Azərbaycanda dollar nə qədər bahalaşa bilər? - Deputat FED-in QƏRARINI ŞƏRH ETDİ
Xəbər verdiyimiz kimi, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FED) Açıq Bazar Əməliyyatları üzrə Komitəsinin (FOMC) iclası yekunlaşıb.
Proqnozlaşdırıldığı kimi, FED uçot dərəcəsini 0,75-dən 1-1,25 faizədək artırıb. Artıq Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Honq-Konqun tənzimləyiciləri müvafiq olaraq uçot dərəcəsini 0,25% artırıb. Qərarlar FED-in bəyanatından dərhal sonra verilib.
Bəs Azərbaycanda uçot dərəcəsi və dolların məzənnəsi artacaqmı?
Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Unikal.org-a mövzu ilə bağlı şərh edib.
O bildirib ki, FED-in uçot dərəcəsini növbəti dəfə artırması Azərbaycana da təsirsiz ötüşməyəcək:
"FED bu addımı nə vaxt atıbsa, dünyada milli valyutalara öz təsirini göstərib. İstər avro, istər digər dövlətlərin milli valyutasına bu öz təsirini göstərməyə bilməz. Çünki dollar yeganə valyutadır ki, dünyanın bütün maliyyə bazarlarında fəaliyyət göstərir”.
FED-in son qərarının Azərbaycana konkret təsirinə gəlincə, V.Əhmədov qeyd edib ki, bu birbaşa olmasa da maliyyə bazarında müəyyən qədər ajortaj yarada bilər: "Ola bilər ki, manatın məzənnəsində müəyyən dəyişiklik olsun. Amma hələlik milli vayutamız tələb-təklif əsasında maliyyə bazarında öz işini görür. Manatın xarici valyutalara kursu maliyyə institutlarının verdiyi tələb və təkliflər əsasında, o cümlədən neftin dünya bazarındakı qiyməti, idxal-ixrac əməliyyatları ilə tənzimlənir və sonda üzən məzənnə siyasəti ilə müəyyənləşir. İnanmıram ki, yaxın günlərdə FED-in qərarı manatın məzənnəsinə ciddi təsir göstərsin. 1-2 qəpik təsir göstərmək imkanı var. Amma FED uçot dərəcəsini artırmaqda davam edərsə, təbii ki, dünyanın digər valyutalarına olduğu kimi, manata da ciddi təsir göstərəcək”.
1002 dəfə oxundu