Avrasiya İttifaqı “məxməri çevriliş”in astanasında – Qırğızıstan prezidenti hakimiyyəti varisinə ötürməyi bacaracaqmı? - TƏHLİL
Roman Qazenko
Regnum.ru, 30.09.2017
Karyerasını başa vuran Qırğızıstan prezidenti Almazbek Atambayevin sentyabrın 20-də BMT Baş Assambleyasının 72-ci sessiyasındakı “vida” çıxışı əsassız olmayaraq onun varisi, keçmiş baş nazir Sooronbay Jeenbekova siyasi xeyir-dua kimi nəzərdən keçirilir.
Bununla bağlı hər şeydən öncə Atambayevin BMT-dəki çıxışının parlaq giriş hissəsi diqqət çəkir: “Mənim qədim xalqım tarixi inkişaf və təşəkkülün uzun və çətin yolunu keçib. Biz bir zamanlar öz yazmızı, tarixdə böyük qırğız dövləti adlanan çoxmillətli dövlətimizi, qırğız xaqanlığını yaratmaq xoşbəxtliyinə nail olmuşuq… Təəssüf ki, sonrakı tarixi hadisələr qırğız dövlətçiliyinin itirilməsi və xalqımızın böyük qisminin məhvinə səbəb olub… Buna görə də azadlıq, müstəqillik və suveren dövlət milli ideya, xalqımın bütün tarixi yolu boyunca passionar hərəkətləndirici qüvvəsi idi. Bu yol ölkənin 1991-ci ildə suverenlik qazanması ilə nəticələnib”.
Bu passajın mətnində Qırğızıstan Ukrayna ilə əvəzlənsə, bunu Ukrayna lideri Pyotr Poroşenkonun ifasında təsəvvür etmək asandır. Atambayev xalqın tarixi müsibətlərində “rus imperializmi”ni birbaşa ittiham etmədən keçib, lakin bu, onun bəyanatının kontekstindən birmənalı şəkildə irəli gəlir. Həm də təsadüfi deyil. Ukraynalı həmkarındansa, Qırğızıstanın fəaliyyətdəki prezidenti xeyli dərəcədə ruslara siyasi nifrət və praktik millətçilik təcrübəsinə malikdir. Atambayevin indiki antirusiya böyük dövlətçilik demaqogiyası hələ yerli millətçi birliklər tərəfə siyasi reverans etdiyi 2013-cü ilin yazına gedib çıxır – rus dilinin nüfuz üstünlüyündən danışır, qırğız dilini bilməməyi isə ədəbsizlik adlandırırdı…
Almazbek Atambayevin Sooronbay Jeenbekovla görüşü
Lakin bu mövqe niyə məhz indi, ifratcasına həyəcanlandırılmış Qırğızıstanın siyasi yolayrıcında yenidən nəzərə çarpdırılır? Bunu Rusiyanı Atambayevin irəli sürdüyü keçmiş baş nazir Sooronbay Jeenbekovun oynaya biləcəyi mümkün Ukrayna ssenarisi ilə şantaj cəhdi kimi dəyərləndirməmək çətindir. Bu demarşın təcili səbəbi üzdədir. Yəqin ki, bu yaxınlarda Soçidə danışıqların gedişində Atambayev Rusiya rəhbərliyindən seçkilərdə Jeenbekova ifadəli dəstək əldə etməyə nail olmayıb.
BMT tribunası isə Qırğızıstan daxili siyasətinin millətçi dönümünün girovu ola biləcək rusdilli əhalisinin taleyi və Avrasiya layihəsi ilə Putinə basqı göstərmək üçün dünya ictimaiyyətinin gözündə yaxşı üsuldur. Bu, Putinin Atambayevin iflasa uğrayan iqtisadi kursunun davamçısını dəstəkləmək və xarici borcu ÜDM-in 60%-ni təşkil edən Qırğızıstan iqtisadiyyatının maliyyə dəlik-deşiklərini səxavətli dotasiyalarla ağzını yummaqdan imtina edəcəyi hal üçündür. Deməli, Qırğızıstanın fəaliyyətdəki prezidenti xarici siyasət cəbhəsində öz varisi uğrunda mübarizə tarifini birmənalı şəkildə yüksəldərək, BMT-dəki çıxışından birbaşa sonra Avrasiya İqtisadi Birliyi üzrə ən mühüm tərəfdaşlarından biri – Qazaxıstanla münasibətləri açıq şəkildə kəskinləşdirib. Qırğızıstanın Xarici İşlər Nazirliyi Qazaxıstan lideri Nursultan Nazarbayevin Qırğızıstandakı prezident kampaniyasının perspektivli iştirakçılarından biri – oliqarx Omurbek Babanovla görüşü xüsusünda Qazaxıstan səfirinə etiraz notası təqdim edib.
