Vigen Sarkisyana hərbi ekspertdən cavab — "Azərbaycan genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır"
Erməni nazir bunu onunla əsaslandırıb ki, genişmiqyaslı müharibənin nəticələri problemi hərb yolu ilə həll etmək istəyən tərəfin istədiyi istiqamətdə inkişaf etməyə də bilər. Genişmiqyaslı müharibə risklidir və nəticəsində Azərbaycan dövləti və iqtisadiyyatı zərər çəkəcək.
Erməni müdafiə nazirinin səsnlədirdiyi fikirlərə hərbi ekspert Üzeyir Cəfərov "Ölkə.Az"-da cavab verib:
"Ermənistan müdafiə naziri Vigen Sarkisyanın hərbidən başı çıxmasa da, hərbi sahə haqqında nəsə deməyə çalışır. Ancaq o, çalışıb erməni silahlı qüvvələri haqqında nələrisə desin, çünki onun Azərbaycan silahlı qüvvələrini öyrənməyə çox vaxta ehtiyacı var. Ona görə ki, onun əsəbiliyi, gərginliyi jurnalistin ona ünvanladığı suala saymazyana münasibətindən göründü. O adam öz ordusundan bixəbərdir, ancaq Azərbaycan ordusundan danışmağa cəhd edir. O haradan bilir ki, Azərbaycan silahlı qüvvələri genişmiqyaslı əməliyyatlara başlamayacaq? Ola bilsin ki, o, özü özünü sakitləşdirir. Onun zərrə qədər şübhəsi olmamalıdır ki, Azərbaycan tərəfi heç zaman nə prezident səviyyəsində, nə müdafiə naziri səviyyəsində, nə də mətbuat və ictimaiyyət səviyyəsində o fikiri səsləndirməyib ki, Azərbaycan Qarabağdan əlini üzüb. Vigen Sarkisyanın yuxusu, xam xəyalı ola bilər ki, Azərbaycan müharibəyə başlamasın".
"Azərbaycanın son zamanlar aldığı silahlara münasibətim mənfidir"- deyən Vigen Sarkisyanın bu fikrinə isə hərbi ekspert belə münasibət bildirdi:
"Azərbaycanın son zamanlar aldığı silah-sursat Vigen Sarkisyanın ərşə çəkilmiş yuxusunu daha da qarışdıracaq. Azərbaycanın Rusiyadan, İsraildən aldığı silahlar Vigen Sarkisyanı sözün əsl mənasında havalandırıb".
Vigen Sarkisyanın "Azərbaycan son 10 gündə 8 əsgər itirib"-açıqlamasını isə Üzeyir Cəfərov həyasızlıq adlandırıb:
"Erməni müdafiə naziri elə bir rəqəm desin ki, heç olmasa şəhidlərin sayı ilə cüzi də olsa yaxınlığı olsun. Müharibədə itkilər olub, var və olacaq. Bizim son günlər erməni təxribatını dəf edərkən 2 əsgərimiz şəhid olub və bu mətbuatdan gizlədilməyib. Ermənilər ölmüş əsgərlərini işğal olunmuş ərazilərdə basdıra bilərlər və basdırırlar, ancaq Azərbaycanın elə bir ərazisi və elə bir əsgəri yoxdur ki, o, başqa ölkənin vətəndaşı olsun və onu gizlin bir yerdə dəfn edib, valideynlərindən gizlədək.
Vigen Sarkisyan bilməlidir ki, Azərbaycan genişmiqaslı hərbi əməliyyatlara hazırlaşır və təlimlər də onu deməyə əsas verir ki, yaxın vaxtlarda Azərbaycan bu məsələ ilə bağlı ciddi bir qərar qəbul edəcək".
963 dəfə oxundu