Azərbaycanda pensiyaların verilməsində gecikmə yaranıb? - Rəsmi açıqlama

Azərbaycanda pensiyaların verilməsində gecikmə yaranıb? -
“Hazırda fevral ayının əmək pensiyalarının yanvar və fevral aylarındakı artımlarla birgə ödənilməsi prosesi normal qaydada həyata keçirilir, bu sahədə heç bir problem, çətinlik də müşahidə olunmur”

Bunu “Qafqazinfo”ya açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Elman Babayev son günlər sosial şəbəkələrdə təqaüdlərin verilməməsi ilə bağlı yayılmış xəbərlərə münasibətində bildirib.

Şöbə müdiri qeyd edib ki, bununla belə, cılız siyasi ambisiyaları ilə ortalığı qarışdırmaq mərəzinə mübtəla olanlar indi də guya “bankomatlar qarşısında sıxlığın və pensiyaların verilməsində maliyyə probleminin olması” kimi heç bir əsası olmayan informasiyanı ortaya atıblar. Bunun kökündə isə son günlər pensiyaların artırılması kimi sosial müdafiə sahəsində həyata keçirilən növbəti mühüm tədbiri gözdən salmağa yönələn mənasız cəhdlər dayanır.

“Halbuki, Azərbaycan Prezidenti İlham Əliyevin 09 fevral 2018-ci il tarixli Sərəncamının icrası olaraq, əmək pensiyalarının ümumi məbləğinin ötən ilin orta aylıq əmək haqqının illik artım tempinə uyğun olaraq, cari il yanvarın 1-dən 5,7 faiz artırılması işləri qısa müddətdə başa çatdırılıb. Geniş bir əhali kateqoriyasının, yəni həm Sərəncamın şamil olunduğu 1 milyon 236 min nəfər pensiyaçının hər birinin pensiyası, həm də fərdi uçot sistemindəki 3 566 745 nəfər sığortaolunanın fərdi hesablarının sığorta hissəsindəki pensiya kapitalı üzrə indeksləşdirilmə əsasında müvafiq artımın edilməsi üçün dəqiqləşdirmə və hesablamaların aparılması müəyyən vaxt tələb edirdi. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu avtomatlaşdırılmış sistemin köməyi ilə bu işləri cəmi iki günə yekunlaşdırdı. Beləliklə də pensiyaların ödənişində hansısa ciddi gecikmə halı özünü göstərmədi və əvvəlcədən də elan olunduğu kimi fevarlın 13-ü deyil, fevralın 15-dən ölkədə pensiyaların ödənişi həyata keçirilir. Artıq Bakı, Naxçıvan, Abşeron və Sumqaytda pensiyaların maliyyələşməsi tam yekunlaşıb” , deyə E.Babayev bildirib.

Qurum rəsmisi vurğulayıb ki, əvvəlki aylarda olduğu kimi hazırkı fevral ayında da respublikanın şəhər və rayonları üzrə mərhələli şəkildə pensiyaların ödənişi normal qaydada tam yerinə yetiriləcək və respublika üzrə fevral ayının pensiyalarının verilməsi elə fevral ayı ərzində tam başa çatdırılacaq:

“Bununla yanaşı, hazırda bankomatlar qarşısında hansısa sıxlıq, narahatedici hal da müşahidə olunmur. Pensiyaların verildiyi gün bu və ya digər məqamda hansısa bankomat qarşısında növbələşmə halı baş verirsə belə, bunu guya “pensiyaların verilməsində gecikmə”, “pensiya ödənişində maliyyə problemi” kimi təqdim etmək absurd yanaşmanın ifadəsidir. Çünki pensiyaların ödənişi pensiya vəsaitlərinin pensiyaçıların kart hesablarına köçürülməsi prosesi ilə tamamlanır. Həmin vəsaitləri pensiyaçıların hansı vaxtda və hansı bankomatdan nağd formada çıxaracaqları onların öz istəyinə bağlıdır”.

E.Babayev digər tərəfdən, bu gün bankomatlar vasitəsilə təkcə pensiyaların deyil, əmək haqlarının, müxtəlif kompensasiyaların və s. ödənişlərinin də həyata keçirildiyini bildirib: “Ona görə də hansısa bankomat qarşısında qısa müddətli növbəlilik müşahidə olunmasından dərhal yalan və şaiyə əsaslı “pensiyaların verilməsində gecikmə” şousu düzəltmək sağlam təfəkkürə ziddir. Fevral ayının pensiyaları həmin ay içərisində maliyyələşib başa çatdırılırsa burda hansı maliyyə çatışmamazlığından söhbət gedə bilər? Ümumiyyətlə, Azərbaycanda hər hansı ayın pensiyasının maliyyələşməsinin növbəti aya keçməsi halı yoxdur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
866 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...