Şəmkirin icra başçısını kim əvəz edəcək?

Şəmkirin icra başçısını kim əvəz edəcək?

İllər uzunu ölkə başçısının xəbərdarlıqlarına baxmayaraq “Burda mənəm Bağdadda kor Xəlifə” məntiqi ilə davranan və rəhbərlik etdikləri rayonlarda sadə vətəndaşdan tutmuş irili-xırdalı sahibkarların başında turp əkən “balaca padşah”ların bir-birinin ardınca işdən qovulmasını kadr islahatı kimi qələmə vermək o qədər də adekvat olmasa da əslində insanların nisbətən rahatlıq tapdığını qeyd edə bilərik.

Heç kimə sirr deyildi ki, uzun illər Azərbaycanda kadr təyinatlarında bir əcaib ənənə formalaşmışdı – hansısa iriçaplı məmur öz ətrafında bir qubernatorluq səltənəti yaradaraq az qala 7-8 rayonu əhatə edən bir bölgədə əsas söz sahibi idi. Elə ki, həmin məmur istefaya göndərilirdi, onun xəyali komandasının da yarpaq tökümünə start verilirdi.

Bu baxımdan bu günlərdə keçmiş vergilər naziri Fazil Məmmədovun vergi başkəsənlərindən ibarət yumurtadan yun qırxmağı, pambıqla baş kəsmək elmini yetərincə mənimsəmiş bəzi komanda üzvləri bir-birinin ardınca at oynatdıqları rayonlardan prezident sərəncamları ilə qovulmağa başlayıb. F. Məmmədovun yeznəsi Xaləddin İsgəndərovun Binəqədidən qovulmasının ardından Gədəbəyin icra başçısı Ramiz Yediyarovun da portfeli qoltuğuna verildi. Gözlənilir ki, yaxın günlərdə Fazil Məmmədovun alınmaz qalası hesab olunan Şəmkirdəki "qərargah"ına qara buludlar çökəcək və Alimpaşa Məmmədov da kreslosuz qalacaq.

Gələn çoxsaylı yazılı-şifahi şikayətlərdən belə anlamaq olur ki, Şəmkirlilər ondan da boğaza yığılıblar və Alimpaşanın "paşa"lığı əlindən alınan gün qurban kəsənlərin sayı çox olacaq. Yayılan xəbərlərə görə onun yerinə də Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun rayonda Reysetr Xidmətinin rəisi işləyən qardaşının təyinat alması ehtimalı az deyil.

Xatırladaq ki, A. Aslanov uzun müddət Şəmkirə rəhbərlik edib və eyni zamanda Heydər Əliyevin ən sevimli kadrlarından biri kimi qeyri-rəsmi Azərbaycan-Gürcüstan münasibətləri də məhz onun üzərindən qurularaq həyata keçirilib. Sonradan kənd təsərrüfatı nazirinin müavini təyin edilən A. Aslanovun özü də bir neçə ildir ki, işsizlər ordusuna qoşulub. Amma ötən il onun prezident İlham Əliyev tərəfindən "Tərəqqi" medalı ilə təltif olunması keçmiş başçının personasının hələ də siyasi gündəmdə olduğundan xəbər verirdi. Əgər belə bir ehtimal gerçəkləşsə, bu Aslanovların Şəmkirdəki ikinci hakimiyyət dönəminin başlanması olacaq. Amma təbii ki, Alimpaşa Məmmədovun tezliklə işdən kənarlaşdırılacağı nə dərəcədə gözlənilən olsa da onun yerinə kimin təyin ediləcəyi prezident sərəncamı elan olunanadək bəlli olmayacaq. Bizlərə gözləmək qalır... \\moderator.az\\



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
873 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...