“Əlverişli hücum mövqeyi seçilib” - General Kərəm Mustafayev
Ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Babək rayonunun Gərməçataq kəndindəki hərbi hissənin əhatə etdiyi postda olub.
AzVision.az-ın məlumatına görə, əsgər və zabitlərlə görüşən Ali Məclisin sədri bildirib ki, xidmətin nümunəvi təşkili bu ərazidə insanların rahat yaşayışını təmin edir. V.Talıbov qeyd edib ki, ölkəmiz inkişaf etdikcə ordumuz da qüdrətləndi, əsgər və zabitlər üçün hərtərəfli xidmət və yaşayış şəraiti yaradıldı:
"Bu sərhəd bölgəsində də yeni postlar yaradıldı, yol çəkildi, xidmət nümunəvi təşkil olundu".
Əlahiddə Ümumqoşun Ordu komandanı, müdafiə nazirinin müavini general-leytenant Kərəm Mustafayev müdafiənin ön xəttində xidmətin təşkili haqqında məlumat verib.
General-leytenant qeyd edib ki, ərazidə əlverişli hücum mövqeyi seçilib və möhkəm müdafiə potensialı yaradılıb, postlar müasir silah və texnika ilə təmin olunub, yenisəngər və əlaqə yolları çəkilərək əlverişsiz hava şəraitinə uyğunlaşdırılıb. Postlar arasında dayanıqlı rabitə əlaqəsi və rahat gediş-gəliş təmin edilib.
Ali Məclisin sədri Gərməçataq kəndində yerləşən dayaq məntəqəsində də olub, şəxsi heyətlə görüşüb.
Əsgərləri salamlayan V.Talıbov bildirib ki, bu gün ölkəmizdə ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsinə və müasir silah-sursatla təminatına imkan verir.
Sədr qeyd edib ki, vaxtilə bu ərazidə hərbi xidmət ağır şəraitdə həyata keçirilirdi: "Lakin bu gün dayaq məntəqəsində və onun əhatə etdiyi postlarda nümunəvi xidmət şəraiti yaradılıb.Bu ərazidə yerləşən yaşayış məntəqələrində insanların rahat yaşayışının təmin olunması şəxsi heyətin xidmətinin təşkilindən asılıdır. Çünki ölkənin sərhədlərinin etibarlı qorunması vətəndaşların rahat yaşayışına və quruculuq işlərinin aparılmasına xidmət edir. Gərməçataq kəndində aparılan geniş quruculuq işləri və yaradılan müasir kənd infrastrukturu ona görə mümkün olub ki, Azərbaycan əsgəri öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirir, torpaqlarımız etibarlı müdafiə olunur".
Daha sonra Ali Məclisin sədri xidməti vəzifələrini uğurla yerinə yetirdiklərinə görə şəxsi heyətə təşəkkür edib və xidmətdə fərqlənən hərbi qulluqçuları qiymətli hədiyyələrlə mükafatlandırıb.
872 dəfə oxundu