Rövşən Rzayevdən Əli Həsənovun nəvəsi haqqında ilginc açıqlama — "Bu, onların şəxsi ailə işidir"
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat Rövşən Rzayev Baş nazirin müavini, “Qaçqınkom”un sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus “10-PP-203” dövlət qeydiyyat nişanlı “Mercedes Gelandewagen” avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqala münasibət bildirib.
R.Rzayev “Ölkə.Az”-a açıqlamasında deyib ki, sözügedən hadisə insan ölümünə səbəb olduğu üçün ağır yol qəzasıdır:
“Çox xoşagəlməz bir hal baş verib və bu avtomobil qəzası nəticəsində insanlar həyatlarını itirib, yaralanıblar. Digər tərəfdən isə sürücü də cavan uşaqdır. Ölən insanlara görə sürücü ömrü boyu adı ləkəli qalacaq. Bu həyatdır və çox təəssüf ki, hər bir insanın başına gələ bilər. Bütün bunlar xoşagəlməz hadisələrdir. Allah bu cür hadisələri hamıdan uzaq etsin”.
Deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir:
“Burada hər kəs öz əməlinə görə qanunlar qarşısında məsuliyyət daşıyır və cavab verir. Mətbuatdan da oxuyuruq ki, hüquq-mühafizə orqanları bu hadisəyə ədalətli qiymət verirlər. İnanıram ki, məsələ tam ədalətli qiymət veriləcək. Əli Həsənovun yüksək vəzifədə olmasının nəvəsinin harınlamasına səbəb olması məsələsinə gəldikdə, mən bu barədə heç bir fikir söyləyə bilmərəm. Bu onların şəxsi ailə işidir. Mənə elə gəlir ki, bizim başqalarının ailə işlərinə qarışmağımız doğru olmazdı. Ancaq hamı öz əməlinə görə dövlət və qanun qarşısında cavab verməlidir. Əminəm ki, bu belə də olacaq. Hazırda bu hadisə ilə bağlı istintaq gedir. Yəqin ki, qəzanı törədən əməlinə görə cavab verəcək. Artıq məhkəmənin hökmü ilə sürücü Nail Allahverdiyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri də seçilib. Təbii ki, heç kəs dövlətin qanunlarından üstün ola bilməz. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də qanun öz sözünü deyəcək”.
1255 dəfə oxundu