Atambayevin özü prezidentliyə namizəd olarkən, Rusiyanın o vaxtkı baş naziri Vladimir Putinlə görüşdüyü nəzərə alınsa, bu, aşkar şəkildə qondarma bəhanədir. Özbəkistan prezidenti Şavkat Mirziyoyevin bir sıra müxalif namizədlərlə bu yaxınlarda bu cür görüşləri diplomatik nəticələrsiz qalıb və MSK tərəfindən seçki qanunvericiliyinin pozulması kimi müzakirə edilməyib. Hətta həmin anda Qazaxıstan tərəfindən Qırğızıstan arşınlarına görə önəmli 100 milyon dollar həcmində müftə dotasiya ayrılması haqda məsələnin müzakirəsi də Atambayevi dayandırmayıb. Almazbek Atambayevin bu cür əsəbi hərəkətinin səbəbi onun “adamının” prezident kreslosu uğrunda mübarizədə təmiz qələbə əldə edəcəyinə ifrat inamsızlıq ola bilər. Bəllidir ki, Atambayevin öz keçmiş sürücüsünü Jeenbekovun seçki qərargahının rəisi təyin edərkən onun xoşbəxt prezidentlik perspektivinə əvvəlki inamından iz də qalmayıb. İndi isə Avrasiya layihəsindəki qarşılıqlı münasibətləri və bölgəsəl təhlükəsizliyi karta qoymaq lazım gəlir. Prezident yarışının müxalif favoritlərinin seçki məsafəsindən mümkün ləğvi, ya da “xoşagəlməz” namizədin qələbəsi nəticəsində seçkilərin etibarsız qəbul edilməsi halında daxili-siyasi qarışıqlığın səksəkəli əlamətləri də göz qabağındadır.
Almaz Atambayev: “Seçkilər təmiz keçməlidir”
Fəaliyyətdəki prezidentin inzibati resurslardan öz əlaltısının maraqları üçün istifadə etdiyi haqda saysız-hesabsız faktlar qırğız cəmiyyətində hakimiyyətin bütün səviyyələrdə səsvermə prosesi və onun nəticələrinin mümkün saxtalaşdırılmasında kobud müdaxilənin tamamilə əsaslı gözləntilərini doğurur. Sentyabrın 30-a Bişkekdə “Təmiz seçkilər uğrunda” hərəkatın parlamentin deputatı Janar Akayevin təşkil etdiyi etiraz aksiyası nəzərdə tutulmuşdu. Tələsik yaradılmış hərəkatın sosial-siyasi gündəliyi saxtakarlıq imkanlarına yol verən seçkilərin təşkili haqda hakimiyyətə qarşı kəskin iddilar ehtiva edib. Digər yandan, hərəkat namizədlərin özləri tərəfindən seçki qanunvericiliyinin ağır pozuntuları haqda bildirir. Diqqətçəkəndir ki, bu ritorika XİN-in seçkilərin gedişinə xarici təzyiq göstərməkdə Qazaxıstan prezidenti Nazarbayevə qarşı irəli sürülmüş rəsmi ittihamını təkrar edir.
“Təmiz seçkilər uğrunda” hərəkatın yaradılmasının yenidən formatlanmış kortəbii narazılığın nəticəsi olub-olmadığından, ya da fəaliyyətdəki hökumətin onu nəzarətdə saxlamaq cəhdindən asılı olmayaraq, yeni təşkilat Ukraynanın hər iki seçkisonrası maydanının texnologiyası üzrə daxili-siyasi qarışıqlığa fitil olmağa qabildir. O, bu mexanizmi hansı qüvvələrin hərəkətə gətirmək cəhdlərindən asılı olmayaraq təyin üzrə hakimiyyət və müxalifətin qarşıdurmasını yeni səviyyəyə qaldıra bilər – artıq konstitusiya meydanı çərçivəsindən kənarda. Bu cür ssenaridə tərəflərdən birinin formal qələbəsi külli miqdarda daxili-siyasi məsariflərlə müşayiət olunacaq və qırğız cəmiyyətinin Atambayevin idarəçilik dövründə dondurulmuş, amma çözülməmiş sistemli iç ziddiyyətlərini yalnız ağırlaşdıracaq.
Bu variantı da çıxdaş etmək olmaz ki, bu gün-sabah Qırğızıstanın keçmiş prezidenti olası adam öz əlaltısı üçün bu təhlükələrlə dolu kursu buraxmaqla şüurlu şəkildə kəskinləşməyə oynayır və ona hakimiyyəti güc yoluyla əldə saxlamaq imkanı verən fövqəladə durum tətbiqi variantını nəzərdən keçirir. Məqsəd – seçkilər və yaxud nəticələrinin ləğvi yoluyla ölkə başçıs postunda qalmaq – Atambayevin əsas xarici siyasət resurslar bazası – Rusiya və Qazaxıstanla münasibətlərin “məntiqsiz” kəskinləşdirmə məntiqinə bəraət qazandıra bilər. Sooronbay Jeenbekov bu halda durumun şüurlu şəkildə çaxnaşdırmaq üçün çıxarlı siyasi material kimi istifadə olunur. Belə ssenari dövlət başçısının seçkilərə qatılmaq üçün onu niyə istefaya göndərdiyinə izahat ola bilər, amma bunun üçün baş nazirin məzuniyyət götürməsi yetərli idi.
