"Məni öldürün, amma bu evə toxunmayın, çünki o, sizin balalarınıza qalacaq" - FOTOLAR
Yuxarı Öysüzlü kəndi Tovuz rayonunun qədim yaşayış mərkəzlərindən biridir. Bura Nadir şahın ölümündən sonra kiçik dövlətlərə parçalanan Azərbaycanda yaranan hakimliklərdən biri — Şəmşəddil sultanlığının mərkəzi olub. O səbəbdən kənddə ölkəmizin yaxın keçmişinə aid onlarla abidə və tikililər, eyni zamanda adət və ənənələr hələ də qalmaqdadır. Yurdun ən məşhur tikililərindən biri də Nəsib və Yusif bəy qardaşlarının mülkləridir.
Bərdə rayon Tarix Diyarşünaslıq Muzeyində Keçmişin izi ilə gələcəyə! adlı tədbir təşkil edilib
Yuxarı Öysüzlü kənd məktəbinin coğrafiya müəllimi İsa Hüseynov bu binaların tikilmə və sonrakı taleyi barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə məlumat verib. Bildirib ki, Şəmşəddil sultanlığı Nadir şahın ölmündən sonra yaradılıb: "Çar Rusiyasının işğalından sonra — 1819-cu ildə sultanlıq ləğv edilib və burada Şəmşəddil distansiyası yaradılıb. Sonuncu Şəmşəddil sultanı Nəsib sultan isə erməni əsilli çar generalı V.Q.Madatov tərəfindən həbs edilərək öldürülüb. Bundan sonra onun övladları təqibdən yaxa qurtarmaq üçün İranın Sulduz bölgəsinə köçüblər. 19-cu əsrin ikinci yarısında doğma yurdlarına qayıdan Nəsib sultanın nəvələri Nəsib bəy və Yusif bəy Sultanov qardaşları öz ata-baba yurdunda yaşamağa başlayıb və sözügedən imarətlərin əsasını qoyublar".
İ.Hüseynovun sözlərinə görə, 19-cu əsrin son rübündə inşasına başlanan binaların memarı İstanbuldan çağırılıb, işləri isə yerli ustalar həyata keçirib: "Bu binalar qeyri-adi arxitektura quruluşuna malikdir. Hər mərtəbəsində 10 otaq olan tikililərə giriş həm şimal, həm də cənub tərəfdən olub. Böyüklüyünə görə Şəki xan sarayından heç də geri qalmayan tikililərin inşasında bir dənə də olsun mismardan istifadə edilməyib, bütün işlər şəbəkə və keçirmə üsulu ilə görülüb. Dam örtüyündən başqa hamısı yerli materiallardan hazırlanıb. Dirəklər də yerli daşlardan yonulub və əhənglə birləşdirilib ki, nəm çəkdikcə sütunların keçirmələri daha sıx bərkiyir".
"Ağalar öz mülklərində rahat həyat sürə bilməyiblər. Sovet hökuməti qurulduqdan sonra başlayan repressiyalar zamanı onlar doğma el-obalarından sürgün ediliblər" — deyə müəllim bildirib.
Həmsöhbətimiz qeyd edib ki, Nəsib və Yusif bəy Sultanov qardaşları kənd sakinlərinin yaddaşlarında böyük xeyriyyəçi, yardımsevər şəxsiyyətlər kimi qalıblar: "Hətta onların evləri belə, özlərinin ölümündən sonra xalqa xidmət edib. O vaxt sovet təbliğatından coşan kütlə hücum edərək binanı uçurmaq istəyib. Bu zaman Nəsib bəy camaatın qarşısına çıxaraq "Mən bu binada yaşadığımı yaşadım, bu-gün sabah da sürgünə göndəriləcəm. İstəyirsiz, məni öldürün, amma bu evə toxunmayın. Çünki, bu ev nə qədər var, sizə, sizin balalarınıza xidmət edəcək" deyərək onu dağıdılmaqdan qoruya bilib. Sonradan uşaq evi, daha sonra məktəb kimi istifadə olunan bu binada onlarla məşhur insan oxuyub, təhsil alıb".
İsa müəllim bu binada, nəinki Yuxarı Öysüzlü, ətrafda yerləşən 10-a yaxın kəndin uşaqlarının da təhsil aldığını bildirib. Qeyd edib ki, 1985-ci ildə isə yeni məktəb binası tikiləndən sonra Nəsib bəyin mülkü baxımsız qalıb və acınacaqlı duruma düşüb. Güclü külək, yağış evi günbəgün daha da təhlükəli vəziyyətə gətirir. Nəticədə, bina günü-gündən tarixə qovuşmağa çox yaxın görünür.
Qubadakı qədim Günbəzli hamamın açılış mərasimi
Bunun baş verməməsi üçün kənd sakinləri tərəfindən müxtəlif təşəbbüslər göstərilib. Bunlardan ən maraqlısını 4-cü kurs tələbəsi Bəkir Axundov edib. Belə ki, o, binanın maketini hazırlayıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri ilə söhbətində B.Axundov deyib ki, belə bir tarixi binanın restovrasiyasına gücü çatmasa da, onun kiçik oxşarını yaradaraq tarixdə saxlamaq qərarına gəlib: "Gələcək nəsillərin yaddaşından silinməsin deyə, dağılmaqda olan binanı maket formasına salmışam. Uşaq vaxtından nənələrimizdən bəylərin necə xeyirxah insan olduqları, xalqa əl tutmaları barədə söhbətlərinə şahid olmuşam. Ona görə çalışmışam ki, onların izinin itib-batmaması üçün əlimdən gələn formada yardım edim".
Binanın bütün giriş-çıxış və konturları üzərində dəqiqliklə işləyən gənc tələbə yalnız yapışqan, karton, taxta, boya və "Foreks" adlanan materialdan istifadə edərək 85 sm uzunluğunda və 60 sm hündürlüyündə maket hazırlayıb. 3 ay yarıma ərsəyə gələn əl işində maraqlı cəhət evin öz əvvəlki dövründə görkəminin, daxili quruluşunun, otaqların sayı, hətta pəncərə və eyvanın görünüşü olduğu kimi göstərilib.
Hazırladığı maketi heç vaxt satmayacağını deyən Bəkir gələcəkdə əl işini muzeyə bağışlamaq fikrindədir. O, bu yolla tarixi binanı gələcək nəsillərin yaddaşlarında saxlamaq istədiyini bildirib.
Binaların gələcək taleyi ilə bağlı Mədəni İrsin Qorunması, Bərpası və İnkişafı Üzrə Dövlət Xidmətinin Tovuz rayon üzrə məsul şəxsi Telman Məmmədovla əlaqə saxladıq. T.Məmmədov binanın qəzalı vəziyyəti haqda nazirliyə məlumat verildiyini, lazım olan göstəriş və vəsait ayrılacağı təqdirdə təmir-bərpa işlərinə başlanacağını söylədi.
1022 dəfə oxundu