Bahalaşma “it bazarı”nı da vurdu: “Şəxsi ev heyvanları bazara çıxarılır” (FOTO/VİDEO)

Bahalaşma “it bazarı”nı da vurdu:

Ölkədə tüğyan edən bahalaşma bütün sahələri cənginə alıb və təbii olaraq heyvan bazarından da yan keçməyib. Paytaxtın zoomağazalarında ev heyvanlarının, eləcə də, heyvan yemlərinin qiyməti artıb. Bu durum heyvansevərlərin də vəziyyətini çətinləşdirib.

Məlumdur ki, ölkəmizə cins heyvanların əksəriyyəti xaricdən idxal olunur. Bu zaman həm manatın məzənnəsinin zəifləməsi, həm gömrük rüsumu və vergi , həm də lojistik xərclərin artması qiymətlərə təsir edir. Gundeminfo.az xəbər verir ki, musavat.com-un müxbiri heyvan bazarındakı durumu öyrənmək üçün "it bazarı” adı ilə tanınan, "Təzə bazar”dakı heyvan bazarına baş çəkib.

Həftənin bazar günü olduğundan bazarda qələbəlik hiss olunur. Bu gün digər günlərə nisbətən alıcıların da, satıcıların da sayında artım müşahidə olunur.

Bazarın daimi satıcıları ilə yanaşı, təsadüfi şəxslər, yəni şəxsi ev heyvanlarını və ya onların balalarını bazara çıxarıb satanlar da az deyil.

Qiymət artımı isə bazarın girişində ilk addımdaca hiss olunur və satıcılar bunu inkar etmirlər.

Onların sözlərinə görə, alıcılar ən çox az qulluq tələb edən dekorativ balıqlara üstünlük verirlər və balıqların da qiyməti bu il iki dəfə artıb: "Balıqların xaricdən gətirilməsi baha başa gəlir, həmçinin gömrük rüsumları qalxdığından balığı topdan gətirənlərə də artıq sərf etmir və məcbur olub baha satırlar.

Bahalaşma isə özü ilə başqa bir problem də gətirir- alıcılıq zəifləyir. Yəni istənilən halda təkcə alıcı yox , biz də itiririk. Misal üçün, əvvəl bir ədədi 1 manata satılan balıqları indi 2 manata satırıq. Bəzi yerlərdə hətta 3 manata satanlar da var. Lakin yerli balıqların qiymətində artım yoxdur. Yerli seleksionerlər, özləri yetişdirənlər ucuz satmağa çalışırlar. Çünki daha çox satmağa həvəslidirlər. Yerli som balığını adi şəraitdə, yəni kran suyunda artırıb çoxalda bilirik. Bu balıqların qiyməti bahalaşmayıb. Əvvəl də 1 manata idi, indi də... Lakin xaricdən gətirilən som balıqları var ki, onlar 1 manat 50 qəpiyə təklif olunur”.

Satıcı bildirdi ki, bazarda daha çox Afrika balıqlarının üstünlüyü təşkil edir: "Əsasən Tanqanika və Malaviya gölündə yaşayan balıq növləridir. Təbii ki, biz bunu qonşu ölkələrdən alırıq. Bu balıqların bir neçə növünü Rusiyada yetişdirirlər, topdan Azərbaycana göndərilir. Balıq yemlərinin qiyməti də artıb. Alman istehsalı olan balıq yemləri var ki, onlara kombinasiya olan yemlərdir. Bu yemlər əsasən heyvanın ciyərindən, ürəyindən və bitki mənşəli yemlərdən hazırlanıb. "Tetra Diskus” adlanan yeminin kiloqramı 60 manatdır. Ən ucuz balıq yeminin isə bir stəkanı 1 manatdır”.

Bazarda ən çox üstünlük təşkil edən cins itlərin satışıdır. Burada istənilən növdə cins itlərə rast gəlmək mümkündür. Ancaq hər zamanki kimi it bazarında alıcıdan çox satıcı var idi.