Lakin Jeenbekova durumdan asılı olaraq ya vəzirə çeviriləcək, ya da lövhədən götürüləcək simasız siyasi piyada kimi yanaşmaq olmaz. Hakimiyyətdən hətta formal şəkildə uzaqlaşdırılmış keçmiş baş nazir daxili siyasətdə özünün nüfuzlu qəbiləsinə söykənir, xarici siyasət resursunun səviyyəsinə görə isə öz qəyyumu ilə inamla rəqabət apara bilər.
Sooronbay Jeenbekovun Fars körfəzinin karbohidrogenlə zəngin monarxiyaları ilə sıx əlaqələri ona təkcə astronomik maliyyə imkanlarına deyil, həm də onların arxasında duran ABŞ-ın siyasi resurslarına söykənməyə şərait yaradır. Onların ölkədə və bölgədə maraqlarının bələdçisi olmaqla, sərmayələrinə, inşaat işlərinə və Qırğızıstanda vəhhabi yönlü məscidlər şəbəkəsinin dövlət səviyyəsində leqallaşmasına şəxsən lobbilik edib. Jeenbekov-Atambayev siyasi duetindəki rollar bu baxımdan tamamilə zidd görünür ki, bu da istefadakı baş nazirə öz yolunu fəaliyyətdəki prezidentin əliylə təmizləməkdə qeyri-formal imkan verir.
Sooronbay Jeenbekov
Bu cür bölgü Yaxın Şərqin neft şeyxlərinin “Jeenbekov üçün” ayırdığı maliyyənin niyə Qırğızıstanın kəskin iqtisadi problemlərinin həllinə deyil, faktiki olaraq ənənəvi dünyəvi quruluşunun sındırılmasına getdiyinə izahat rolu oynaya bilər. Atambayevin Qırğızıstan iqtisadiyyatının bundan sonrakı tənəzzülünün qarşısını almaq bacarıqsızlığı fonunda ölkənin sürətlə islamlaşdırılması təkcə onun cəmiyyətdəki nüfuzunu sarsıtmır. Bu, ekstremist dini təşkilatların maneəsiz fəaliyyəti və sıralarının dolması üçün qidalandırıcı mühit yaradır və Rusiyada yasaqlanmış İŞİD-in Suriya və İraqda tam darmadağınından sonra Qırğızıstanı onun ehtiyat filialına çevirir. Rusiya ilə açıq mühacirət rejimi nəzərə alınmaqla terrorçu müharibənin Rusiya ərazisinə köçürülməsi üçün Qırğızıstan ideal əməliyyat meydanı kimi nəzərdən keçirilməyə bilməz. Öz postunu tərk etməkdə olan prezident Atambayev bu kontekstdə “varis” layihəsində heç də müstəqil fiqur kimi görünmür, faktiki olaraq əhalinin və əsas xarici tərəfdaşların dəstəyi kimi resurs təməlini dağıdır.
Eyni zamanda siyasi fitil kimi rəngli iki qırğız inqilabı ssenarisinin tamamilə mümkün təkrarının islam amili kimi istifadə oluna biləcəyinin əlamətləri getdikcə daha aydın şəkildə üzə çıxır.
Müşahidəçilər qeyd edirlər ki, son üç həftə ərzində Bişkek və Oşda otelləri dolduran Amerika və ərəb “turistlər”inin sayı kəskin şəkildə artıb. Təkcə 13-16 sentyabrda bu məqsədlə Portuqaliyanın “Euro-Atlantic” aivaşirkətinin beş əlavə çarter reysi təşkil olunub. Yerli diqqətəlayiq məkanlar qonaqları aşkarca maraqlandırmır. Onların diqqət mərkəzindəki dini ekstremist təşkilatların artan fəallığıdır. Onlar başqa ölkələrdə yasaqlansa da, Qırğızıstanda sərbəst fəaliyyətdədir və ötən günlərdə gözədəyərcəsinə fəallaşıblar. “Cənub paytaxtı”nın – Oş şəhəri – küçələrində (istiyə baxmayaraq) niqablı və əlcəkli qadınların sayı çoxalıb. İslamçı funksionerlər həm Bişkekdə, həm də Oşda məscidlərə ibadətə getmək tələbli ilə mənzilbəmənzil gəzirlər. Çəkişməyə başlayan və imtina edənlərin hamısını cəza ilə hədələyir və dindən dönüyün aqibəti ilə “muştuluqlayır" və ümmət işinin satqınlarından ölkədən rədd olmağı tələb edirlər. Səciyyəvidir ki, bu, nəticədə indiki prezident Almazbek Atambayevin hakimiyyətə gəldiyi 2010-cu il aprel çevrilişi ərəfəsini yada salır…
Tərcümə Strateq.az-ındır.
956 dəfə oxundu