AXC parlamentinin yeganə qadın üzvü: Şəfiqə Əfəndizadə kimdir?
1918-ci ilin 28 may tarixində Azərbaycanın Xalq Cümhuriyyəti quruldu. Bu elə bir dövrə təsadüf edirdi ki, Azərbaycanın Çar Rusiyasına qarşı milli azadlıq mübarizəsi nəticəsində, eləcə də, Birinci Dünya müharibəsi dövründə Şimali Azərbaycanda yaranmış müstəqil dövlət və Müsəlman Şərqində ilk parlament respublikası idi. AXC-nin paytaxtı əvvəlcə Gəncə, sonra isə Bakı şəhəri seçilmişdi.
Cümhuriyyətin yaranması ilə ilk dəfə həm dünyada, həm də Azərbaycanda qadına seçki hüququ verilib. Bundan istifadə edərək qadınlarımız ölkənin bir çox sahələrində təmsil olunmağa başlayıblar. Əvvəllər yalnız qadınlarımızı mətbəxdə görməklə kifayətlənsək də, AXC-nin qurulması ilə müxtəlif sahələrdə çalışan qadınlarımız diqqət mərkəzində oldu.
Cümhuriyyət dövrünün ziyalı qadınları əsasən mədəni-maarifçi, sosial, ictimai sahədə fəaliyyət göstərirdilər. Həm pedaqoji, həm də publisistik fəaliyyətlərinin kökündə maarifçilik missiyası duran bu xanımlar heç də dövrün kişilərindən geri qalmırdılar. Buna səbəb əslində Cümhuriyyət hakimiyyətinin qadın məsələsi və qadın hüquqları istiqamətində apardığı düzgün siyasət idi. Şərqdə ilk dəfə olaraq qadına seçkidə iştirak etmək hüququ verilmişdi. Yeni qız məktəbləri açılır və xanımlar hazır kadr kimi cəmiyyət üçün yetişdirilirdi. Məhz, bu addımlar cəmiyyətdə qadının da rolunu artırırdı.
Parlamentdə parlayan Günəş
Cümhuriyyət dövründən danışarkən onun adını çəkməmək günah olar. Söhbət Şəfiqə Əfəndizadədən gedir. O, Azərbaycan Cümhuriyyəti parlamentinin yeganə qadın əməkdaşı, Cənubi Qafqazın ilk qadın jurnalistidir.
1882-ci ildə Gürcüstanın tarixən türklərin yaşadığı Cavahetiya bölgəsində, Axalsix rayonunun Azqur kəndində doğulan Şəfiqə xanımın atası Məmmədəmin Şeyxzadə dövrünün tanınmış ziyalısı və müəllimi olub. Övladlarının təhsil alması ilə şəxsən özü məşğul olurdu. Şəfiqə də bacısı Səidə ilə təhsillərini məhz atasından alıb. On dörd yaşında ikən o, Şəki şəhərinə gedir. Burada atasının çalışdığı "Darrüssiyada" məktəbinin nəzdində qızlar üçün açılmış xüsusi qrupda dərs deməyə başlayır.
Tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Şəfiqə xanımdan danışarkən deyir ki, o, "Darrüssiyada” məktəbində çox qalmır, həmin il Bakıya gəlir. Qadın savadsızlığına qarşı mübarizə aparan ziyalılarla çiyin-çiyinə çalışır. Bu zaman böyük mesenat, milyonçu Hacı Zeynalabdin Tağıyev Bakıda ilk qızlar məktəbini açır. Bununla da, müsəlman Şərqində qadınların yüksək təhsil almasının təməli qoyulur. Görkəmli ictimai-siyasi xadim Nəriman Nərimanov Məmmədəmin Şeyxzadəyə məktub yazaraq, ondan qızını həmin məktəbdə dərs deməyə göndərməsini xahiş edir. Ata bu dəvətdən məmnun qalır. Ancaq qızının dövlət məktəbində təhsil almadığı üçün belə bir hüququ olmadığını bildirir. Belə olan halda Şəfiqə 1901-ci ildə Tiflisə qayıdır, orada imtahan verir və müəllimlik attestatı alır. Sonra yenidən Bakıya dönür. Rus-müsəlman qızlar məktəbində ana dilindən dərs deyir”.
