“Prezident Administrasiyasına və nazirlərə tapşırıram ki…” – İlham Əliyev mühüm tapşırıq verdi
“Növbəti illərdə əkin sahələrini genişləndirmək lazımdır. Bu məqsədlə dövlət və bələdiyyə mülkiyyətindəki əkinəyararlı və davamlı su təminatı olan torpaq sahələri ayrılmalıdır. Tütün istehsalçılarına güzəştli şərtlərlə kreditlər verilməlidir. Bu, lazımi səviyyədə deyil. Ona görə, bu sahəyə xüsusi diqqət göstərilməlidir”.
Bunu Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
O qeyd edib ki, Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə tütünçülüyün inkişafı üçün xüsusi bir plan tərtib edilməlidir: “Burada da bu təklif səsləndi ki, bizdə qəbul məntəqələri və qurutma kameraları lazımi səviyyədə deyil. Yəqin bunun da səbəbi ondan ibarətdir ki, – mən də bunu qeyd etdim, – iki il bundan əvvəl cəmi üç rayonda tütün istehsal olunurdu, indi isə 13 rayonda. Bu rayonlarda istehsal artacaq. Ona görə, hər bir rayonda qəbul məntəqəsi və qurutma kameraları olmalıdır. Dövlət öz dəstəyini göstərməyə hazırdır.
Mən İqtisadiyyat Nazirliyinə, Kənd Təsərrüfatı Nazirliyinə, Prezident Administrasiyasına tapşırıram ki, bu məsələ ilə məşğul olsunlar, bu kameralar tezliklə alınsın. Dünən bir qəbul məntəqəsində olarkən mənə məlumat verildi ki, hətta biz bu kameraları Azərbaycanda da istehsal edə bilərik. Hesab edirəm ki, bu, mümkündür, burada heç bir çətin məsələ yoxdur. Əgər mümkündürsə, bunun yəqin ki, texnoloji xüsusiyyətləri var. Tezliklə bu istehsal sahələri yaradılmalıdır. Çünki mənə dünən verilən məlumata görə, tütünün xüsusiyyəti ondan ibarətdir ki, onu uzaq məsafəyə daşımaq çətindir və keyfiyyət itir. Ona görə, tütünçülüklə məşğul olan hər bir rayonda qəbul məntəqələri, qurutma kameraları tezliklə təmin edilməlidir.
Dünən tütün fabrikinin işi ilə tanış olarkən gördüm ki, orada yeni avadanlıq quraşdırılıb. İndi bu fabrik tam istehsal tsiklini özündə ehtiva edir. Belə olan halda, bizim ixrac imkanlarımız da artacaq. Biz həm xam tütün, həm də hazır tütün ixrac edirik və ixracın coğrafiyasını genişləndirməliyik.
Mən bir neçə həmkarımla – xaricdən tütün idxal edən ölkələrin başçıları ilə görüşlər əsnasında bu məsələni qaldırmışdım ki, bu ölkələr tütünü Azərbaycandan alsınlar. Bu da artıq öz nəticəsini verir. Bizim ixrac coğrafiyamız artır. Bizim tütünümüz keyfiyyətlidir. Ona görə, hesab edirəm, biz növbəti illərdə artan istehsalı gərək indidən planlaşdıraq ki, bunu hansı bazarlara ixrac edək”.
APA
1144 dəfə oxundu