ADB “Cənub Qaz Dəhlizi”nə 500 mln. dollar ayırıb

ADB “Cənub Qaz Dəhlizi”nə 500 mln. dollar ayırıb


Asiya İnkişaf Bankının (Asian Development Bank, ADB) 50 illik yubileyinə təsadüf edən və "Asiyanın rifah və tərəqqisini birlikdə quraq" devizi altında 4-7 may tarixlərində Yaponiyanın Yokohama şəhərində keçirilən ADB-nin Rəhbərlər Şurasının İllik Toplantısı öz işini başa vurub.


Maliyyə Nazirliyindən “APA-Economics”ə verilən məlunata görə, toplantıda maliyyə naziri, bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.


Rəhbərlər Şurasının mayın 6-da keçirilən iclasında çıxış edən S.Şərifov prezident İlham Əliyevin rəhbərliyi altında hökumət tərəfindən həyata keçirilən iqtisadi islahatlar barədə geniş məlumat verib, neftin kəskin ucuzlaşması fonunda hökumət tərəfindən atılan qabaqlayıcı addımlar nəticəsində makroiqtisadi sabitliyin tez bir zamanda bərpa olunduğunu vurğulayıb. Nazir qeyd edib ki, aparılan kompleks struktur islahatları pul-kredit siyasəti və maliyyə sektorunun tənzimlənməsinin gücləndirilməsi ilə yanaşı iqtisadiyyatın diversifikasiyası və qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, ixracın təşviqi, biznes mühitinin daha da yaxşılaşdırılması və investisiyaların cəlb edilməsi istiqamətlərini əhatə edir.


İllik toplantı çərçivəsində Yaponiyanın maliyyə naziri Taro Aso, ADB-nin prezidenti Takehiko Nakao, vitse-prezidentlər Vencay Jang, Divakar Qupta və digər rəsmilərlə keçirilən görüşlərdə qarşılıqlı əməkdaşlığın genişləndirilməsi və ölkəmizdə həyata keçirilən bir sıra layihələrə o cümlədən yol-nəqliyyat, su təchizatı, irriqasiya, elektrik enerjisinin paylanması sahəsində layihələrə bankın verdiyi dəstək yüksək qiymətləndirilib.


ADB-nin prezidenti Azərbaycanın bankın dəyərli tərəfdaşı və vacib üzvü olduğunu, gələcəkdə bu əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduqlarını ifadə edib.

İllik Toplantı çərçivəsində, mayın 7-də “Cənub Qaz Dəhlizi” QSC və ADB arasında “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsinin dəstəklənməsi məqsədilə 500 mln. dollar məbləğində kreditin ayrılmasına dair müqavilə və Zəmanət sazişi imzalanıb.


İmzalanma mərasimində Cənub Qaz Dəhlizi layihəsinin strateji əhəmiyyəti bir daha vurğulanmış, ADB, Dünya Bankı, Asiya İnfrastruktur İnvestisiya Bankı və bir sıra digər beynəlxalq maliyyə institutları tərəfindən dəstəklənən bu transmilli layihənin Avropanın enerji təhlükəsizliyi və diversifikasiyası ilə yanaşı region ölkələrinin sosial-iqtisadi inkişafında mühüm rol oynayacağı vurğulanıb, bu layihənin uğurla başa çatdırılmasında ADB-nin dəstəyinin vacibliyi qeyd edilib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
962 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...