Bu sürücülərə görə operativ qərargah yaradıldı - Yol polisinin bütün strukturları bir arada
Yasamal rayon DYPŞ-də vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə operativ qərargah yaradılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsi, həmçinin qəzaların qarşısının alınması, barələrində tərtib olunmuş inzibatı protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələrin sürücülər tərəfindən ödənilməsini təmin etmək məqsədi ilə Baş Dövlət Yol Polisi İdarəsi, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi, eləcə də şəhər, rayon yol polisi şöbə və bölmələri tərəfindən profilaktik tədbirlər davam etdirilir.
Bu istiqamətdə Yasamal Rayon Polis İdarəsi (RPİ) Dövlət Yol Polis Şöbəsi əməkdaşları tərəfindən (DYPŞ) inzibati protokollar üzrə təyin edilən vaxtı keçmiş cərimələri ödəməyən sürücülərin aşkar edilməsi məqsədi ilə operativ qərargah yaradılıb, belə hərəkət iştirakçılarına qarşı mütəmadi olaraq reydlər təşkil edilir.
Bu ilin 8 ayı ərazində Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən yol hərəkəti qaydalarını pozan sürücü və piyadalara qarşı ümumilikdə 18 min 791 ədəd inzibati protokol tərtib edilib. Həmçinin xüsusi texniki vasitələrin köməkliyi ilə qaydaları pozan 127 min 573 hərəkət iştirakçısı inzibati qaydada cərimələnib.
Bu dövrdə Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən qeyd edilən sayda inzibatı protokolların 95 faizi barəsində qanuna müvafiq qərar qəbul edilərək icrası təmin edilib.Yasamal rayon DYPŞ əməkdaşları tərəfindən yanvar-avqust ayı ərazində 2334 sürücü cərimələri vaxtında ödəmədiyi üçün avtomobilləri mühafizə olunan müvəqqəti duracağa yerləşdirilib.
Həmçinin Yasamal rayon DYPŞ-nin əməkdaşları tərəfindən kobud qayda pozuntularına yol verən, avtomobili sərxoş vəziyyətdə idarə edən, sürücülük vəsiqəsində nəzərdə tutulan cərimə balı həddini keçən 812 sürücü barəsində tərtib edilən protokollar müvafiq qərar qəbul edilməsi üçün məhkəmələrə göndərilib və bu sürücülərdən 237-nin sürücülük hüququ məhdudlaşdırılıb.
Sürücülər arasında aparılan profilaktik tədbirlər nəticəsində bu ilin 8 ayı ərzində Yasamal rayonu ərazisində ötən ilin müvafiq dövrü ilə müqayisədə 15 yol nəqliyyat hadisəsi az, yəni 22 qəza qeydə alınıb.
Qeyd edək ki, Yasamal rayonu ərazisində kobud qayda pozuntularına yol verən, cərimələri vaxtında ödəməyən sürücülərə qarşı reydlər bundan sonra da mütəmadi olaraq davam etdiriləcək.
914 dəfə oxundu