Ümumdünya ticarət müharibəsi: İnvestorlar dollardan imtina edərək avroya üz tutur TƏHLİL
Trampın polad və alüminium idxalına rüsum tətbiq etmək fərmanı ticarət müharibələrinə təkan verib
ABŞ prezidenti Donald Tramp on gün əvvəl polad və alüminium üzrə idxal rüsumlarının, müvafiq olaraq, 25% və 10% səviyyəsində tətbiqi barədə fərman imzalayıb. Bu addımın səbəbləri, nəticələri, siyasi və iqtisadi sarsıntıları yalnız onu deyir ki, Trampın seçkiqabağı vədləri ilə prezident kürsüsündə əyləşdiyi zaman arasında Atlantik okean qədər fərq var.
Proteksionizm Trampın seçki qabağı proqramının əsas müddəalarından biri olub. Həmçinin prezident olduğu dövrdə Tramp dəfələrlə bəyan edib ki, yerli istehsalçılarının maraqlarının müdafiəsi administrasiyasının prioritetlərindən biri olub və olacaq. Mötərizədə qeyd etmək yerinə düşər ki, Tramp administrasiyasında idxal rüsumların tətbiqinə qarşı çıxanları prezident çox fikirləşmədən işdən çıxarıb. Yəqin seçki qabağı populist vədlərin yerinə yetirilməsi iqtisadi məqsədəuyğunluğu və siyasi gərginliyin yaratmamağı üstələyib.
İdxal rüsumların tətbiqində müəyyən iqtisadi əsasları var. Söhbət, əlbəttə ki, ABŞ-ın xarici ticarət kəsirinin artmasından gedir. Belə ki, ABŞ-ın xarici ticarət kəsiri 566 mlrd. dollara çatıb ki, bu da nə az, nə çox 9 illik maksimuma bərabərdir.
4 Tramp və onun tərəfdarları açıq bəyan edirlər ki, ticarət müharibəni yaratmaq niyyətində deyillər, amma bu səviyyədə ticarə kəsiri olduğu ilə də barışmaq istəmirlər. İlk baxışdan burada hər şey məntiqə uyğundur. Lakin belə fikirlər də var ki, proteksionizm və konkret olaraq idxal rüsumlrının tətbiqi xarici ticarətində müşahidə olunan kəsirin azalmasına kömək etməyəcək. Əsas kimi neftlə bağlı vəziyyət gətirilir. Belə ki, son illər ərzində ABŞ-da şist neftin hasilatının yüksək templə artımı baş verib ki, nəticədə əvvəl hasilat idxalın səviyyəsinə qədər yüksəlib, sonra neftin idxalı kəskin azalmağa başlayıb. Təbii haldır, amma xarici ticarətin kəsirinin azalması baş veribmi? Xeyr. Məlum olduğu kimi, dünyada müxtəlif iqtisadi nəzəriyyələr mövcuddur və onların birinə əsasən, xarici ticarətin saldosunu tək ixracla idxal arasında fərqlə və yaranan vəziyyətin səbəblərinin araşdırması olmadan dəyərləndirmək olmaz. Daha konkret: aydındır ki, ticarət kəsiri idxalın ixracdan artıq olduğu zaman yaranır, amma daha dərin kəsirin əsas səbəbi yerli istehsalın istehlakı təmin etməməsi şəraitində yaranır. ABŞ-ın durumunda neft hasilatı artsa da, iqtisadiyyatda tələbin artması və hasilatla bağlı xərclərin artması xarici ticarət kəsirinin azalmasına gətirib çıxarmayıb. İdxal heç nədən yaranmır və burada idxalın daha ucuz olduğu heç də birinci amil deyil. İdxalın ən əsas səbəbi yerli istehsalın tələbi təmin etmək qabiliyyətində olmamasıdır, tələb istehsalı üstələyəndə, kəsiri xaricdən gətirmək məcbursan. Əgər bu halda idxala rüsum tətbiq edilirsə, bu yalnız daxili bazarında qiymətlərin artımına səbəb olur. Dünyada buna dair minlərlə misal mövcuddur, hər ölkədə bu cür vəziyyət yaranır. Fikrimizcə, polad və alüminiuma idxal rüsumları tətbiq etməklə Tramp xarici ticarət kəsirin azalda bilməyəcək. Əvəzinə yalnız yeni problemlər yaradacaq.
