Respondentlərin 85,2%-i prezident İlham Əliyevə səs verəcək - Rəy sorğusu
“ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi 2018-ci il prezident seçkiləri ərəfəsində ölkədəki mövcud ictimai-siyasi durumun qiymətləndirilməsi, seçici fəallığı, aktual məsələlərə əhalinin münasibətinin müəyyənləşdirilməsi məqsədilə ölkə ərazisində sosioloji tədqiqat və sorğu aparıb.
APA-nın məlumatına görə, “ELS - Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyinin sədri İradə Yaqubova bu gün keçirdiyi mətbuat konfransında sorğunun nəticələrini açıqlayıb.
İ. Yaqubova bildirib ki, təqdim olunan tədqiqat 2017-ci ilin noyabr-dekabr aylarında ekspress rəy sorğusu şəklində ölkənin 68 rayonunda (Naxçıvan MR ərazisi və işğal olunmuş rayonlar istisna olmaqla) keçirilib. Tədqiqat respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə (face to face) keçirilən rəy sorğusu formasında aparılıb. Sorğu 18 və daha yuxarı yaşlı əhalini əhatə edib. Ümumilikdə sorğu zamanı 4560 respondentin rəyi öyrənilib. Sorğunun keçirilməsi üçün xüsusi hazırlıq kursunu keçmiş intervüerlər qrupu yaradılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılıb və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğu ilə əhatə edilmiş yaşayış məntəqələrinin 36,2%-i şəhər, 4,9%-i qəsəbələr, 58,9%-i isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb.
Sorğunun əhatə etdiyi respondentlərin 49,2%-ni kişilər, 50,8%-ni isə qadınlar təşkil edib. Ailə vəziyyətlərinə görə onların 75,9%-i evli, 17,7%-i subay, 4,7%-i dul, 1,7%-i isə boşananlar olub. Rəyi soruşulanların yarısından çoxu, yəni 53,7%-i orta təhsilli olduğunu bildirib. Orta ixtisas təhsillilər 18,3%, ali təhsillilər 17,0%, aspirant və elmi dərəcəsi olanlar isə 0,1% təşkil edib. Respondentlərin 7,9%-i orta təhsilə malik olmayanlardır. Məşğulluqlarına görə respondentlərin 17,1%-i dövlət sektorunda, 22,4%-i özəl sektorda, 14,8%-i özünə işləyən, 2,2%-i tələbə, 11,0%-i işləməyən təqaüdçü, 8,9%-i işsiz, lakin iş axtaran, 23,6%-i isə evdar qadın olub.
Azərbaycanın bugünkü ictimai-siyasi vəziyyətini qiymətləndirən respondentlərin 92,8%-i vəziyyəti sabit hesab edib. Rəyi soruşulanların 3,9%-i vəziyyəti qeyri-sabit qiymətləndirib, 3,3%-i isə cavabdan imtina edib. Ümumiyyətlə, Azərbaycanın son 5 ildə hansı istiqamətdə inkişaf etdiyini: düzgün, yaxud yanlış, qiymətləndirən respondentlərin 83,7%-i inkişaf istiqamətini düzgün, 4,8%-i yanlış kimi qiymətləndirib. Rəyi soruşulanların 11,5%-i cavab verməkdə çətinlik çəkib.
Növbəti mərhələdə rəyi soruşulanlara Azərbaycan prezidentinin həyata keçirdiyi siyasətin qiymətləndirilməsi təklif olunub. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasəti qiymətləndirənlərin 91,4%-i bu siyasəti dəstəklədiyini, 4,5%-i dəstəkləmədiyini bildiriblər. Rəyi soruşulanların 4,1%-i cavab verməkdə çətinlik çəkib. Dövlət başçısının həyata keçirdiyi daxili siyasəti qiymətləndirdikdə əksəriyyət (84,7%) bu siyasəti dəstəklədiyini, 5,5%-i isə dəstəkləmədiyini deyib. Cavab verməkdə çətinlik çəkənlər 9,8% olub.
