"Salyan Oil"dan çıxarılan işçiləri məhkəmədə aşağıladılar: "Çinlilərin çörəyini yeyirdiniz..."
“Salyan OİL” Əməliyyat Şirkətinin ixtisarlara salınmış bir qrup əməkdaşı şirkətə qarşı Nəsimi Rayon Məhkəməsində iddia qaldırıb. Hazırlıq iclası zamanı şirkətin vəzifəli şəxsləri neftçilərə qarşı alçaldıcı ifadələr səsləndiriblər.
Bu barədə virtualaz.org saytına Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, avqustun 31-də imzalanmış əmrlə 15 neftçi işdən çıxarılıb. “Şirkətdə hər ay işdən çıxarılanlar olur. Bu dəfəki ixtisarlar “Hasilatın pay bölgüsü” sazişi ilə əlaqələndirilib. Beləliklə də şirkət Azərbaycan üçün yeniliyə imza atıb. Əmək Məcəlləsinin tələbləri pozulub”,- Qəhrəmanlı deyib.
Hazırlıq iclası zamanı şirkət əməkdaşlarından biri neftçilərə “Yediyiniz qaba tüpürdünüz, çinlinin çörəyini yeyirdiz” deyib. İşçilər isə bildiriblər ki, şirkətdə yerli işçilərlə qarşı kobud rəftar edirlər, təhqiramiz ifadələr səsləndirirlər. Yerli işçilərlə eyni vəzifədə çalışan əcnəbilərin maaşları arasında böyük fərq var, əcnəbi işçilərə güzəştlər edilir.
Qeyd edək ki, hazırda məhkəmədə 4 nəfərin iddia ərizəsinə baxılır.
Onu da xatırladaq ki, “Salyan OİL” şirkətinin çinli baş meneceri Shan Lianzhengin əmri ilə şirkətdə işləyən 1000 nəfərə yaxın işçinin maaşı qənaət bəhanəsi ilə 33 faiz azaldılmışdı. “Bu isə bütün neft əməliyyat şirkətləri arasında onsuz da daha az əməkhaqqı alan “Salyan OİL” neftçilərinin məvacibini minimuma endirib. İş hətta o yerə çatıb ki, ağır əmək şəraitində çalışan neftçilərin bəzilərinin aylıq əməkhaqqı 300-400 manata düşüb” – maaşın azaldılmasına etiraz edən aksiyaçılar virtualaz.orgsaytına bildirmişdilər.
Xatırladaq ki, Azərbaycanın quru ərazisinin Kür çökəkliyində yerləşən “Kürsəngi” və “Qarabağlı” yataqları 1960-ci və 1962-ci illərdən istismar edilir. “Azərbaycan Respublikasında “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” 15 dekabr 1998-ci il tarixində saziş imzalanıb. “Frontera Resorses” və “Delta/Hess” Ltd. şirkətləri arasında imzalanmış saziş 22 aprel, 1999-cu ildə qüvvəyə minib. 2002-ci ilin mart ayından “Frontera Resorses” və “Delta/Hess” Ltd. şirkətlərinin saziş paylarını Çin Milli Neft Korporasiyası (CNODC) alıb. Saziş sahəsi 450 km2-dır.
İşlənmə dövründə yataqlarda 808 quyu qazılıb, bunlardan 494 quyu “Kürsəngi”, 314 quyu “Qarabağlı” yataqlarında yerləşir.
1073 dəfə oxundu