General rezonans yaratdı: İrəvanı vura bilərik – Şərh

General rezonans yaratdı: İrəvanı vura bilərik –

Azərbaycan ordusunun hərbi birləşmə komandiri, 4 günlük aprel döyüşlərinin qəhrəmanlarından olan general-mayor Mayis Bərxudarovun Ordu.az saytına verdiyi müsahibədə səsləndirdiyi bəzi fikirlər geniş müzakirələr yaradıb. O bildirib ki, Azərbaycan tərəfi İrəvanın mərkəzini vurmaq iqtidarındadır.

General-mayorun bu açıqlaması kifayət qədər rezonans doğurub. Eyni zamanda, düşmən ölkədə də təşvişə səbəb olub.

Bir məqamı da qeyd edək ki, daha əvvəllər də bu kimi fikirlər səslənəndə belə iddialar ortaya atılırdı ki, biz İrəvanı vursaq, düşmən ölkə də Azərbaycanın şəhərlərini vura bilər. Əslində durum necədir, işğalçı ölkənin buna alternativ cavab vermək gücü varmı, yəni onlar Gəncəni, Mingəçeviri, Bakını vura bilərlərmi?

Ekspertlər deyir ki, Ermənistan ordusunun gücü, hərbi texnikası, silahları Azərbaycanla müqayisə gəlməyəcək dərəcədə zəifdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emil Həsənli Musavat.com-a açıqlamasında Mayis Bərxudarovun əsl həqiqətləri dilə gətirdiyini bildirib:

“Cənab general doğruları dilə gətirib. Bu gün bizim çox müasir, güclü silahlarımız, raketlərimiz var. Ermənistanın istənilən hədəflərini sıradan çıxara bilərik. Cənab general təbii ki, tək İrəvanı nəzərdə tutmur. Əslində Ermənistanın hansı yerində hərbi obyektləri varsa, onu vurmaq imkanlarımızın yüksək olduğunu deyir. Erməni generalları ayrı-ayrı vaxtlarda müəyyən fikirlər səsləndirirlər. İrəvan Naxçıvanın 40 kilometrliyindədir və orada çox güclü ordumuz var. Azərbaycan xalqı, sadəcə, bu məsələlərə sülhlə yanaşır. Mayis Bərxudarovun rəhbərlik etdiyi birləşmə 2-5 aprel döyüşlərində həm Füzuli, Cəbrayıl, həm də Tərtər, Ağdərə istiqamətində düşmənə çox ağır zərbə vurdu. Ermənistanın bəzi ekspertləri ayrı-ayrı vaxtlarda bildirirlər ki, biz də İsgəndər silahları, bəzi raketlər var, Azərbaycanın istənilən nöqtəsini vura bilərik. Sanki bilmirlər ki, Bakı Ermənistandan 360-500 kilometr aralıdadır. Azərbaycan dünyanın silah istehsal edən ən müasir dövlətlərindən modern silahlar alıb.

Hazırda hava, quru və dəniz sərhədlərimiz çox yüksək səviyyədə qorunur. Hətta Ermənistan cəhd etsə belə, hansısa bir şəhərimizi, mülkü əhalinin yaşadığı yeri vura bilməz. Onların belə bir gücü olsaydı, bundan istifadə edərdilər, çünki beynəlxalq hüququ tanımırlar. Hazırda Ermənistana rəhbərlik edənlərin əli Xocalıda mülkü əhalinin qanına batıb. Rəhbər olan həmin şəxslər Füzulidə ikiyaşlı Zəhranı qətlə yetirdilər, mülkü əhaliyə atəş açdılar. Dəfələrlə bu cür hadisələr olub. Amma Azərbaycan ordusu heç vaxt mülkü əhaliyə qarşı silah işlətməyib, Qazaxdan tutmuş Naxçıvana qədər üstün olduğumuz yerlərdə heç vaxt mülkü əhaliyə atəş açmamışıq. Hətta əməliyyatlar gedən vaxtda belə əsirlərlə Azərbaycan əsgərləri humanist davranıblar. Ermənilər nə cür cəhdlər etsələr belə, heç nə edə bilməzlər. Çünki Azərbaycanın müasir hərbi kompleksi, silah arsenalı, müdafiə imkanları var.

Ordumuzun saxlanması, silahlandırılması çox yüksək səviyyədədir. Azərbaycanın elə peşəkar hərbiçiləri var ki, istənilən müasir silahdan ən yüksək səviyyədə istifadə edə bilirlər. 2016-cı ilin aprel hadisələri bunu sübut etdi. Azərbaycan ordusunda hər şey yüksək səviyyədədir. Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünə təhdid olacaq Ermənistanın istənilən ərazisini istənilən an vurmaq gücündəyik. Cənab general fikirlərində bunları nəzərdə tutur ki, oradan Azərbaycan üçün bir təhlükə varsa, istər İrəvan, istərsə də digər yer olsun, həmin təhlükəli nöqtəni vurmaq iqtidarındayıq”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1064 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...