Satıcıların əksəriyyəti öz ev heyvanlarını satışa çıxarmışdılar və bu durumdan heç də məmnun görünmürdülər. Onlarla söhbətimizdən məlum oldu ki, bu duruma səbəb isə it yemlərinin, eləcə də ətin kəskin bahalaşmasıdır. Artıq insanlar heyvanların yem xərclərini qarşılamaqda çətinlik çəkirlər və bazara çıxarıb satmağa çalışırlar.

Öz şəxsi itini bazara satmağa gətirən gənclərdən biri bir neçə həftədir itini satışa çıxardığını, lakin alıcı tapa bilmədiyini qeyd etdi: "Artıq bir neçə bazardır ki, itimi sata bilmirəm. Cinsi "sibir avçarkası”dır. Bir neçə il olar ki, məndədir. Əvvəl satmağı nəzərdə tutmuşdum, sonra xoşuma gəldi, saxlamağa başladım. İndi yemlər bahalaşıb, saxlamağa imkanım yoxdur. "Dədəsi” sibir iti, "anası” çubuş olub. Adına "Zvanok”da deyirlər. Bu cinsdən olan itlər ağıllı itlər hesab olunur. Bu itlər yemlə yanaşı, ətlə qidalanır. Ət də bahalaşandan sonra saxlaya bilmədim Minimum 700 manata satmağı nəzərdə tutmuşam.

Lakin alıcılar 200 manat təklif edirlər. Bu isə ona çəkdiyim xərcin bir hissəsini belə qarşılamır. Son qiymət 400 manatdır”.

Daha bir satıcı da öz ev heyvanını satışa çıxarıb, lakin istədiyi qiymətə sata bilmir: "Satmağa gətirdiyim Sibir laykası olan "haski” adlanır. Qiyməti 250 manatdır. Maraqlanan çoxdur. Ancaq istədiyim qiyməti vermirlər. Real alıcı olsa, 200 manata verərəm. Daha çox ruslar, almanlar, ingilislər , yəni xarici millətlər maraq göstərirlər. Bizim insanımızın itə marağı azdır. Onları da qınamaq olmaz, it saxlamaq çox çətindir. Yemlər bahalaşıb. Bu itlərin özəlliyi odur ki, yaxşı mühafizəçidirlər, uşaqlarla mehriban davranırlar. "Haski”lər aqressiv heyvan deyil. Qış mövsümi gələndə itlər ucuzlaşmağa başlayır. Əsasən yay mövsümündə daha çox tələbat olur. İnsan yay tətilində bağlara getdiyindən it almağa maraqlı olurlar. Saxlanmasına gəlincə süd, kolbasa, sosiska məhsulları vermək doğru deyil. Özümüz nə yeyiriksə o yeməkdən veririk. Düyü, qarabaşaq, makaron, imkan daxilində toyuğun döş ətini verirəm. Küçük olduğundan çiy ət vermirəm. Əti yalnız qaynadıb vermək olar. Böyüyəndən sonra çiy ət yeyə bilər”.

Qeyd edək ki, bazara əvvəlki kimi qiyməti 2-3 min manat arasında dəyişən itlər gətirilmir. Ən bahalı itin qiymətinin 500 manat olduğunu öyrəndik. Səbəb isə odur ki, alıcılıq yoxdur və bahalı itləri bazara çıxartmaq sərfəli deyil.

Pişiklər itlərə nisbətən daha ucuz satılır, ən ucuzu 30 manat ən bahalısı isə 100-200 manat arasında dəyişir.

Satıcılar deyir ki, bazarda canlanma daha çox yayda yaşanır, bu zaman bazara 3 min manata satılan itlər də çıxarılır və tələbat da yüksək olur. Qışda isə heyvan saxlamaq çətinləşdiyindən insanlar almağa meyilli olmur.

Bahalaşma “it bazarı”nı da vurdu:
Bahalaşma “it bazarı”nı da vurdu:
Bahalaşma “it bazarı”nı da vurdu:
Bahalaşma “it bazarı”nı da vurdu:




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1644 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...