"Bu tədbir media-gömrük münasibətlərinə təkan verəcək" - Səfər Mehdiyev
Bu gün Dövlət Gömrük Komitəsi jurnalistlər üçün “Azərbaycan gömrüyü – bu gün və sabahın çağırışları mövzusunda seminara start verib.
“APA-Economics”in məlumatına görə, Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, bu seminar gömrük xidmətinin gördüyü işləri yaxından izləməyə, gömrük və media münasibətlərinə böyük təkan verəcək.
O iqtisadiyyatın inkişafında və fiskal siyasətin formalaşmasında gömrük xidmətinin rolundan danışıb. S.Mehdiyev gömrük xidmətinin yaranma tarixinə toxunaraq Azərbaycan gömrük xidmətinin formalaşmasında və qurulmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolundan bəhs edib. O qeyd edib ki, hazırda prezident İlham Əliyevin gömrük xidmətinin inkişaf etdirilməsində böyük və əvəzedilməz rolu var.
S. Mehdiyev bildirib ki, Dövlət Gömrük Komitəsinin iş prinsipi media ilə açıq və şəffaf əməkdaşlıq etmək üzərində qurulub: “İnanıram ki, bu seminardan sonra jurnalistlərin gömrük xidməti haqqında məlumatları daha da təkmilləşəcək. Gömrük xidməti ancaq sərhəd keçid məntəqələrində 5 milyon 400 min insana xidmət göstərir. İstəyirik ki, media əməkdaşları gömrük xidməti orqanlarının fəaliyyəti ilə yaxından tanış olsun və onların verdiyi məlumatlardan faydalansın. İnanıram ki, bu seminar hər bir tərəf üçün faydalı olacaq”.
S. Mehdiyev əlavə edib ki, gömrük xidməti jurnalistlərin özlərini bir günlük də olsa gömrükçü hiss etməsi üçün media mənsublarına imkanlar yaradacaq.
Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, bu seminar hər iki tərəf üçün olduqca əhəmiyyətlidir: “Bu ilk növbədə cəmiyyət üçün əhəmiyyətlidir. Bu, jurnalistikanın ana problemi olan ixtisaslaşma probleminin həllinə bir dəstək olacaq. Jurnalistlərə nə qədər çox məlumat veriləcəksə, gömrük sahəsində həyata keçirilən islahatlar da bir o qədər də əhəmiyyətli olacaq”.
“APA Holding”in prezidenti Vüsalə Mahirqızı isə bu seminarın təşkilinə görə təşkilatçılara təşəkkür edib. O bildirib ki, medianın istənilən sahədə maarifləndirmə işlərini aparması üçün ilk növbədə jurnalistlər bu sahədən məlumatlı olmalıdır. “Açıq demək lazımdır ki, indiyə qədər gömrük sahəsi ilə bağlı istər qanunvericilik, istəsə də ən müxtəlif məsələlərinin dəqiqləşdirilməsində belə mediada müəyyən yanlışlıqlara yol verilir. Bunun əsas səbəbi gömrük sahəsində medianın ən ana problemlərindən biri olan ixtisaslaşmanın olmamasıdır. Bu sahə ilə bağlı jurnalistlərin heç olmasa ilkin bilikləri olmalıdır. Bunun üçün sahə mütəxəssislərinin rəylərinə böyük ehtiyac var. İnanıram ki, bu seminar gələcəkdə də davam edəcək və bu seminar gömrük işi, gömrük qanunvericiliyi ilə bağlı, gömrük sahəsində problemlərlə bağlı ilkin məlumatlılığın yaranmasına səbəb olacaq,” – deyə V. Mahirqızı qeyd edib.
V. Mahirqızı deyib ki, bəzi məsələlərdə media problemi görür, ancaq problemi doğuran səbəbləri bilmir: “Bu isə proseslərlə bağlı məlumatsızlıqdan irəli gəlir. Prosesi bilmədiyindən media qeyri-obyektiv nəticələr əldə edir. Bunun üçün də bu təşəbbüsü ciddi dəstəkləyirəm”.
V. Mahirqızı bildirib ki, S. Mehdiyev Dövlət Gömrük Komitəsinə rəhbər təyin edildikdən sonra mediaya daha da açıq olub, həm də komitənin Mətbuat Xidməti çox yaxşı işləməyə başlayıb: "Ən kiçik məsələyə belə dərhal operativ reaksiya verilir ki, bu da çox yaxşıdır”.
"APA Holding"in prezidenti böyük gömrük əməliyyatlarının mediada təbliğ edilməsini təklif edib: “Ümumiyyətlə nümunəvi gömrük əməkdaşlarının təbliğ olunması lazımdır. Həmçinin, gömrük rüsumu məsələsinin media təbliğ olunması lazımdır. Başqa ölkələrdə olduğu kimi gömrük rüsumundan yayınan şirkətlər mediada tanınmalıdır. Bu şirkətlər cəmiyyət üçün zərərverici şirkətlər, həmin iş adamları cəmiyyət üçün arzuolunmaz iş adamları elan olunmalıdır. Biz elə bir iş aparmalıyıq, elə bir təbliğat aparmalıyıq ki, gömrük rüsumunun ödənilməsi onlar üçün bir şərəf məsələsi, imic məsələsi olsun”.
V. Mahirqızı bildirib ki, media bütün məsələlərdə Dövlət Gömrük Komitəsinə dəstək verməyə hazırdır: “Yetər ki, bu maarifləndirmə davam etsin. Bu, hər iki tərəf üçün fayda verəcək”.
“Trend” İnformasiya Agentliyinin baş direktoru Arzu Nağıyev isə Dövlət Gömrük Komitəsinin idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi baxımından komitənin fəaliyyətini yüksək qiymətləndirib. Onun sözlərinə görə, komitə ölkə başçısının tapşırıqlarının yerinə yetirməsi, dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. A.Nağıyev seminarın işinə uğurlar arzulayıb.
Qeyd edək ki, seminar iki gün davam edəcək.
921 dəfə oxundu