Azərbaycanın həyatında baş verən əhəmiyyətli hadisələri qeyd edən respondentlər ilk növbədə 2016-cı ilin aprel döyüşlərindəki qələbələri və “Böyük Qayıdış”ın rəmzinə çevrilən Cocuq Mərcanlını qeyd ediblər (67,4%). Mehriban Əliyevanın birinci vitse-prezident təyin edilməsi (62,9%), Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı (59,3%), “ASAN Xidmət” mərkəzlərinin açılışı və uğurlu fəaliyyəti (57,6%), yeni infrastrukturun yaradılması (51,6%), yeni məktəblərin tikilməsi və açılışı, yeni uşaq bağçalarının açılışı (43,9%), beynəlxalq müsabiqələr, yarışlar, tədbirlərin keçirilməsi (35,4%), yeni iş yerlərinin açılması (34,8%), bölgələrə gedən yolların bərpası (34,6%), rayonların qazlaşdırılması (31,2%), neft müqaviləsinin bağlanması (27,3%), məcburi köçkünlərə, şəhid ailələrinə evlərin verilməsi (21,0%), abadlaşdırma işlərinin aparılması (20,3%), “Qarabağ” futbol klubunun beynəlxalq arenada tanınması, idmançılara diqqətin gücləndirilməsi (16,7%), rüşvətxor məmurların işdən çıxarılması (15,9%), pambıqçılığın, baramaçılığın, tütünçülüyün inkişafı (15,4%) və digərləri də rəyi soruşulanlar tərəfindən önəmli hadisə kimi qiymətləndirilib. Eyni zamanda, turizmin inkişafı və xarici turistlərin ölkəyə axınını, müxtəlif festivalları qeyd edən respondentlər bu tədbirlərin məhz Azərbaycanın iqtisadiyyatının, o cümlədən daxili turizmin inkişafı, beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli hadisə kimi qiymətləndiriblər.
Sorğu zamanı respondentlərə Azərbaycanda mütəmadi olaraq keçirilən seçkilərdə iştiraklarına dair sual verilib. Rəyi soruşulanların 67,2%-i seçkilərdə həmişə iştirak etdiyini söyləyib. Respondentlərin 16,9%-i bəzən iştirak etdiyini, 12,0%-i heç vaxt seçkilərdə iştirak etmədiyini deyib. Cavabdan imtina edənlərin sayı 3,9% təşkil edib. Səs verənlərin cavablarını cins nöqteyi-nəzərdən təhlil etdikdə, qadınların seçkilərdə iştirakının bir qədər zəif olduğu müşahidə olunur. Bu hal demək olar ki, ənənəvidir.
Sorğu zamanı respondentlərə gələn həftə prezidenti seçkiləri keçiriləcəyi halda, prezidenti İlham Əliyevə səs verib-verməyəcəklərinə dair sual verilib. Rəyi soruşulanların 85,2%-i İlham Əliyevə səs verəcəyini bildirib. 5,1%-i dəstək verməyəcəyini deyib, 9,7% respondent isə cavab verməkdə çətinlik çəkib.
Seçki ərəfəsində seçkilər və namizədlər barədə məlumatı əsasən hansı mənbələrdən aldıqlarını qeyd edən respondentlər ilk növbədə dövlət televiziyası və radiosunu qeyd ediblər (78,6%). Növbəti təsiredici mənbə kimi özəl televiziya, radio göstərilib (49,4%). Rəyi soruşulanlar internet saytlarını (31,3%) və sosial şəbəkələri (29,7%) də seçkilərə dair informasiya mənbəyi qismində qeyd ediblər. Keçən sorğularda olduğu kimi, tanış və qohumların da rəyləri (21,7%) nəzərə alınır.
Beləliklə, bu gün Azərbaycan seçicisi prezident İlham Əliyevin fəaliyyətini yüksək qiymətləndirir və onu gələcək prezident seçkilərində dəstəkləməyə hazır olduğunu bildirir.
934 dəfə oxundu