"Rəis siyahı verib tapşırıb ki, bu maşınlar cərimə meydançasına aparılsın"
Yanvarın 15-də Xətai rayonu ərazisində yol polisi tərəfindən saxlanılan maşının sürücüsü əvvəlcə "avtoş”luqda ittiham edilib, sonra isə başqa ona maddə ilə protokol yazılıb.
GUNDEMİNFO.AZ-ın məlumatına görə, "Qafqazinfo”ya müraciət edən vətəndaş İsrafil Cəbrayılov bildirib ki, 99 YP 290 nömrəli YPX maşınında xidmət aparan əməkdaşlar tərəfindən saxlanılan 10 GU 242 nömrəli "Toyota Prado” markalı həmin avtomobil kürəkəni, Cəbrayılov Taleh İsmayıl oğluna məxsus olub:
"Ona deyiblər ki, sən "avtoş”san, maşın cərimə meydançasına aparılacaq. O da həmin vaxt uşaqlarını məktəbdən götürməyə gedirmiş. Polis deyib ki, bizlik bir şey yoxdu. Rəis Cavanşir Ələkbərov siyahı verib tapşırıb ki, bu maşınlar cərimə meydançasına aparılsın. Ona "avtoş”luq etməsini sübut edən hər hansı video və ya foto görüntü təqdim etməyiblər. Məcburən yanına bir serjant polis oturdublar, bir yerdə məktəbə gediblər. Uşaqlar da atalarının yanında polisi görüb qorxublar, həyəcan keçiriblər. Onları evə düşürəndən sonra polis əməkdaşı maşını cərimə meydançasına aparıb. Talehə də deyib ki, sabah gəlib rəislə danışarsan”.
T.Cəbrayılov 102 xidmətinə zəng edərək məlumat verib.
İ.Cəbrayılov qeyd edib ki, bundan sonra yol polisi maşın sahibinə zəng edərək avtomobili gəlib aparmasını bildirib:
"Deyiblər ki, sənə işıqların yanmadığı haqda protokol yazırıq, 45 manat da cərimə ediblər. Protokolu da saxlanılan zaman yox, bir gün sonra yazıblar. Sonra da protokolu ona verməyiblər, bir kağıza kodu yazıb veriblər ki, ödəyərsən. Bu gün həmin cərimə meydançasına getdim, yenə də protokolu bizə vermədilər. Bizim kimi 10-larla adamı da "avtoş” adı ilə tutub gətirmişdilər. Bu, özbaşınalıq, qanunsuzluqdur”.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr Bölməsinin rəisi, polkovnik Vaqif Əsədov açıqlamasında bildirib ki, məsələ araşdırılacaq: "Vətəndaş bizə müraciət etsin, biz ətraflı araşdırma aparaq. Artıq mediaya müraciət etməsi də bizim məsələni araşdırmağımız üçün kifayətdir. Həmin yol polisi əməkdaşının üzərində olan səsyazma cihazı vasitəsilə sürücü arasındakı dialoq araşdırılacaq. Vətəndaşın yol polisinin pul tələb etməsi barədə dedikləri inandırıcı deyil. Belə bir hal qeyri-mümkündür. Bu məsələ dərhal araşdırılacaq və nəticədən asılı olaraq qərar veriləcək”.
1024 dəfə oxundu