“Əvvəl düşünürdüm ki, pulu qara qüvvələr oğurlayır” — evi oğurlanan alimin məhkəmə işi

“Əvvəl düşünürdüm ki, pulu qara qüvvələr oğurlayır” —

Bakı Ağır Cinayətlər Məhkəməsində alimin evindən külli miqdarda pul və qızıl zinət əşyaları oğurlamaqda təqsirli bilinən Xanım Zeynalova və Aqşin Qəhrəmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
“Ölkə.Az”ın xəbərinə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən X.Zeynalova elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini deyib.

Daha sonra məhkəmə ona sərbəst ifadə verməyi təklif edib. Lakin X.Zeynalova ifadə verməkdən imtina edib. O, söyləyib ki, qeyd edilən cinayət əməlini törətməyib.

Digər təqsirləndirilən A.Qəhrəmanov da ifadə verməkdən imtina edib.

Zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın isə məhkəməyə gəlmədiyi elan olunub.

İttiham aktına əsasən, X.Zeynalova zərərçəkmiş Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçmiş direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyevanın Nəsimi rayonunda yerləşən mənzilində qulluqçu işləyib.

Cinayət işi materiallarında X.Zeynalovanın 2015-ci ilin yanvar ayından 2017-ci ilin may ayına qədər işlədiyi mənzildən, ümumilikdə, 539 min dollar və 179 min manat məbləğində qızıl-zinət əşyaları oğurladığı qeyd edilir. Onun barəsində Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. İstintaq zamanı məlum okub ki, X.Zeynalova cinayəti tanışı A.Qəhrəmanovla birlikdə törətdib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq; külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham elan edilir.
Xatırladaq ki, X.Zeynalovanın atası Əbdüləli Zeynalov mətbuata müraciət edərək qızının günahsız olduğunu deyib. O bildirib ki, qızı 2010-2014-cü illərdə A.Əliyevanın evində xidmətçi işləyib. Bu müddətdə X. Zeynalova A. Əliyevanın qızı, hazırda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru olan Gülşən Əliyeva ilə münasibəti yaxşı olub: "Qızım Xanım bir neçə dəfə Gülşənə ailə məsələlərində kömək edib, bunun müqabilində isə o, qızıma 2 qızıl zinət əşyasını verib. Onu da qeyd edim ki, evimizdə yoxlanış aparılan zaman elə həmin qızıllar sübut kimi göstərilib. Sonradan ailə arasında tez-tez xoşagəlməz mübahisələr yaranmağa başlayıb. Odur ki, Xanım işindən ayrılıb".

Ə.Zeynalov deyib ki, qızı həbs edilən zaman Bakı Metropolitenində işləyib.

AMEA Əlyazmalar İnstitutunun direktor müavini Aybəniz Əliyeva bir az öncə açıqlama verərək deyib ki, o, oğurluğu təsdiq etsə də, rəqəmləri təkzib edir:

“Bu qədər pulu evdə saxlamağıma gəlincə, mən başa düşmürəm, günah iş görmüşəm ki, pullarımı evdə saxlamışam? Hər kəsin güvəndiyi yeri öz evidir. Mən də şəxsi pullarımı, qızıllarımı evimdə saxlamışam. 1 milyona yaxın məbləğdən danışırlar. Bu yalan söhbətdir. Mənə 2-3 il ərzində dəyən zərərdən söhbət gedir. Mən 2017-ci ilin may ayında bilmişəm ki, oğru evimdə çalışan qulluqçudur. Oğru bu pulları və qızılları birdəfəyə yox, zamanla aparıb. Yəni bir ayda neçə dəfə evdə pul itdiyi olub. Bu pulları qulluqçumuzun oğurladığı ağlımıza gəlməyib. O da əməlinə davam edib. Bizi o qədər saf olduğuna inandırmışdı ki, hərdən düşünürdüm ki, pulu oğurlayan qara qüvvələrdir, tez-tez evimizə gəlirlər.

Yəni bu insan mənə maddi zərərdən çox mənəvi zərər vurub. Psixikam korlanıb. Etibar edib evimə buraxmışdım. O isə başıma belə oyun açdı.
Həm onun oğru olduğu artıq sübut olunub. Hüquq-mühafizə orqanları əməliyyat tədbiri keçiriblər və həmin pulları onun evindən tapıblar. İstintaq bitəndə hər şeyi daha dəqiq biləcəyik.

Oğrunun atası deyir ki, qızım qızılları ona hədiyyə edib. Sizə bir sual verim. Hansı adam atasından-babasından qalma qızılları durub quluqçusuna hədiyyə edər? Belə şey olar? Bir ailənin hər şeyini aparıblar, evini qurudublar, indi də böhtan atırlar. Mənim qızım uşaq deyil, dəli deyil, ağılsız deyil ki, evin qızıllarını qulluqçuya versin”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
957 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...