Şəhidimizin ailəsi borcu ödəyə bilmədiyi üçün BİR İLDİR QAZSIZ QALIB
Mayın 20-si Naxçıvanda şəhid olan əsgərimiz Adil Tatarovun ailəsinin sosial durumunun ağır olması ilə bağlı iddialar yayılıb.
Sosial şəbəkələrdə paylaşılan məlumatlarda bildirilir ki, Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində yaşayan ailə həddindən artıq yoxsul vəziyyətdədir. Onlar "Azəriqaz"a olan borcu ödəyə bilmədikləri üçün 1 ildir qazsız qalıblar. Yalnız Adilin şəhid olması xəbərindən sonra icra nümayəndələri qazı bərpa edib. Ailə başçısı Əli Tatarov dolanışıq üçün balıq ovu ilə məşğul olub. Amma "qanunsuz balıq ovu" ittihamı ilə işi məhkəmədədir. Ailənin qız övladlarından biri isə xəstədir. Xəstəlik üçün verilən təqaüdü iki ildir ki, ala bilmir. Səbəb isə xəstəliyin təsdiq olunması üçün ailədən istənilən rüşvəti verə bilməməsidir.
Məsələ ilə bağlı open.az-a açıqlama verən Ağstafa rayonunun Qıraq Kəsəmən kəndinin icra nümayəndəsi Nürəddin Yaqubəliyev bildirib ki, hazırda ailənin qaz təminatı var: "Əvvəl borclarının olub-olmamasını dəqiq bilmirəm, amma hazırda qazları var. İcra başçımız da ailəyə lazım olan bütün köməkliyi göstərir. Şəhidin qəbir daşını da başçı özü qoyduracaq. Qaldı ki, Əli kişinin balıqçılıqla məşğul olması və işinin məhkəməyə düşməsinə, mən bu barədə bir şey deyə bilməyəcəm. Bu, artıq məhkəmənin işidir. Adilin bacısının xəstəlikdən əziyyət çəkməsi doğrudur. O, II qrup əlildir. Amma o xəstəlik təqaüdünü alır".
Adilin atası Əli Tatarovla əlaqə yaratmaq istəsək də, onun telefonunun olmadığını bildirdilər.
Əli Tatarovun qudası Əli Qocayev isə saytımıza açıqlamasında yayılan iddialar barədə məlumatı olmadığını bildirdi: "Mən onlar barədə heç nə deyə bilmərəm. Məlumatım yoxdur. Sağ olsun dövlətimiz də, rəhbərliyimiz də hər cür şərait yaradıb. Hazırda Adilin 3 mərasimidir. Ailənin başı çox qarışıqdır. Gəlib-gedən çoxdur. Qudam sizinlə danışa biləcək halda deyil".
822 dəfə oxundu