Bu problemlər özünü çox gözlətməyəcək. Həmin addımına cavab kimi Avropa İttifaqı ABŞ mallarına qarşı adekvat rüsumları tətbiq etməyə hazır olduğunu bəyan edib. Söhbət ABŞ-ın seçilmiş mallarına idxal rüsumlarının tətbiqindən gedir. Avropada Trampın qərarından çox narazıdırlar və burada da ticarət müharibəsinin uğurla aparılması üçün bütün "alətlər" mövcuddur. Digər tərəfdən Tramp polad və alüminiuma rüsum tətbiq etməklə kifayətlənmək niyyətində deyil: artıq məlumdur ki, növbəti addım Çindən idxal edilən mallarına idxal rüsumlarının tətbiqi və ya artırılmasıdır. Çin artıq indidən bəyan edib ki, bu cür addımlara adekvat cavab veriləcək, yəni ABŞ-dan gətirilən mallara da rüsumlar tətbiq olunacaq. Belə olan halda iki ölüm nəticəsi "əldə olunacaq".
Çinin atacaqları addımlara hazır olmayan ABŞ-da istehsal sektoru dərhal mənfi təsiri hiss edəcək;
ABŞ-ın Çinə ixracatının həcmi azalacaq.
Tramp tərəfindən ticarət müharibəsinin başlanmasının mənfi təsirləri artıq müşahidə olunmağa başlayıb. Bu ilk növbədə maliyyə bazarında nəzərə çarpır. Birincisi, ABŞ-ın xəzinə istiqrazları üzrə gəlirlik artır. Aydındır ki, dövlət istiqrazları üzrə gəlirliyin artması investorlar həmin ölkəyə daha yüksək faizlə borc vermək niyyətini əks etdirirlər ki, bu da öz növbəsində həmin ölkənin problemlərə malik olduğunu göstərir. Dövlət istiqrazlarının gəlirliyi investorların (o cümlədən, xarici investorların) həmin ölkəyə "yanaşmasının" barometridir.
Bundan əlavə valyuta bazarında maraqlı tendensiyalar yaranmağa başlayıb. ABŞ administrasiyasının addımından və Çinlə bağlı planlarının elan edilməsindən sonra dünyanın əsas valyuta treyderlərinin və həmçinin mərkəzi banklarının avroya marağı artırıb. Bəzi hesablamalara görə, yaxın il-il yarım ərzində dünyada valyuta ehtiyatlarının təxminən yarım trilyonu dollardan avroya çevriləcək. İnvestorlar, treyderlər, həm də mərkəzi banklarının valyuta strateqləri ABŞ-ın ticarət müharibəsinin başlamasında müsbət bir şey görmür və diqqətlərini avroya yönəldirlər. Bu biznes strukturlarının ABŞ-ın addımlarını mənfi qiymətləndirdiyini göstərir. Nəticədə, dolların ucuzlaşması yalnız vaxt məsələsidir ki, bu da indiki vaxtda ABŞ-ın xeyrinə deyil. Burada həmçinin daha bir məqamı diqqətdən qaçırmaq olmaz. ABŞ-ın addımları fonunda Avropa Asiya və Latın Amerikası ölkələri ilə azad ticarət rejimlərinin tətbiqini planlaşdırır.
Yekunda əvvələ qayıtmaq istərdik. Seçki qabağı vədlərlə reallıq arasında geniş fərq var və bu, tək ticarət məsələləri ilə bağlı deyil. Daha bir misal gətirək. Bu misal Trampın seçkiqabağı vədlərini yerinə yetirməkdə gücsüz olduğunu göstərir. Belə ki, seçkilər zamanı Tramp Barak Obamanı və ümumilikdə demokratları Rusiya və Putinlə razılığa gəlmək qabiliyyətində olmamaqda günahlandırırdı. Prezident olduğu zaman artıq başa düşüb ki, bu, qeyri-mümkün bir məsələdir və hazırda Avropa ölkələri ilə birlikdə Rusiya diplomatlarını ölkəsindən kənarlaşdırır. Vəzifədə olmadan tənqid etmək asandır, vəzifəyə gələndən sonra həmin tənqidin əsassız olduğunu etiraf etmək daha çətindir. Obama 8 illik prezidentlik dövründə böhranla mübarizə kimi çətin duruma düşsə də, ticarət müharibəsi kimi addım atmayıb. Halbuki böhran zamanı ilk növbədə ağıla proteksionizmə əl atmaq kimi fikir gəlir. Əmin olmaq olar ki, işdən çıxarılan administrasiyasının işçiləri Trampa məhz bunu sübut etməyə çalışırdılar və "bəlkə" onların fikirlərinə daha böyük diqqətlə yanaşmaq lazım idi, nəinki dünya miqyasında özünə düşmən qazanmağa...
956 dəfə oxundu