Azərbaycanlılarla afrikalılar Almaniyada etiraz aksiyası keçirdilər
Syerra-Leone, Azərbaycan və İrandan gəlmiş bir neçə yüz qaçqın Almaniyanın Aşağı Bavariya torpağında yerləşən Degenndorf tranzit mərkəzində etiraz aksiyası təşkil ediblər.
Hazırda tranzit mərkəzində 350 qaçqın yaşayır ki, bunlardan 260 nəfəri Syerra-Leonedən gələnlərdir. Qalanları isə Azərbaycan və İran vətəndaşlarıdır. Qaçqınlar çox ağır şəraitdə yaşamalarından, qidalanma ilə bağlı problemlərdən və onlara sığınacaq verilməməsindən şikayətlənirlər. Onlar uşaqlarına təhsil, özlərinə isə iş hüququ və yaşayış yerlərinin yaxşılaşdırılmasını tələb edirlər. Hazırda qaçqınlar səkkiz nəfərlik baraklarda yaşayırlar. Onların əksəriyyəti iki ildən artıq müddətdir ki, tranzit mərkəzinin sakinləridir.
Qaçqınların təşkil etdiyi etiraz aksiyası tranzit mərkəzində başlayıb və şəhərin mərkəzində - Degenndorf meriyasının binasının qarşısında başa çatıb. Yüzlərlə insan meriyanın qarşısına əllərində plakatlarla toplaşaraq müddətsiz aclıq aksiyasına başladıqlarını bildiriblər.
Etiraz edənlər qeyd edirlər ki, Almaniyada sığınacaq axtarışında olublar, əslində isə məyusluğa düçar ediliblər. “Qoy bütün dünya görsün ki, Almaniya qaçqınlara necə yanaşır”, - etiraz edənlərin plakatlarında deyilir.
Vəziyyəti gərginləşdirən amillərdən biri də o olub ki, hakimiyyət etiraz edənlərdən bəzilərinin deportasiya edilməsi barədə qərar verib.
Öz növbəsində, Aşağı Bavariya hökumətində qaçqınların yerləşdirildiyi məkanların pis vəziyyətdə olması ilə bağlı ittihamları qəbul etmirlər və etirazları əsassız sayırlar.
“Syerra-Leone qaçqınları və onların tərəfdarları sığınacağın verilməsi haqqında qanunu tanımaq istəmirlər. Onlara yaxşı qida verilir və nəzərə alaraq ki, müsəlmandırlar, donuz əti rasiondan çıxarılıb. Gənclər təhsil və layiqli yaşayış şəraiti əldə ediblər. Orta hesabla hər otaqda 3 nəfər yaşayır. Buna görə də, onların etirazları əsassızdır”, - Aşağı Bavariya hökumətinin bəyanatında bildirilir.
845 dəfə oxundu