Müsəlman qətliamı: Dünya 3 min insanın ölümündən danışır
Son günlər Myanma ilə bağlı müəmmalı xəbərlər yayılır. Yayılan məlumatlara görə, bu ölkədə yerli müsəlmanlar kütləvi şəkildə qətlə yetirilir. İddialara əsasən son 2-3 gün ərzində Myanmada İslam dininə inanan 3 mindən çox insan öldürülüb.
Asiya ölkələrinin bəzi KİV-ləri isə qətllərin hərbçilər tərəfindən törədildiyini bildirir. Həmçinin qeyd edilir ki, Arakan vilayətində hərbçilər 100 mindən çox müsəlmanı evlərindən qovub.
Məsələyə Türkiyə mətbuatı və rəsmiləri də diqqqət ayırır. Türkiyə hökumətinin sədr müavini Bəkir Bozdağ ölkəsinin Myanmada baş verənlərdən narahat olduğunu bəyan edib: “BMT və Beynəlxalq Birlik soyqırımı xatırladan hadisələrə biganə qalmamalıdır”.
Söhbət müsəlman rohincalardan gedir. Bu xalq Cənub-Şərqi Asiyada yaşayır. BMT-nin son hesablamalarına əsasən Myanmada 770 minə yaxın rohinca yaşayır. 2010-ci ildən Myanmada müsəlman rohincalar təqib olunur. Buna səbəb onların öz dövlətlərini yaratmaq istəmələridir.
Regionda (Myanma, Banqladeş, Tayland, Pakistan və Malayziya) rohincaların ümumi sayı iki milyondur. Myanma rəhbərliyi onların bu mövqeyini ən sərt metodlarla boğmağa çalışır. Məsələn, 2012-ci ildə həyata keçirilən etnik təmizləmələr nəticəsində 200 min rohincalı ölkəni tərk edib.
BMT-nin baş katibi Antoniu Quttereş Myanmadan olan qaçqınların böyük əksəriyyətinin pənah gətirdiyi Banqladeşin rəhbərliyini sərhədləri yenidən açmağa çağırıb.
Myanma rəhbərliyi isə rəsmi KİV vasitəsilə bildirib ki, avqustun 25-də müsəlman əhalinin yaşadığı ərazilərdə fəaliyyət göstərən silahlı qruplaşmalar 24 polis postuna hücum edərək hüquq-mühafizə orqanlarının 12 əməkdaşını qətlə yetirib. Məhz bundan sonra regionda genişmiqyaslı hərbi əməliyyatlar başlayıb. Hökumət qüvvələrinin keçirdiyi əməliyyatlar nəticəsində 100-dən çox terrorçu zərərsizləşdirilib. 3000-ə yaxın müsəlmanının öldürülməsi ilə bağlı xəbəri hökumət təkzib edib.
1037 dəfə oxundu