"Üzərində Ermənistan bayrağı olan "Mercedes-Benz" Azərbaycandan alınmayıb" — Şirkət rəsmisi
Bakının mərkəzi küçələrində üzərində Ermənistan bayrağının rəngləri olan "Mercedes-Benz" markalı avtomobillə bağlı "Mercedes-Benz"in Azərbaycandakı rəsmi distribütoru "Autokapital-Azərbaycan" şirkəti açıqlama yayıb.
Şirkətin Marketinq və ictimai əlaqələr şöbəsinin rəisi Sevinc Abbasova bildirib ki, sözügedən avtomobil "Mercedes-Benz"in rəsmi salonlarından alınmayıb:
"İlk növbədə qeyd edim ki, həmin avtomobil 2008-2009-cu il istehsalıdır. "Mercedes-Benz GL 550" modeli ancaq ABŞ bazarı üçün istehsal olunur. Həmin bu avtomobil də Avropa bazarı üçün istehsal edilməyib. Yəni, rəsmi diler bu maşını Azərbaycana gətirə bilməz. "Mercedes-Benz"in Azərbaycandakı rəsmi dilleri bu modeli heç vaxt idxal etməyib. Avropa, o cümlədən, Azərbaycan bazarı üçün yalnız "GL/GLS 500" modeli nəzərdə tutulub. Həmçinin, sözügedən avtomobilin nömrəsinin altında "Ulduz" və "Mercedes-Benz" yazılıb. Bizim rəsmi dilerlər isə həmin hissədə öz adları və əlaqə nömrələrini qeyd edirlər. Ona görə, bu maşın bizdən alındığı ilə bağlı yayılan informasiya tamamilə əsassızdır".
Sevinc Abbasova həmin avtomobilin Ayna Sultanova küçəsində yerləşən avtosalondan alınması məsələsinə də aydınlıq gətirib:
"Ayna Sultanova küçəsində yerləşən "Mercedes-Benz"in rəsmi nümayəndəliyi yoxdur. Bizim iki ünvanda - Babək Prospekti və Bakı-Sumqayıt yolunun 6-cı kilometrliyində salonlarımız mövcuddur. Həmçinin avtomobilin üzərində olan emblem “Euro Motorscars” şirkətinə məxsusdur. O isə ABŞ şirkətidir və oranın bazarı üçün fəaliyyət göstərir. Biz isə Azərbaycan bazarı üçün gətirdiyimiz avtomobilləri Almaniyadan idxal edirik".
1067 dəfə oxundu