Sumqayıtda 5 yaşlı uşağı it baş nahiyəsindən dişlədiyindən, vaksin təsir etməyib

Sumqayıtda 5 yaşlı uşağı it baş nahiyəsindən dişlədiyindən, vaksin təsir etməyib

"Sumqayıtda 5 yaşlı Mikayılzadə Zeynəb Elçin qızının it dişləməsi nəticəsində quduzluqdan dünyasını dəyişməsi diaqnozu dünən təsdiq edilib".

Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Respublika Taun Əleyhinə Stansiyanın Xüsusi təhlükəli yoluxucu xəstəliklərin epidemiologiyası şöbəsinin müdiri Rita İsmayılova deyib. O bildirib ki, bu hal cari ildə qeydə alınan ilk haldır.

R. İsmayılovanın sözlərinə görə, həmin uşağın valideynləri vaxtında müraciət edib, vaxtında müalicə tədbirləri görülüb və vaksinasiya həyata keçirilib: “Buna baxmayaraq, dişləmə çox təhlükəli yerlərdən - baş nahiyəsindən olduğundan vaksin təsir etməyib. Dişləmələr üz, alın nahiyəsindən, əl və barmaqlardan olarsa, vaksin çox zaman təsir etmir, orqanizmdə vaxtında immunitet yaranmır. Ötən gün qeydə alınan halda da uşaqda immunitet və hemoqlobin aşağı olduğuna görə xəstəlik ölümlə nəticələnib. Bu xəstəliyin inkubasiya dövrü 12 gündən başlayaraq 1 ilə qədərdir. Lakin vaksinasiya getsə belə, ölüm halı baş verə bilər. Bu, dişləmə yerindən və insanın immunitetindən asılıdır”.

R. İsmayılova qeyd edib ki, heyvan dişləməsi zamanı dərhal iynə vurulmasının vacibliyi ilə bağlı insanları maarifləndirmək lazımdır. Onun sözlərinə görə, tibb müəssisələrinə müraciət edilərək vaxtında müalicə alınmalıdır: “İnsanlar tərəfindən bəzən gecikmələr olur və bu da mənfi nəticələnir. Bəzən dişləmədən bir həftə sonra müraciət edirlər. Bu kimi halların qarşısını almaq üçün dişləmə günü müraciət etmək lazımdır, gecikmək olmaz. Sahibsiz heyvanlar insanlara qorxu törədir, onlar müxtəlif ərazilərdə gəzir və hər an insanlara hücum edə bilir. İnsanlar onlardan kənar gəzməlidir. Bəzən itə daş atma kimi hallar da baş verir ki, bunlar dişləməyə səbəb olur. Bu və ya digər hallardan kənar durmaq lazımdır”.

Nazirlik rəsmisi bildirib ki, ötən il ölkə üzrə 17 min insanı heyvan dişləyib. Onların arasında it dişləmələrinin üstünlük təşkil etdiyini (90%) söyləyən R. İsmayılova qeyd edib ki, pişik, çaqqal, siçovul və digər heyvanların dişləməsi halları da baş verir. Onun sözlərinə görə, ötən il it dişləməsi nəticəsində 3 nəfər quduzluq xəstəliyinə yoluxub və dünyasını dəyişib: “Bu ilin 6 ayı ərzində isə 6500 heyvan dişləməsi qeydə alınıb və onların arasında it dişləmələri əsas yer tutur”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
959 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...