Ali təhsilsiz qadın necə mollaların qənimi olur?!
Firdovsiyyə Əhmədovanın sözlərinə görə, Şəfiqə xanım Cümhuriyyət dövrünün ən fəal xanımı hesab olunur.
"O, ali təhsil almamasına baxmayaraq, həm publisist, həm də pedaqoq kimi çox dəyərli fəaliyyətə sahiblənib. Həmçinin, Cümhuriyyət parlamentində stenoqramçı kimi çalışaraq, orada bütün Azərbaycan qadınlarını təmsil edib. Bu xanım mütərrəqqi fikirlərinə görə xeyli təzyiqlərə də məruz qalıb. Məsələn, bir gün yas məclisində kişilərin yığışdığı məkana daxil olur və mollanın qələtini düzəldir. Baxmayaraq ki, o zaman qadının kişi məclisində olması qadağan idi. Amma buna rəğmən Şəfiqə xanım savadsız molla ilə də mübahisə edir ki, bu da məclisdəkilərin hiddətinə səbəb olur”.
Tarixçi xanım Firdovsiyyə Əhmədova Şəfiqə xanım barəsində bir məqamı xüsusi qeyd edir:
"Milli istiqlal hərəkatının yükşəlişində qadınlarımızın da öz payı var. Onlar əsasən "Nəşri Maarif”, "Nicat” cəmiyyətlərində ictimai, maarifçi və xeyriyyə işləri ilə məşğul olurdular. Cumhuriyyət dövrünün faəl xanımlarından Şəfiqə Əfəndizadəni göstərə bilərik. Qeyd edək ki, həm Şəfiqə xanım, həm də dövrün digər ziyalı qadını Sara xanım qurultayda başıaçıq çıxış edəndə az qala böyük "İsmailiyyə” binası alqışlardan titrəyirdi. İnsanlar bir ağızdan "yaşasın hüruriyyəti nisvan!” deməklə bu iki xanımı alqışlayırdılar.
Daha sonra Kazanda ümumrus müsəlmanlar qurultayı keçirildi. Orada da Şəfiqə xanım Əfəndizadə, Səlimə xanım Yaqubova iştirak edirdilər. Şəfiqə xanım həm parlamentdə stenoqramçı işləyir, həm gimnaziyada dərs deyir, həm də publisistik fəaliyyət göstərirdi. "Şərq qadını”, "Dəbistan” jurnalında çalışıb. "İşıq” jurnalı var idi ki, o Azərbaycanın ilk qadın jurnalı olub”.
İctimai fəalların sevimlisi
"Şəfiqə Əfəndizadə həm də ictimai işlərlə də məşğul olurdu. O, Hacının Qızlar məktəbində dərs deyən zaman müəllimə rəfiqələri - Hənifə xanım Məlikova, Səkinə Axundzadə, Sara Vəzirova ilə birlikdə dram dərnəyi yaratmışdı. Eyni zamanda, qızlara teatr mədəniyyəti, aktyorluq sənəti barədə məlumatlar verir, onları o dövrdə çıxan mətbuat xülasələri ilə tanış edirdi.
Şəfiqə xanım bir müəllimə kimi də, şagirdlərdə Azərbaycan ədəbiyyatına maraq və həvəs yaradırdə. Qızlara nəinki ədəbi əsərləri, dərslikləri oxumağı, eyni zamanda sərbəst, aydın, savadlı yazmağı da öyrədirdi. Gənc qızların yüksək təhsil almasına çalışan Şəfiqə xanım 1910-cu ilədək bu məktəbdə müəllimə işləyib. Fars, rus və ərəb dillərini, Şərq klassik ədəbiyyatını dərindən öyrənib. Eyni zamanda, qadın pedaqoji məktəbindəki müəllimlik kurslarında dərs deyib”.
Cümhuriyyət dövrü mətbuatının araşdırıcısı Qərənfil Quliyeva Şəfiqə xanımın fəaliyyətinin çox az öyrənildiyini vurğulayıb.
