İçərişəhərdə 80-dək binanın qəzalı vəziyyəti ilə bağlı RƏSMİ AÇIQLAMA

İçərişəhərdə 80-dək binanın qəzalı vəziyyəti ilə bağlı

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir, qəzalı binaların davamlı monitorinqi aparılır. Belə binaların sakinləri və müvafiq dövlət qurumları ilə sıx əməkdaşlıq şəraitində aparılan monitorinqlər qəzalılıq vəziyyətinə nəzarət etmək və zərurət yarandıqda, müvafiq tədbirlər görməyə imkan yaradır. Son bir neçə il ərzində İçərişəhərdə 80-ə qədər qəzalı vəziyyətdə olan binaların qəzalılıq vəziyyəti qabaqlayıcı tədbirlər nəticəsində aradan qaldırılıb".

Gundeminfo.az xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən İçərişəhərin bir qrup sakini tərəfindən məktuba cavab olaraq bildirilib.

Qeyd olunur ki, məktubda İçərişəhər, 2-ci Kiçik Qala döngəsi, ev 8 ünvanında yerləşən binada "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin icazəsi ilə təhlükəli tikinti işlərinin aparılması və nəticədə ətrafdakı binalara zərər vurulması barədə həqiqətə uyğun olmayan, qeyri-dəqiq informasiya yer alıb: "Sözügedən 2-ci Kiçik Qala döngəsi, 8 ünvanında yerləşən ikimərtəbəli binada da İdarə tərəfindən dəfələrlə monitorinqlər aparılıb və Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən binanın damındakı yüngül konstruksiyadan ibarət olan mansardın mövcud layihəyə, tikinti norma və qaydalarına, eləcə də standartlara uyğunluğu barədə rəsmi rəy təqdim olunub (Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin 2 iyun 2017-ci il tarixli 23698 saylı Rəyi).

Həmin rəy binada yüngül konstruksiyalı mansardın heç bir təhlükə yaratmadığını təsdiq edən müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş rəsmi sənəddir. Bu barədə müvafiq məlumatlar idarə tərəfindən sorğulara cavab olaraq məktubla müraciət etmiş sakinlərə dəfələrlə rəsmi olaraq çatdırılıb. Bu da qeyd olunmalıdır ki, məktubda imzaları qeyd edilmiş sakinlərin əksəriyyəti idarəyə rəsmi müraciət edərək müraciətdə qeyd olunanlardan tam xəbərsiz olduqlarını və məsələ ilə əlaqədar idarəyə qarşı iradlarının olmadıqlarını söyləyiblər".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
905 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...