Çingiz Qənizadə: “Hacı Qalib özü barədə lotu imici yaradır”
Milli Məclisin deputatı Çingiz Qənizadə sabiq millət vəkili, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadənin qudası Qalib Salahzadənin onun haqqında söylədiyi ittihamlara cavab verib.
Ç.Qənizadə “Ölkə.Az”-a açıqlamasında bildirib ki, Qalib Salahzadə onun haqqında söylədiyi fikirləri məhkəmədə sübut etməlidir:
“Hacı Qalib Salahzadənin son açıqlamaları ilə tanış oldum. Bu açıqlamalar da əvvəlki kimi cəfəngiyyat, məntiqsiz, böhtan və həqiqətə söykənməyən ifadələrlə doludur. Bəli, Hacı Qalib Salahzadə vaxtilə həbs edilib. Daxili işlər orqanları onu həbs edib, istintaqı mən aparmışam, sanksiyanı mən vermişəm. Vaxtilə “Bilgəhli Ramiz” adllı şəxsin ölümündə bir neçə adam şübhəli bilinirdi. Bununla bağlı bir neçə adam saxlanılmışdı. Onlardan biri layiqli cəza alıb. Həmin vaxtı ehtimal edilirdi ki, bu cinayəti Hacı Qalib sifariş verib. Ancaq istintaq bunu sübuta yetirə bilməyib”.
Ç.Qənizadə Hacı Qalib Salahzadədən çəkinmədiyini də söyləyib:
“Bununla belə, Hacı Qalibin mənim haqqımda söylədiyi fikirləri, guya mənim ondan çəkinməyim, onunla barışmaq üçün adam göndərməyim və sairə, bütün bunların hamısı tamamilə yalandır. Mən təklif edirəm ki, jurnalistlər tanıdıqları deputatlara sual versinlər ki, doğrudanda Hacı Qalib millət vəkili olanda mənimlə kin saxlayıb və sairə. Hacı Qalib deputat olanda hamı kimi, mənimlə də görüşürdü, bir süfrə arxasında da otururduq, lağ-lağa da edirdik. İndi Hacı Qalib durub cəfəngiyyat danışır. Mən sadəcə olaraq hüquqi yolu tutdum. Ona görə də Hacı Qaliblə bağlı məhkəmə qərarı vermişəm, artıq Vəkillər Kollegiyasının üzvü Vaqif Mustafayevlə müvafiq müqavilə bağlamışam, xüsusi ittiham qaydasında Hacı Qalibi məhkəməyə verirəm. O, ya mənim haqqımda dediklərini sübut etməlidir, ya da qanun qarşısında cavab verməlidir. Bundan sonra Hacı Qalib mənim haqqımda nə istəyir, danışa bilər. Hamı kimin kim olduğunu yaxşı bilir. Mənim həyatımın 30 ildən artığı Azərbaycanın ictimai-siyasi həyatına həsr olunub, tələbəlik illərimdə qazandığım dostlar ən gözəl dostlardır. Yəni, mənim şəxsiyyətimlə bağlı hər hansı gözü kölgəliyim olsaydı, bu qədər dostlarım olmazdı. Mən 30 il əvvəl tanış olduğum insanların böyük əksəriyyəti ilə bu gün də dostluğu davam etdirirəm. Hacı Qalib də bir vaxtlar mənimlə dostluq edib, çay içib, söhbət edib və sairə. İndi durub cəfəngiyyat danışır. Mən isə qanunun dili ilə danışmağa üstünlük vermişəm. Hesab edirəm ki, məsələ yalnız məhkəmə qaydası ilə araşdırılacaq”.
Deputat Hacı Qalib Salahzadənin Azərbaycanın Baş prokurorunun ünvanına səsləndirdiyi ittihamlara da cavab verib:
“Hacı Qalib yenə də deyir ki, mən düşmənimin adını cəsarətlə söyləmişəm. Çox adam yaxşı bilir ki, o, düşmən dedikdə, kimi nəzərdə tutur. Ölkənin Baş prokurorunun adını hallandırır. Halbuki, Hacı Qalib uzun illər onun-bunun ətrafında gününü keçirtməklə müəyyən dəstəklər qazanıb. Yəqin ki, bu onun qanuni və ya qanunsuz əldə etdiyi var-dövlət, vəsaitlə bağlıdır. Amma indi elə vəziyyət yaranıb ki, hamı onun kim olduğunu yaxşı bilir. Hətta, bir vaxtlar Hacı Qalib Milli Məclisə də düşmüşdü. O, parlamentdə xalqın, dövlətin gələcəyini təhlükə altına qoyan ifadələr işlətmişdi. Mən o zaman da ona cavab vermişdim. Bildirmişdim ki, gəlin Şeyximizi qoruyaq. Sonra bir ay öncə Hacı Qalibin 500 nəfəri Həccə göndərməsi barədə fikirlərinə də cavab vermişdim. Demişdim ki, 500 nəfəri Həccə göndərmək əvəzinə, o vəsaitlə imkansız tələbələri oxutmaq daha faydalı olardı. İndi də deyir ki, Çingiz Qənizadə mənə sərsəm deyib və bunu sübut etməlidir. Artıq bu açıqlaması ilə Hacı Qalib müdafiə mövqeyi tutub. Ancaq mən hesab edirəm ki, Hacı Qalib mənim haqqımda dediklərini sübut etməlidir. Çünki mən cəmiyyətdə tanınan adamam. Dövlətimizin qayda-qanunları var. İndi Hacı Qalib də məhkəmə qarşısında cavab verəcək. Mən onunla heç bir dialoqa da getmək istəmirəm”.
Deputat vurğulayıb ki, kimliyindən asılı olmayaraq hər bir adam öz fikirlərini ifadə edəndə təhqir və böhtana yol verməməlidir:
“Təhqir və böhtana yol verən adamlar öz cılızlıqlarını göstərirlər. Hacı Qalib Salahzadə mənimlə bir məktəbdə oxumayıb, mənimlə eyni rayondan deyil, mənimlə qonşu olmayıb, ancaq birdən-birə mətbuata yalan açıqlama verməklə özünü avtoritet kimi aparır. O, özü barədə lotu imici yaradır. Ancaq mən qanunla hərəkət edərək, onun bu cür davranışları ilə bağlı məhkəməyə müraciət edəcəm”.
Ç.Qənizadə Hacı Qalib Salahzadəni “qeyri-ciddi” adlandırıb:
“İki gün öncə Hacı Qalib deyirdi ki, Şeyxin oğlu iki rükət namazı güclə qılır. İndi isə deyir ki, mən belə söz deməmişəm. Bu cür adamı ciddi qəbul etmək olmaz”.
1278 dəfə oxundu