi seçən xanım:

Son illər gənclərin maraq göstərdiyi peşələrdən biri də müəllimlikdir. Burada olan həvəsləndirici, əlavə təqaüdlərin də müəyyən rolu var. Bəzən, yüksək bal topladığı halda müəllimliyi seçənlər də olur.

Belə abituriyentlərdən biri builki qəbul imtahanında 692 bal toplayan Şəmkir rayonu Düyərli kənd 1 nömrəli tam orta məktəbin şagirdi Təranə Alıyevadır.

O, I ixtisas qrupu üzrə yüksək nəticə göstərək Bakı Dövlət Universitetinin Riyaziyyat müəllimliyi ixtisasına qəbul olub.

Təranə AzEdu.az-a açıqlamasında bildirib ki, müəllimlik uşaqlıqdan arzusu olub:

“Seçimimdə balın təsiri olmadı. Aşağı bal da, yüksək nəticə də göstərsəydim, müəllimliyi seçəcəkdim. Yazdığım ilk ixtisasa düşdüm. Universitetə 2 il müddətində məşğələlərə gedərək hazırlaşmışam. Hazırlıq müəllimlərim arasında məktəbdən olanlar da var idi. Tərəddüdlü qaldığıma görə, fizika fənnindən 1 sualı cavablandırmadım. Sınaqlarda isə 636 bal toplayırdım”.

Təranə deyib ki, ailədə müəllim yoxdur, yalnız bacısı bu ixtisas üzrə təhsil alır:

“Bacımın bu sahədə təhsil alması da,məndə həvəs yaradıb. Yüksək bal topladığımı görəndə başqa ixtisası seçmək fikri yaranmadı. Bakı Dövlət Universitetini seçməyimə səbəb isə oranın yaxşı ali təhsil ocağı olduğunu düşünməyimdir”.

Tələbə bu sahədə olan problemlərdən də danışıb:

“Çox savadsız müəllimlər işdən çıxmırlar ki, vakansiya açılsın. Müəllim olacağım təqdirdə öz rayonumuzda işləməyi düşünürəm. Əgər yüksək bal toplasam vəziyyətə baxacam. Yüksək bal topladığımı görənlər deyirlər ki, aşağı bal toplayanlar da müəllimlik seçir, sən də. Bu ixtisası seçdiyimə peşman olacağımı düşünmürəm".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
868 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...