Azərbaycan yenə “iki od arasında”: Bəşər Əsəd məsələsində nə etməli?

Azərbaycan yenə “iki od arasında”:

Rusiyanın yüksək çinlisinin Bakı səfərindən sonra Amerika səfiri rəsmi Bakını Suriya siyasətində Qərbin yanında görmək istədiklərini dedi

ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutanın Suriya məsələsi ilə bağlı səsləndirdiyi son açıqlama diqqət çəkib. Amerikalı diplomat açıq şəkildə deyib ki, Azərbaycan Suriyada dinc təşəbbüslərə dəstək verməlidir. “Bizim gözləntimiz bundan ibarətdir. Biz istəyirik ki, Suriyada Bəşər Əsədin həyata keçirdiyi mənfur siyasətin qarşısının alınmasında Azərbaycan da köməklik etsin” deyə, səfir bildirib.

Qoşulmayanlar Hərəkatının üzvü olaraq Azərbaycanın bir sıra həssas dönəmlərdə neytrallığını qoruyub-saxlaması ölkəmizi risklərdən sığortalayıb. Vaxtilə İran ətrafında gərgin situasiya yarananda da Bakı qonşusuna qarşı güc tətbiqi prosesində iştirak etməyəcəyini deməklə təhlükəli proseslərdən özünü sığortalamağı bacarmışdı. Ancaq görünən budur ki, Vaşinqton-Moskva gərginliyinin pik həddə çatdığı bu günlərdə hər iki nəhəng Bakını öz yanında görmək istəyir.


Bir neçə gün əvvəl Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycan rəhbərliyi ilə görüşlərində də Suriya məsələsi əsas müzakirə mövzusu olmuşdu. Şübhə yox idi ki, rus yetkilinin Azərbaycandan istədikləri var. Ancaq ardınca amerikalı səfir də aydın şəkildə ölkəsinin istəyini dilə gətirdi. Belə görünür ki, Azərbaycan növbəti dəfə “iki od arasında” qalıb. Belə bir məqamda Bakının hansı mövqedən çıxış etməli olduğu, kimin yanında dayanmalı olduğu haqda mülahizələr səslənir. Konkret mövqe bildirməyin zəruri olduğunu deyənlərlə yanaşı, fərqli düşünənlər də var.

Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan Suriya məsələsində seçim qarşısında qalmayıb: “Kimsə rəsmi Bakıdan Suriya məsələsində onun yanında olmasını istəmir. Kimsə ”Azərbaycan bizim yanımızda olsun" deyə bilər, ancaq bu istəkdir, tələb deyil. Bizim Yaxın Şərqdə özəl maraqlarımız yoxdur. Biz Suriyada nə Əsədi dəstəkləyirik, nə də onu devirməyə çalışan qüvvələrin yanındayıq. Suriya ilə bağlı yeganə istəyimiz bu dövlətin ərazi bütövlüyünü qorumasıdır. Bu yanaşmamız isə Rusiya, Türkiyə, hətta Amerikanın da maraqları ilə üst-üstə düşür. Azərbaycanın əsas problemi işğal altındakı torpaqlarını azad etməkdir. Bütün diplomatik fəallığımız bu məsələnin həllinə yönəlib. Əlbəttə, biz dünyada baş verən proseslərlə maraqlanmalıyıq. Ancaq bu o demək deyil ki, hər problemlə bağlı rəsmi münasibət ortaya qoymalıyıq. Misal üçün, Qazaxıstan ərazi etibarilə Azərbaycandan böyükdür. Astana Moskvanın müttəfiqi olmasına baxmayaraq, Suriya məsələsində mövqe ortaya qoymur. Astana heç zaman açıqlamır ki, Suriya məsələsində Rusiya və Amerika düz və ya yanlış edir. Eləcə də Azərbaycan üçün bu keçərlidir".

E.Şahinoğlu hesab edir ki, diplomatiyada bəzən susmağa da ehtiyac var: “Məsələn, ötən il yüksək rütbəli diplomatlarımızdan biri Bəşər Əsədi qanuni hakimiyyət adlandırmışdı. Əslində bu açıqlamaya ehtiyac yox idi. Bir çox ölkə Bəşər Əsədi legitim prezident saymır, çünki minlərlə vətəndaşının qətlinə səbəb olub. Azərbaycanın strateji müttəfiqi Türkiyə də Əsədi qanuni prezident saymır. Belə olan halda biz niyə Əsədi qanuni prezident adlandırmalıyıq? Bunu deməyə bizi heç bir amil məcbur etmir, bunu deyəndə isə tərəfdaşlarımız narazı qalır. Ona görə də Suriya ilə vəziyyətə rəsmi səviyyədə verəcəyimiz cavab yalnız bu olmalıdır: ”Azərbaycan Suriyada müharibənin sona çatmasını və bu ölkənin ərazi bütövlüyünü istəyir". Bundan artıq verilən açıqlama Azərbaycana zərər verə bilər".

Politoloq Elçin Mirzəbəyli isə dedi ki, vəziyyət kritik olsa da, çıxılmaz deyil: “Azərbaycanın Suriya böhranının həlli ilə bağlı mövqeyi ortadadır. Bütün hallarda rəsmi Bakı beynəlxalq hüququn prinsiplərindən çıxış edir və edəcək. Suriya böhranının hüquqi həlli isə BMT Təhlükəsizlik Şurasında qəbul olunacaq sənədlərdən asılıdır. Əgər hazırda Suriya böhranında tərəf olan ölkələrdən hər biri, daha dəqiq desək, ABŞ və Rusiya razılığa gəlməyəcəklərsə, deməli, BMT Təhlükəsizlik Şurasında hər hansı bir sənəd qəbul olunmayacaq. Çünki BMT TŞ üzvlərinin veto hüququ var”. Ekspertin fikrincə, digər tərəfdən, Azərbaycan həm Rusiya, həm də ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətindən bu məsələdə də yararlana bilər: “Həmsədr ölkələr işğalçı ilə işğala məruz qalan arasında fərq qoymadan ”tərəflər razılığa gəlsinlər" dediyi kimi, Azərbaycan da “tərəflər razılığa” gəlsin prinsipi ilə çıxış edə bilər. Biz hər zaman olduğu kimi, beynəlxalq hüququn prinsiplərinə əsaslanmalıyıq. BMT TŞ-nin qətnamələrini əsas götürməliyik".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
876 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...