"1917-ci ilin aprelində Bakıda İsmailiyyə binasında Zaqafqaziya müsəlmanlarının qurultayı keçirilib. Qurultayda müxtəlif təbəqələrdən olan kişilərlə yanaşı, cəmi üç qadın - Tiflisdən Sara Talışinskaya, Bakıdan Şəfiqə Əfəndizadə və Sara Vəzirova iştirak ediblər. Fars, rus və ərəb dillərini yaxşı bilən, Şərq ədəbiyyatını mükəmməl öyrənən, Avropa mədəniyyəti ilə yaxından tanış olan Şəfiqə xanımın səlis, aydın və savadlı çıxışı hamını heyran edir. Şəfiqə xanım çıxışının sonunda qadınların maariflənməsi üçün yeni məktəblərin və teatrların açılmasını tələb edir. Onun çıxışı salonda böyük əks-səda doğurur”.
İki haşiyə
Tarixçi M.Oruclu yazır: "Şəfiqə Əfəndizadə və Sona Talışxanova adlı iki azərbaycanlı qadının çıxışından sonra vəziyyət nümayəndələri qadın məsələsinə ciddi münasibət bildirməyə vadar etdi. Qadınların çıxışından sonra keçmiş Bakı qazısı Ağa Məhəmməd Kərim tribunaya çıxaraq onları şəriət qanunlarına zidd olaraq kişilər qarşısında çıxış etdiklərinə görə mühakimə etdi. Bu zaman bütün zal qızışdı, kimin kimlə savaşdığı məlum olmadı. Maarifpərvər ziyalılar aranı sakitləşdirərək, qadınları gizlincə dal qapıdan cıxarmağa nail oldular".
C.Məmmədquluzadənin "Ölülər" pyesi ilk dəfə Bakıda 1916-cı ildə tamaşaya qoyulub. Tamaşa zamanı Şəfiqə xanım salonda bir qadının ağladığını görərək, ona yaxınlaşıb. Nə üçün ağladığını soruşanda qadın "Bu ki mənim həyatımdır, çəkdiyim əzablardır", - deyə həyəcanla cavab verib.
"Ağlama, bacım. Bu, təkcə sənin yox, bütün Azərbaycan qadınlarının həyatıdır", - deyə Şəfiqə xanım onu sakitləşdirib. Bu hadisə onu çox təsirləndirib. "Açıq söz" qəzetində "Ölülər" pyesi haqqında məqalə yazıb.
Cümhuriyyət dövrü çətinliksiz olmayıb
Araşdırmaçı Qərənfil Quliyeva Şəfiqə xanımın AXC dövründəki fəaliyyəti haqqındakı araşdırma yazısında onun xeyli çətinliklər yaşadığını göstərir:
"1918-ci ilin martında ermənilər tərəfindən törədilən mart faciəsi Şəfiqə xanımın da həyatına ağır zərbələr vurub. Bu qanlı olayda Şəfiqə xanımın başına bəlalar gəlib.
Bir müddət Qubada, Azqurda və İstanbulda yaşayıb. Lakin Azərbaycanda baş verən hadisələri mütəmadi olaraq izləyib və münasibət bildirib. Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra 1919-cu ilin aprelində Bakıya qayıdan Şəfiqə xanım yenidən pedaqoji işinə bərpa olunub.
Amma o, Sovet dövründə də dinc oturmayıb. Bu illərdə də müəllimliklə yanaşı, publisistik fəaliyyətini davam etdirib. 1923-cü ildə nəşrə başlayan "Şərq qadını" jurnalının redaksiya heyətinin üzvü seçilib, jurnalın məsul katibi və bədii ədəbiyyat şöbəsinin müdiri olub. Jurnal o zaman onun haqqında yazırdı:
"Şəfiqə xanım bütün Zaqafqaziyada ilk Azərbaycan dili müəlliməsi və bununla yanaşı, ilk Azərbaycan qadın jurnalisti və publisisti olub".
Tədqiqatçıların yazdığına görə, 1932-ci ilə qədər pedaqoji fəaliyyətlə məşğul olan Şəfiqə xanım Zaqafqaziyada, Qafqazda, Moskvada keçirilən qadın konfrans və qurultaylarında nümayəndə kimi iştirak edirdi.
Bütün ömrünü Azərbaycan qadınının maariflənməsinə, azadlığına həsr edən Şəfiqə xanım Əfəndizadə 1959-cu ildə Bakıda dünyasını dəyişib.
975 dəfə oxundu