Trampın qərarı nəticəsində Rusiyaya dəyəcək ziyan açıqlanıb
ABŞ tərəfindən polad və alüminium məhsullarının ölkəyə idxalına tətbiq edilən yeni gömrük rüsumlarının Rusiyaya nə qədər zərər vuracağı açıqlanıb.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Rusiya ticarət və sənaye nazirinin müavini Viktor Yevtuxov ABŞ-a polad ixrac edən Rusiya şirkətlərinin təxminən 2 milyard dollar, alüminium ixrac edən şirkətlərin isə 1 milyard dollar zərərə məruz qalacağını bildirib. “Bizim müəssisələrimizin məruz qalacağı zərər, ilkin hesablamalara əsasən, poladdan 2 milyard, alüminiumdan 1 milyard dollar olacaq”, - deyə nazir müavini söyləyib.
Rusiyanın bu məsələni Dünya Ticarət Təşkilatının məhkəməsinə çıxaracağı gözlənilir.
Xatırladaq ki, ABŞ prezident Donald Tramp yerli polad və alüminium istehsalçılarını qorumaq məqsədilə bu məhsulların ölkəyə idxalı üçün yeni, yüksək gömrük rüsumları müəyyənləşdirib. Lakin qərar hələlik Kanada, Meksika, Avstraliya, Braziliya, Argentina, Cənubi Koreya və Avropa İttifaqı ölkələrinə şamil olunmayıb.
906 dəfə oxundu